Həftəsonu Milli
İncəsənət Muzeyində maraqlı anlarla
yadda qaldı
Muzeylər tarixi irs nümunələrinin, mədəniyyət və incəsənət sərvətlərinin saxlanc və nümayiş yeri olmaqla yanaşı, həm də yerləşdikləri ölkənin, şəhərin tanıdılmasında mühüm yeri olan məkanlardır. Bu baxımdan Bakıda yerləşən muzeylər də ölkəmizin təbliğ olunmasında böyük rol oynayır. Muzeylərdə ziyarətçilər üçün vaxtaşırı müxtəlif kampaniyalar, endirim aksiyaları və “açıq qapı” günləri keçirilir. Belə aksiyalar daha çox bayram və tətil günlərində təşkil olunur.
Hər zaman yerli və xarici turistlərin diqqətini çəkən Azərbaycan Milli İncəsənət Muzeyi də ötən həftəsonu - fevralın 11-12-də yerli vətəndaşlar üçün muzeyə giriş haqqına endirim edərək 1 manat müəyyənləşdirmişdi. Aksiya haqqında məlumat verən muzeyin Elmi-kütləvi işlər şöbəsinin müdiri Rəfiqə Quliyeva bildirdi ki, burada mütəmadi olaraq ziyarətçilər üçün müxtəlif tədbirlər, təşviqedici layihələr təşkil edilir: “Başladığımız yeni endirim kampaniyası artıq bu ilin əvvəlindən ikinci belə aksiyadır. İlk aksiyanı yanvarın 28-də - məktəblilər üçün qış tətili günlərində təşkil etmişdik. Bundan əlavə, 3 və 4 yanvar tarixində 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə də “Yeni il hədiyyəsi” adlı aksiya keçirmişik”.
Şöbə müdiri deyir ki, bu aksiya çərçivəsində həftəsonu üçün xüsusi proqram da hazırlanıb: “Kiçikyaşlı uşaqlar üçün müxtəlif əyləncəli oyunlar təşkil edirik. Uşaqlar üçün nağıl oxunur və müxtəlif oyunlar keçirilir. Eləcə də tematik ekskursiyalar, viktorinalar, psixoloqla görüş və “bacarıqlı əllər” adlı ustad dərsləri təşkil edirik. Muzeyimizə maraq yüksəkdir. Həm endirim aksiyaları təşkil etdiyimiz günlərdə, həm də adi vaxtlarda muzeyimizə çoxsaylı yerli və xarici turistlər, şagird və tələbələr üz tutur”.
Biz də muzeydə olduğumuz zaman müxtəlif yaşlı ziyarətçilərlə qarşılaşdıq. Aksiya çərçivəsində təşkil olunmuş “bacarıqlı əllər” adlı ustad dərslərində balacalar üçün rəsm çəkmək, çəkdikləri müxtəlif əşyaların fiqurlarını qayçı ilə kəsib ayırmağın asan yolları öyrədilirdi. Həmçinin fotoslaydlarla təqdim edilən nağıllar da balacaların marağına səbəb olurdu.
Muzeyi ziyarət edən bir neçə valideynlə söhbətləşib, təşkil olunan aksiya haqqında fikirlərini öyrəndik.
Uşaqlarını ilk dəfə bu muzeyə gətirən Bəhruz Hüseynov deyir ki, bura həm kiçiklər, həm də böyüklərə həftəsonunu maraqlı keçirmək üçün gözəl məkanlardan biridir. Milli İncəsənət Muzeyi zəngin eksponatları ilə hər kəsin marağına səbəb olacaq bir muzeydir: “Uşaqlar üçün təşkil olunmuş əyləncəli tədbirlər də təqdirəlayiqdir. Belə tədbirlər uşaqlarımızın gələcək inkişafına, onların ölkəmizin mədəniyyəti və incəsənəti haqqında biliklər əldə etməsinə yardımçı olur. İstərdik ki, belə aksiyalar başqa böyük muzeylərdə də keçirilsin”.
Muzeyə nəvələri ilə gələn Püstəxanım Səfərova deyir ki, həm orta məktəbdə, həm də ali məktəbdə təhsil alanda bu muzeyə tez-tez baş çəkib: “İndi nəvələrimi gətirmişəm. Fikirləşdik ki, biz də bu aksiyadan yararlanaq. Doğrudan da, burada çox maraqlı tədbirlər təşkil olundu. Uşaqlar üçün hazırlanan viktorinaları xüsusi qeyd etmək istəyirəm. Bu viktorinalar uşaqlarla yanaşı, biz valideynlər üçün də çox maraqlı oldu. Sevinirik ki, uşaqlarımızın intellektual böyüməsi üçün bu cür tədbirlər təşkil olunur”.
Müsahibim deyir ki, məktəblərdə təsviri sənət dərslərinə maraq göstərən uşaqların belə məkanları ziyarət etməsi çox faydalı olardı. Çünki Milli İncəsənət Muzeyində sərgilənən əsrlərlə tanışlıq gələcəkdə onların bu sahədə inkişafına müsbət təsir göstərə bilər.
Fariz
Hüseynov
Mədəniyyət.-
2017.- 15 fevral.- S.9.