Böyük ömrün dəyəri

 

 

 

  Görkəmli jurnalist-publisist Fazil Rəhmanzadənin anadan olmasının 75 illiyi münasibətilə

  

   Məşhur qələm ustası Fazil Rəhmanzadənin mətbuatda ilk yazısının dərc olunmasından 58 il ötür. 1959-cu ildə 17 yaşlı Fazil o zamankı “Azərbaycan bədən tərbiyəçisi” qəzeti redaksiyasında korrektor kimi əmək fəaliyyətinə başladığı zaman qəzetdə kiçik bir xəbəri dərc olundu. Sonra həmin xəbərlər get-gedə həcmcə böyüdü.

   1961-ci ildən fəaliyyətini “Bakı” qəzeti redaksiyasında davam etdirdi. Mətbuat aləmində onun möhtəşəm yazıları yavaş-yavaş dünyaya göz açdı. Beş ildən sonra Fazil Rəhmanzadə redaksiyada ədəbiyyat və incəsənət şöbəsinin müdiri idi. Beləliklə də onun həm istedadının təzahürü kimi dərin mündəricəli, rəngarəng səpkili yazıları qəzetin səhifələrində mütəmadi yer aldı, həm də əla təşkilatçılıq bacarığı özünü qabarıq büruzə verdi.

   Məhz bu vacib keyfiyyətlərinə görə də o, respublikanın ən görkəmli yaradıcı sənət xadimlərini redaksiyanın ətrafında cəmləməyə müvəffəq oldu. Bilavasitə Fazil Rəhmanzadənin təşəbbüsü ilə müxtəlif və rəngarəng rubrikalar həyata vəsiqə aldı. “Bizim sənətkarlarımız”, “Yazıçılarımızın otağında” , “Aktyorlarrollar”, “İlk addımlar”, “Yaradıcı gənclik”, “Yeni tamaşalar”, “Teatrlarımızın məşq salonlarında”, “Səhnədə görmədiyimiz adamlar”, “Ekranda görmədiyimiz adamlar”, “Yeni filmlər” və s. bu səpkili rubrikalar altında ədəbiyyat, mədəniyyət, incəsənət aləminin bütün spektrləri, yaradıcı sənət ustalarımızın həyat və fəaliyyətləri genişliyi ilə işıqlandırılırdı. Şöbənin bu yaradıcılıq işinin dəyərli yöndə mənası vardı: öncə gənclərin maarifçilik sahəsində daha da zənginləşmələri, estetik zövqlərinin genişlənməsi sahəsində mühüm rol oynayırdı.

   Yeri gəlmişkən, bəstəkarlar, rəssam və heykəltəraşlar, aktyorlar, rejissorlar “Bakı”nı özlərinə doğma ev hesab edirdilər. Çünki sənət şöbəsinin müdiri olaraq Fazil Rəhmanzadənin burada bərqərar etdiyi xoş ab-hava, sənətçilərə isti münasibəti, qayğı və mehribanlığı əsas amil idi. İstedadlı jurnalistin həmin insanlarla sıx təması, bir çoxu ilə şəxsi yaradıcılıq dostluğu önəm kəsb edirdi. Dövrün sayılıb-seçilən qələm sahibləri, aktyor və bəstəkarları, rəssam və müğənniləri Fazillə dostluqdan zövq alırdılar. Çünki onun dərin intellekti, geniş dünyagörüşü, savadı belə bir yaxınlığa rəvac verirdi.

   Fazil Rəhmanzadənin mənzilindəki otağı bu baxımdan diqqət çəkir. Müxtəlif dövrlərdə nəinki respublikamızın, eyni zamanda dünyanın ən şöhrətli, dahi, yaradıcı sənət xadimləri ilə birgə fotoşəkilləri adama çox şey aşılayır. Həmin fotoların üzərindəki avtoqraflar isə Fazil Rəhmanzadə şəxsiyyətinə, qələminə və istedadına dəyərin, hörmət və ehtiram təzahürü qismindədir. Dmitri Şostakoviçlə, Mstislav Rostropoviçlə, Qara Qarayevlə, Fikrət Əmirovla, Rəşid Behbudovla, Müslüm Maqomayevlə, Rober Osseynlə, Rüstəm Hüseynzadə ilə, Tahir Salahovla, saysız-hesabsız digər sənət adamları ilə lentə alınmış fotoşəkillərin hər biri görkəmli jurnalist-publisistin böyük, mənalı ömrünün əvəzsiz çağlarının əks-sədasıdır.

