“Türk dünyasının
öncülləri”
TÜRKSOY-un yeni layihəsinin
növbəti tədbiri Məhəmmədhüseyn Şəhriyara
həsr olunub
Fəaliyyətə başladığı vaxtdan bir-birindən maraqlı, mədəni layihələrə imza atan Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı - TÜRKSOY 2017-ci ildə də ənənəni davam etdirir. İlin əvvəlində bu sıraya “Türk dünyasının öncülləri” adlı layihə əlavə olunub.
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin TÜRKSOY-dakı nümayəndəsi Elçin Qafarlı bizimlə söhbətində layihə barədə məlumat verdi: “Bu layihə üzrə hər ay türk dünyasının görkəmli şəxsiyyətlərindən biri yada salınacaq, tanınmış simalar konfrans, panel və simpozium tədbirləri ilə xatırlanacaq. Bu tədbirlərin birincisini yanvar ayında keçirdik. Keçən il Xoca Əhməd Yasəvinin 850 illiyi idi. Bu ili də onun adı ilə açdıq. Bu silsilədən ikinci tədbirdə türk dünyasının böyük şairi Şəhriyar anılacaq”.
Məhəmmədhüseyn Şəhriyarın o taylı-bu taylı Azərbaycanın, ümumtürk ədəbiyyatının qüdrətli söz sənətkarı olduğunu vurğulayan E.Qafarlı qeyd etdi ki, böyük şairə həsr olunan konfransı Bakıdan dəvət olunan ədəbiyyatşünas, Azərbaycan Dövlət Pedaqoji Universitetinin professoru, Şəhriyar yaradıcılığının tədqiqatçısı Elman Quliyev aparacaq: “Ümumiyyətlə, məqsədimiz ondan ibarətdir ki, hər belə tədbirə bir alim dəvət olunsun, tədbirə gələnlərlə sual-cavab şəklində söhbət olsun, gəncləri maraqlandıraq, nəticədə bilməyənlər də türk dünyasının dahilərini tanısınlar”.
16 fevralda Ankarada, TÜRKSOY-un binasında keçiriləcək tədbir məruzə, sual-cavab və ədəbi-musiqili hissələrdən ibarət olacaq. Şəhriyar dünyası ilə maraqlanan hər kəs bu tədbirə qatıla bilər. Tədbirdə Cənubi Azərbaycandan vətənpərvər müğənni Yanar Sönməz çıxış edəcək. O, Türkiyədə, Dənizli şəhərində yaşayır. Həmçinin, Ankara universitetlərində oxuyan tələbələr böyük şairin şeirlərini söyləyəcəklər.
Qeyd edək ki, Şəhriyarla bağlı tədbir fevralın 17-də Əskişəhərdəki Anadolu Universitetində də keçiriləcək.
Mehparə Sultanova
Ankara
Mədəniyyət.-
2017.- 15 fevral.- S.14.