Özbəkistan telekanalında Azərbaycana həsr olunan proqram
Daşkənddəki “Dunyo boylab”
televiziya kanalında özbək dilində “Telesayohat Ozarbayjon” adlanan ikihissəli proqram nümayiş etdirilib.
Özbəkistandakı
səfirliyimizin nəzdindəki
Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin
(AMM) layihəsi əsasında
reallaşan proqramın
1-ci hissəsində Azərbaycan
paytaxtı Bakının
turizm imkanları, tarixi binaları, turistlərin səyahət
etdiyi maraqlı məkanlar, ölkəmizin
mədəniyyəti, adət-ənənələri,
son illər əldə
edilmiş nailiyyətlər
geniş işıqlandırılıb.
Verilişdə
Heydər Əliyev Beynəlxalq Aeroportu, Qız qalası, İçərişəhər, “Ginnesin rekordlar kitabı”na düşən
möhtəşəm Bayraq
meydanı, habelə müasir memarlıq nümunələri, Heydər
Əliyev Mərkəzi,
“Alov qüllələri”,
Xalça Muzeyi və s. haqqında da məlumatlar verilir.
Proqramda Xalça Muzeyi, burada saxlanılan qədim xalçalarımız
haqqında məlumatlarla
yanaşı, 2016-cı ilin
sentyabrında Mədəniyyət
və Turizm Nazirliyi və AMM-in birgə təşkilatçılığı
ilə İçərişəhərdə
özbək gənclərinin
çıxışı və
konsert proqramından kadrlar nümayiş etdirilir.
Verilişin 2-ci hissəsində Gəncə şəhəri,
şəhərin ümumi
mənzərəsi, Xan
bağı, Cavad xanın məqbərəsi,
Nizami məqbərəsi
göstərilir və
onların tarixi haqqında danışılır.
Ötən il Gəncədə
keçirilən Türkdilli
Ölkələrin Gənclər
Festivalı barədə
də verilişdə
süjetlər təqdim
edilir, Azərbaycan təbiətinin incisi Göygöl haqqında danışılır.
AMM bu verilişləri geniş tamaşaçı kütləsinə
çatdırmaq məqsədilə
“youtube.com” səhifəsində də yerləşdirib
(https://www.youtube.com/watch?v=PoYI99Qk3-0).
Mədəniyyət.-
2017.- 15 fevral.- S.8.