   Fazil Rəhmanzadənin Heydər Əliyev, Süleyman Dəmirəl kimi dünya miqyaslı siyasi xadimlərlə birgə fotoşəkilləri də çox diqqət çəkir.

   O, bir çox məşhur sənət adamı barədə irihəcmli kitabların müəllifidir. Nəsibə Zeynalovaya, Lütfiyar İmanova, Şəmsi Bədəlbəyliyə, ayrıca olaraq Bədəlbəylilərə, Tahir Salahova, Müslüm Maqomayevə, Ələsgər Ələkbərova həsr etdiyi kitablar maraqla qarşılanmışdır. Bu da təsadüfi deyil. Fazil Rəhmanzadə qələminin füsunkarlığı buna əsas səbəbdir. Ümumiyyətlə, Fazil müəllim 30-a yaxın kitabın müəllifidir və onların hər biri ciddi əməyin, məqsədyönlü axtarışların, arayıb-axtarmaq fəaliyyətinin nəticəsidir.

   Bu mənada onunJurnalistin cib dəftərindən” silsiləsindən nəşr olunan kitabları da xüsusi məna daşıyır. Həmin kitablarda müəllifin bir sıra tapıntıları ilə qarşılaşırıq və etiraf edək ki, bunlar həqiqi mənada qiymətli töhfələrdir. “İlk azərbaycanlı xoreoqraf”, “Karvanyolu uzaqdır”, “Aşıq Növrəs İmanın naməlum şəkli” və s. bu qəbildəndir.

   Görkəmli simalar - elm, mədəniyyət və incəsənət xadimləri, tədqiqatçı-araşdırıcılar, filoloqlar Fazil Rəhmanzadə yaradıcılığını daim yüksək qiymətləndirərək mətbuatda çıxan məqalələrində, habelə onun bir sıra kitablarına yazdıqları ön sözlərdə bunu ifadə etmişlər. Aşağıda belə qeydlərdən bəzilərindən kiçik parçalara diqqət edək.

  

   * * *

   Jurnalistin işi çətindir, məsuliyyətlidir. O, seçdiyi sənətə qəlbən bağlanmalı, yazdıqlarında ürəyinin bir parçasını qoymalı, öz xətti, öz yazı tərzi olmalıdır. Fazil Rəhmanzadə də belədir, fərdi yaradıcılıq üslubuna malik jurnalistdir. Onun qələmi axtarıcılıq qabiliyyətinə, ilhama, işgüzarlığa, özünü oxuculara sevdirmək bacarığına malikdir. Maraqlı adamları yenidən kəşf etməyə güclü meyli, elmi tədqiqata dərin həvəs, görkəmli bir sənətkarda başqalarının görüb, lakin əhəmiyyət vermədiyi, lazımlı cəhətləri iti jurnalist gözü, müşahidəsi ilə üzə çıxarmaq və bütün bunları təzə bədii təsvir vasitələri ilə oxuculara çatdırmaq bir jurnalist kimi Fazilin yazılarını fərdiləşdirir, ona xüsusi rövnəq verir”.

   

   Kamran Məmmədov

   filologiya elmləri doktoru, professor.

   Haradasa görüşmüşükkitabına ön söz (1994) 

 

   Müəllif Lütfiyar İmanovun ömür yolunu səhnə həyatını mərhələ-mərhələ araşdırır, dəqiq faktlar, dəyərli sənədlər hesabına oxuculara maraqlı məqamlar aşılayır.

