Rusiyalı xoreoqrafın ustad
dərsləri
Bu günlər Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində rus bəstəkarı Aleksandr Borodinin “Qıpçaq rəqsləri” birpərdəli baletinin səhnələşdirilməsi ilə məşğul olan Sankt-Peterburq Mixaylovsk Opera və Balet Teatrının xoreoqrafı, Rusiyanın Əməkdar artisti Sergey Moxnaçov Bakı Xoreoqrafiya Akademiyasının şagird və tələbələri üçün ustad dərsləri keçib.
Ustad dərsinin iştirakçıları klassik rəqsdə müasir meyllər və yeni üslublar barədə məlumat alıb, xoreoqrafın göstərdiyi bəzi rəqs elementlərini izləyiblər.
Ustad dərsində qeyd olunub ki, dünya inkişaf etdikcə insanın hərəkət və ifadələri də transformasiyaya uğrayır və bu, rəqsdə də öz əksini tapır. Buna görə müasir rəqslərə yeni nəfəs gətirmək üçün ilk növbədə bütün rəqslərin əsası sayılan klassik rəqsi qoruyub saxlamaq, yaşatmaq və hətta müvafiq prinsiplərə uyğun olaraq zənginləşdirmək lazımdır.
Daha sonra qonağın Bakı Xoreoqrafiya Akademiyasının rəhbərliyi ilə görüşündə ustad dərsi barədə fikir mübadiləsi, gələcək əməkdaşlığa dair müzakirələr aparılıb.
Mədəniyyət.-
2017.- 15 fevral.- S.7.