“Azərbaycanlılar qürur
duyulası insanlardır”
“Bakıdan Sidneyə 20 saata getmək mümkündür. Ümid edirəm ki, Avstraliyadan Azərbaycana və Azərbaycandan da Avstraliyaya gələn xeyli sayda turist görə biləcəyik”
Avstraliya İttifaqı Azərbaycan Respublikasının müstəqilliyini 26 dekabr 1991-ci ildə tanıyıb. İki dövlət arasında diplomatik münasibətlər 1992-ci ildə qurulub. 2012-ci ilin aprelində isə Azərbaycanın Avstraliyada səfirliyi təsis edilib. Avstraliya İttifaqının Ankara şəhərindəki səfirliyi eyni zamanda Azərbaycanda da akkreditə olunub. Səfir Ceyms Martin Larsenlə müsahibəmizdə ölkələrimiz arasında əlaqələrə nəzər saldıq.
- Cənab Larsen, Azərbaycanla Avstraliya arasında ümumi əlaqələri necə dəyərləndirirsiniz?
- Ölkələrimiz arasında dost münasibətlər mövcuddur. Doğrudur, iqtisadi əlaqələrimiz məhduddur. Lakin biz iki ölkə arasında əlaqələri təşviq etmək üçün çalışırıq. Düşünürəm ki, başqa məkanları, xalqları öyrənmək üçün mədəniyyət sahəsində fəaliyyətlər olduqca vacibdir. Məsələn, avstraliyalıların çoxu Azərbaycan haqqında düşünərkən yəqin ki, 2012-ci ildə Bakıda keçirilən “Eurovision” mahnı yarışmasını xatırlayırlar. Hesab edirəm ki, oxşar vəziyyət Avstraliya üçün də eynidir - yəni bizim də film və musiqilərimiz Azərbaycan auditoriyasına gəlib çatıb.
- Mədəni əlaqələr üçün hansı addımları məqsədəuyğun hesab edirsiniz? Bildiyim qədər, ölkələrimiz arasında təhsil əlaqələri də mövcuddur...
- Düşünürəm ki, əməkdaşlığın ən yaxşı yolu insanlarımızı bir-biriləri ilə əlaqə qurmağa həvəsləndirməkdi. Bu münasibətlərin içində biznes əlaqələri, təhsil mübadiləsi və hər iki istiqamətdə turizm axını olmalıdır. Təhsil əlaqələrinə gəlincə, bu, bizim əməkdaşlığı genişləndirmək istədiyimiz sektordur. Biz daha çox azərbaycanlı tələbəni Avstraliyanın universitetlərində görmək istəyirik. Eyni zamanda biz avstraliyalı tələbələrin Bakıda təhsil almalarını arzu edirik.
- Avstraliyada Azərbaycan icması da yaşayır. Maraqlıdır, onlar materik-ölkənin cəmiyyətinə necə uyğunlaşa biliblər?
- Avstraliyada 2011-ci il siyahıyaalmasına görə, ölkədə 450 nəfər Azərbaycan mənşəli insanın yaşadığı təsdiq olundu. Deyərdim ki, azərbaycanlılar iki ölkə arasında biznes və investisiya bağlarının təbliğində və təşviqində böyük işlər görürlər. Xoşagələn hal həm də ondan ibarətdir ki, ölkəmizdə Avstraliya-Azərbaycan-Türkiyə Dostluq Assosiasiyası fəaliyyət göstərir və hətta onların “Azərbaycanın səsi” radiosu da yayımlanır.
- İki ölkə arasında turizm əlaqələri barədə nə demək olar? Yəqin ki, burada da məsafə uzaqlığı bir problem kimi ortaya çıxır?
- Hava əlaqələrini inkişaf etdirməklə turizm əməkdaşlığını da genişləndirmək olar. Hazırda Avstraliyaya getmək elə də çətin deyil. Bakıdan Sidneyə 20 saata getmək mümkündür. Ümid edirəm ki, Avstraliyadan Azərbaycana və Azərbaycandan da Avstraliyaya gələn xeyli sayda turist görə biləcəyik.
- Avstraliya təbii gözəllikləri olan ölkədir. Bu baxımdan azərbaycanlı turist üçün hansı maraqlı məkanları qeyd edə bilərsiniz?
- Həqiqətən də, insanlar daha çox Avstraliyanın təbii gözəlliklərini görməyə meyl edirlər. Buraya “Böyük Sədd rifi” - dünyanın ən böyük sualtı mərcan qayalıqlarının olduğu əsrarəngiz məkan, gözəl çimərlikləri, Avstraliya faunası - kenquru və koalalar və s. daxildir. Sidney və Melburn kimi böyük kosmopolit şəhərlər də turistləri cəlb edir. Bundan başqa, Avstraliya min illər əvvələ dayanan yerli mədəniyyəti ilə də zəngindir.
- Azərbaycana səfir təyinatını necə qarşıladınız və ölkəmizlə tanışlıq sizdə hansı təəssüratı yaratdı?
- Azərbaycanda heç vaxt olmadığım üçün çox həyəcanlı idim. Ölkəniz haqqında geniş məlumata da malik deyildim. Lakin bu vəzifəni yerinə yetirməyə başladıqdan sonra Bakıya dörd dəfə səfər etmək xoşbəxtliyini yaşadım və bu səfərlərimin birində Naxçıvana da getdim. Naxçıvan mənə füsunkar məkan təsiri bağışladı. Ölkənizə səfər etməzdən öncə düşünürdüm ki, Azərbaycan Türkiyəyə bənzəyir. Lakin gedib gördükdən sonra anladım ki, bu ölkələr arasında kifayət qədər fərq var. Məsələn, Bakıda gözəl binalar və geniş xiyabanlar insanda sanki bir Avropa hissi yaradır. Azərbaycan zəngin tarixi olan ölkədir, azərbaycanlılar isə qürur duyulası insanlardır, inanılmaz dərəcədə qonaqpərvərdirlər. Yəni hər dəfə Azərbaycandan belə bir xoş təəssüratlarla ayrılıram.
Mehparə Sultanova
Ankara
Mədəniyyət.- 2017.- 15 fevral.- S.10.