Görkəmli mətnşünas alim

 

 

 

   Milli ədəbiyyatımızın yorulmaz tədqiqatçıları arasında Əməkdar elm xadimi, filologiya elmləri doktoru, Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü Əziz Mirəhmədovun xüsusi yeri var. Alim fundamental tədqiqatları ilə yanaşı, geniş mətnşünaslıq fəaliyyəti ilə də elmi mühitdə şöhrət qazanıb.

   Əziz Mirfeyzulla oğlu Mirəhmədov 11 fevral 1920-ci ildə Bakıda dünyaya göz açıb. İlk təhsilini 25 nömrəli məktəbdə alıb. Orta təhsilini başa vurduqdan sonra Azərbaycan Pedaqoji İnstitutunun Filologiya fakültəsinə qəbul olunur. İlk məqaləsi hələ tələbə ikən “Azərbaycan müəllimi” qəzetində (1938) dərc edilir. 1941-ci ildə ali təhsilini başa vurur. Bir müddət Mərdəkandakı 156 nömrəli məktəbdə müəllim işləyir. Azərbaycan Dövlət Universitetinə (indiki BDU) dəvət olunur və Azərbaycan ədəbiyyatı kafedrasında baş müəllim kimi əmək fəaliyyətini davam etdirir.

   Ə.Mirəhmədovun tələbəsi olmuş Xalq şairi Bəxtiyar Vahabzadə xatirələrində müəllimi haqqında yazırdı: “...Gənc, ucaboy, qarayanız aspirant Əziz Mirəhmədov bizə dərs deyirdi. Gənc olmasına baxmayaraq, onda çılğınlığın, ötkəmliyin əlaməti belə yox idi. Çox asta və təmkinlə danışardı. İzah etmək istədiyi mətləbi yalnız faktlarla bizə dərk etdirməyə çalışardı”.

   İstedadı, dərin düşüncəsi ilə diqqətləri özünə cəlb etməyə başlayan gənc müəllim görkəmli alimlər Həmid Araslı və Məmməd Arif tərəfindən akademiyanın Nizami adına Ədəbiyyat və Dil İnstitutuna dəvət edilir. O, 1955-ci ildə “Mirzə Ələkbər Sabirin həyat və yaradıcılığı” mövzusunda namizədlik, 1976-cı ildə “Cəlil Məmmədquluzadə (Molla Nəsrəddin) və XX əsrin əvvəllərində Azərbaycan dövri mətbuat məsələləri” mövzusunda doktorluq dissertasiyalarını müdafiə edir.

   Ə.Mirəhmədovun bir mətnşünas alim olaraq əsas fəaliyyəti XIX əsrin sonu, XX əsrin əvvəllərində yaşayıb-yaradan ziyalıların, ədiblərin irsini tədqiq, tərtib və çap etdirmək olub. O, M.F.Axundzadə, H.Zərdabi, İ.Qutqaşınlı, M.Ə.Sabir, C.Məmmədquluzadə, M.Hadi, A.Şaiq, Ə.Hüseynzadə, Ə.Ağaoğlu və digər ədiblərin həyat və yaradıcılığına həsr olunan monoqrafiyakitablar, elmi məqalələr çap etdirir. Görkəmli alim bir müsahibəsində Ə.Hüseynzadə haqqında belə deyib: “Əli bəyin əsərlərində, şəxsiyyətində olan işığı, həqiqəti görə bilməmişik...” Ədəbiyyatşünas alim keçmişimizə aid hər bir çaların gənc nəslin yaddaşında yaşaması üçün əlindən gələni edib.

   Filologiya üzrə elmlər doktoru Şirindil Alışanov araşdırmasında Ə.Mirəhmədovun XX əsr ədəbiyyatı ilə bağlı faktik materialların üzə çıxarılmasındakı xidmətlərini yüksək qiymətləndirir: “...Müharibə illərində və bir qədər ondan sonra hətta ədəbi-tarixi faktların böyük bir hissəsinin sadəcə toplanılıb sistemə salınması və tədqiqata cəlb olunması vacib idi; bunsuz nə ədəbiyyat tarixinin bütöv mənzərəsini yaratmaq, nə də böyük problemlərin əsl elmi həllinə nail olmaq mümkün idi”.

   Ömrünün 60 ilini Azərbaycan ədəbiyyat elminin inkişafına həsr edən Əziz Mirəhmədov 1980-ci ildə akademiyanın müxbir üzvü seçilir. Azərbaycan ədəbiyyatşünaslıq və mətnşünaslıq elminə verdiyi töhfələrə görə “Əməkdar elm xadimi” fəxri adına layiq görülür. O, 18 kitabın, 500-dən artıq elmi məqalənin müəllifidir. AliminM.F.Axundov”, “Abdulla Şaiq”, “Sabir”, “Məhəmməd Hadi”, “Azərbaycan Molla Nəsrəddini”, “Satirik gülüşün qüdrəti”, “Ağlar-güləyən” monoqrafiyaları, “XX əsr Azərbaycan ədəbiyyatında satiranın inkişafına dair” , “Zakir və XIX əsr Azərbaycan satirası”, “XX əsrin əvvəllərində ədəbi hərəkat: tənqidi realizm” və s. məqalələri dəyərli elmi mənbələrdir. O, hələ gənc ikən “Müxtəsər Azərbaycan ədəbiyyatı tarixinin (1943-1944) hazırlanmasında yaxından iştirak edib. Sonrakı illərdə isə üçcildlik “Azərbaycan ədəbiyyatı tarixinin (1958-1960) əsas müəlliflərindən biri olub. Yorulmaz tədqiqatçının böyük səyi və gərgin əməyi sayəsində müxtəlif illərdə Cəlil Məmmədquluzadənin əsərlərinin ikicildliyi, üçcildliyi və altıcildliyi çapa hazırlanıb. Əziz Mirəhmədov bu nəşrlərin hər birinə müqəddimə və şərhlər yazıb.

   Monoqrafiya və kitabları bu günali məktəblərdə tədris olunan görkəmli alim 2002-ci ildə, 82 yaşında vəfat edib.

  

   Savalan Fərəcov

 

  Mədəniyyət.- 2017.- 15 fevral.- S.15.