Sevdim səni” kitabının imza günü

 

 

 

   Məşhur şairlərin poetik fikirlərindən təsirlənərək yazılan kiçik sevgi hekayələri

  

   Fevralın 14-də paytaxtdakı Kitabevim.az kitab mağazasında yazıçı, publisist Pərvinin yeni nəşr olunmuşSevdim səni” esselər kitabının imza günü keçirildi. Nəşrin redaktoruön sözünün müəllifi Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri, Xalq yazıçısı Anardır.

   AYB-nin katibi, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid nəşr haqqında məlumat verdi. Bildirdi ki, “Xan” nəşriyyatında işıq üzü görən kitab “525-ci qəzet”in layihəsi əsasında çap edilib.

   Qeyd olundu ki, kitabda ən gözəl sevgi şeirləri ilə yanaşı, müəllifin həmin şeirlərə həsr etdiyi esselər də yer alıb. Bunlar ədəbiyyatşünas araşdırmaları deyil, şairlərin poetik fikirlərindən təsirlənərək yazılan kiçik sevgi hekayələridir. Kitab həmçinin ötən il Türkiyədə çap edilərək qardaş ölkənin oxucularına təqdim edilib.

   Azərbaycan Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov, Xalq şairi Sabir Rüstəmxanlı və başqaları çıxış edərək müəllifin yaradıcılıq məziyyətlərindən danışdılar. Vurğulandı ki, Pərvin perspektivli qələm sahibidir. O öz fikirlərini ifadə etmək üçün yalnız şəxsi mülahizələrinə, həyat təcrübəsinə, fərdi hislərinə arxalanmır. Məhəbbət haqqında əsrlər boyu yazılmış çox sayda şeirlərə əsaslanaraq sevgi barədə öz yozumlarını qələmə alır.

   Bildirildi ki, “Sevdim səni” kitabında verilən Azərbaycan (Nizami, İzzəddin Həsənoğlu, Füzuli, Hüseyn Cavid, Mikayıl Müşfiq, Məmməd Araz, Ramiz Rövşən və s.), Türkiyə (Yunus Əmrə, Aşıq Veysəl, Rza Tofiq, Nazım Hikmət və s.), eləcə də rus müəlliflərinin (Aleksandr Puşkin, Anna Axmatova, Marina Svetayeva, Boris Pasternak) unudulmaz sevgi şeirlərinə yazılmış təsirli hekayələr həssas oxucunu biganə qoymur.

  

   Lalə Azəri 

 

  Mədəniyyət.- 2017.- 15 fevral.- S.7.