   Fazil RəhmanzadəninOxuyan...ürəkdirkitabı yalnız bir sənətkara həsr olunsa da, burada ümumiyyətlə, teatrın tək-tək solistlərindən, operalarımızdan, müxtəlif tamaşaların siqlətindən, rejissor-dirijor-bəstəkar əlaqələrindən peşəkar dildə danışılır”.

  

   Mehdi Məmmədov

   SSRİ Xalq artisti, professor,

   Oxuyan...ürəkdirkitabına ön söz (1980)

  

   İstedadlı jurnalist Fazil Rəhmanzadə həmişə qəhrəmanının daxili dünyasına sirayət etməyə cəhd göstərir hər yazısında təzə forma olur - oxucunu qarşısındakı kitabı birnəfəsə başa vurmağa vadar eləyən gözəl bir forma. Fazil uzunillik yaradıcılıq fəaliyyətində çox sənət korifeyi ilə təmasda olub. O adamların da hamısında işıq var. Bax o işıq Fazil Rəhmanzadənin yazılarına damla-damla səpilib”.

  

   Tahir Salahov

   SSRİ Xalq rəssamı

   Nəğmə dolu könülkitabına ön söz (1985)

  

   Fazilin qəhrəmanları həmişə müxtəlif olub, bənzərsizlikləri ilə seçiliblər. “Bakı”da çalışdığı illərdə - oxucusu çox olan bu axşam qəzetinin səhifələrində Fazilin vaxtaşırı görünən özümlü bir guşəsi vardı. Adını qoymuşduJurnalistin cib dəftərindən”. O başlıq mötərizədə olsa da, bu kitabın adınacan gəlib çatıb. O başlıq bir növ Fazil yazılarının embleminə çevrilib. Daha bir başlıq var idi. Fazil onu işlətməyib, ancaq həmin başlığı mən onun əvvəllər çıxmış yazılarının, bu kitabının da ümumi adı kimi təsəvvür edə bilərəm: “İstedadlı Azərbaycan”. Çünki Fazil Rəhmanzadənin qəhrəmanlarının hamısı hansı fədakarlıqlarıylasa, hansı dəyərləriyləsə seçilən adamlardır”.

  

   Rafael Hüseynov

   Adın yadigar qalsınkitabına ön söz (1986)

  

   Fazil Rəhmanzadə doğrudan da hərtərəfli və ensiklopedik biliyə malik müqtədir qələm sahibidir. “Bu isimdə bir can...” deyilənlərə əyani sübutdur”.

   Bu müdrik qələm sahibi tükənməz, dərin intellektinin gücü ilə hər bir kitabında olduğu kimi son yaradıcılıq nümunəsində də özportretini” aydın göstərir. Müəllif oxucuya bildirir ki, bu intibah, sivil inkişaf - ümumbəşəri ideallar yolunda xalqımızın misilsiz tarixi, ruhi-mənəvi qələbələrinin nəticəsidir. Bu isimdə bir can...” şəxsən məni birona görə razı salır ki, müəllifin burada da çox mürəkkəb, çətin yaradıcılıq işinin uğurlu həlli naminə çəkdiyi böyük zəhmət hədər getməmişdir”.

  

   Məryəm Əlizadə

   sənətşünaslıq doktoru, professor.

   “Bu isimdə bir can...” kitabına ön söz (2016)

  

   * * *

   Azərbaycan mətbuatının dəyərli simalarından biri - “Qızıl qələm”, “Dan ulduzu”, “Humay”, H.Zərdabi mükafatları laureatı, Azərbaycanın Əməkdar mədəniyyət işçisi, görkəmli publisist Fazil Rəhmanzadəni yubileyi münasibətilə yenidən təsvirə gətirdiyimiz bu xoş deyimlər onun böyük yaradıcılıq həyatına, mənalı ömrünə misilsiz sayğı məhəbbətin təzahürüdür.

  

   Ədalət Abdinov

 

  Mədəniyyət.- 2017.- 15 fevral.- S.11.