Kızılordanın da
öz Dərviş Məstəli
şahı var...
Fevralın 8-də Qazaxıstan Respublikasının N.Bekejanov adına Kızılorda Dövlət Musiqili Dram Teatrında Azərbaycan dramaturgiyasının banisi Mirzə Fətəli Axundzadənin “Müsyö Jordan və dərviş Məstəli şah” komediyasının premyerası keçirilib. Tamaşanın məsləhətçisi, S.Rəhman adına Şəki Dövlət Dram Teatrının baş rejissoru, Əməkdar incəsənət xadimi Mirbala Səlimli dost ölkədən qayıdan kimi redaksiyamızla əlaqə saxlayaraq, həmin tamaşa barədə təəssüratlarını oxucularımızla paylaşdı:
- Əsərin məzmunu Azərbaycan tamaşaçısına məlumdur. Qazax həmkarlarımız bu tamaşanı “Getməyəcəksən! Dedim, qurtardı, getməyəcəksən...” adı altında hazırlasalar da, əsərin məzmununa heç bir müdaxilə edilməyib. Tamaşanın quruluşçu rejissoru Qazaxıstanın Əməkdar artisti Murat Axmanov Axundzadə dramaturgiyasının üslubunu gözəl hiss edib, komik və dramatik vəziyyətləri bir-birinin içində "yoğuraraq" komediyanın daha dərin anlamını yaratmağa çalışıb. Səhnə tərtibatında əsas olaraq Qarabağ xalça və kilimlərinin naxış elementlərindən istifadə edilib. Qazaxıstanın Əməkdar mədəniyyət işçisi, rəssam Serik Pirmaxan Qarabağ xalça məktəbinin nümunələrini dərindən öyrəndiyindən, bədii tərtibatda Qarabağın koloritini belə xalça ilmələri ilə göstərməyə müvəffəq olub. Tamaşada əsas rolları Bakıtbek Alpısbay (Hatəmxan ağa), Zalipa Tölepova (Şəhrəbanu xanım), Zuxra Saypi (Şərəfnisə xanım), Kanat Arxabayev (Şahbaz bəy), Bakitbek Temirbekov (Müsyö Jordan), Uğım Baymaxanov (Dərviş Məstəli şah) və Marjan Əbişeva (Gülçöhrə) ifa edirlər.
- Qazaxıstan teatralları tamaşanı necə qarşıladılar?
- Böyük Mirzə Fətəli bu əsərində Şərq insanı üçün xarakterik olan məqamlara toxunub. Buna görə də Dərviş ilə Alimin sərgüzəştlərindən bəhs edən əsəri istənilən mühitdə oynamaq, göstərmək olar. Əgər quruluş uğurludursa, tamaşaçı onu mütləq rəğbətlə qarşılayacaq. Qeyd edim ki, premyerada Kızılorda vilayətinin başçısı Kırımbek Koşerbaev, müavini Ruslan Rüstemov, mədəniyyət, arxiv və sənədlər idarəsinin rəhbəri Erjan Abdraxmanov da salonda idilər və onlar da bu tamaşanı Azərbaycan və Qazaxıstan teatr sənətinin uğuru kimi qarşıladılar.
- Maraqlıdır, bizim də bu tamaşanı görmək şansımız olacaq?
- Bildiyim qədər, bu ilin aprelində ölkəmizdə Qazaxıstanın Kızılorda vilayətinin mədəniyyət günləri keçiriləcək. "Getməyəcəksən! Dedim, qurtardı, getməyəcəksən..." tamaşasının həm Bakıda, həm də Mirzə Fətəlinin vətəni Şəkidə oynanılacağı barədə məlumatım var. Əminəm ki, bu tamaşa iki qardaş xalq arasında mədəni əlaqələrin möhkəmlənməsinə yardım edəcək.
Gülcahan
Mədəniyyət.-
2017.- 15 fevral.- S.10.