TÜRKSOY-unTürk dünyasının öncülləri” layihəsi davam edir

 

 

   Məhəmmədhüseyn Şəhriyar Ankarada anıldı

  

   Xəbər verdiyimiz kimi, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı - TÜRKSOY-un layihələri sırasına 2017-ci ildə daha biri əlavə olunub. “Türk dünyasının öncülləri” layihəsi üzrə hər ay türk dünyasının görkəmli şəxsiyyətlərindən biri konfrans, simpozium və bədii-musiqili gecələrlə yada salınacaq. Bu silsilədən birinci tədbir yanvar ayında Xoca Əhməd Yasəviyə həsr olunmuşdu. Layihənin ikinci tədbirində türk dünyasının böyük şairi Şəhriyar anıldı.

   Fevralın 16-da TÜRKSOY-un Ankaradakı baş qərargahında keçirilən konfransda qurumun baş katibi Düsen Kaseinov, Bakıdan dəvət olunan ədəbiyyatşünas, Azərbaycan Dövlət Pedaqoji Universitetinin professoru, Şəhriyar yaradıcılığının tədqiqatçısı Elman Quliyev, Azərbaycanın, İranın, eləcə də digər ölkələrin Ankaradakı səfirliklərinin nümayəndələri, elm, mədəniyyət adamları, mətbuat nümayəndələri iştirak edirdi.

   Öncə TÜRKSOY-un fəaliyyəti, layihələri haqqında məlumatları əks etdirən film nümayiş etdirildi. Sonra şairin “Heydərbabaya salam” şeirindən parça səsləndirildi, həyat və yaradıcılığından bəhs edildi.

   Açılış nitqi ilə çıxış edən baş katib Düsen Kaseinov yeni başladıqları layihənin məqsəd və məramları haqqında məlumat verdi, Şəhriyardan bəhs etdi: “Şəhriyar Azərbaycanın, ümumtürk ədəbiyyatının qüdrətli söz sənətkarı olub. Qəzəl, qəsidə, rübailər qələmə alan şair təkcə Azərbaycana deyil, eyni zamanda keçmiş Sovet İttifaqındakı türkdilli respublikalara da təsir göstərib. “Heydərbabaya salamşeiri isə onun məmləkət həsrətini ortaya qoyan ən böyük əsəridir. O, iranlı olduğu qədər azərbaycanlı olub. Öz irsi ilə bütün dünyaya yol göstərən böyük şairdir”.

   Professor Elman Quliyev TÜRKSOY-un bu layihəsinin əhəmiyyətindən bəhs etdi. ədəbiyyatşünas alim Şəhriyarın bütün Şərq dünyasının nadir şəxsiyyətlərindən biri olduğunu vurğuladı: “Türkiyə də Qərb və Şərqin qovuşduğu yerdir. Şəhriyar dəfələrlə Türkiyəyə gəlmək istəyib, amma alınmayıb. Təsadüfi deyil ki, «Nazlı hilal ölkəsinə» adlı şeirini də Türkiyəyə həsr etmişdi. Lakin bu gün onun ruhu burdadır”.

   Sonra tədqiqatçı şairin həyat və yaradıcılığı haqqında məlumat verdi. Bildirdi ki, Şəhriyar təxəllüsü ilə tanınan, şeirlərini Azərbaycan türkcəsi və fars dillərində yazmış böyük Azərbaycan şairi Seyid Məhəmmədhüseyn Behcəti Təbrizi 1906-cı ildə İranın Şərqi Azərbaycan əyalətinin baş şəhəri Təbrizdə dünyaya gəlib: “Şəhriyarı XX əsr Azərbaycan poeziyasının nəhəngləri sırasına ucaldan ilk növbədə onun ölməz "Heydərbabaya salam" poeması olub. Əsər əslində şairin uşaqlıq yaddaşında yaşayan ucqar bir kəndin xiffəti ilə yazılsa da, qüdrətinin böyüklüyünə görə bütöv Vətən haqqında dastan kimi oxunur. Poema 1952-ci ildə yazılıb, 1954-cü ildə çap edilib. Hər bir dahi daha çox bir əsəri ilə yadda qalır. “Heydərbabaya salam" Şəhriyarın ən yaddaqalan poemasıdır”.

   E.Quliyev şairin keşməkeşli ömür yolundan, nakam sevgisindən də bəhs etdi. Bildirdi ki, Şəhriyardan bizə böyük bir irs qalıb. Yaradıcılığının çox hissəsi fars dilində olsa da, bütün hallarda o bir türk şairidir: “Onun böyüklüyü ondan ibarətdir ki, türk dünyasının böyük şairlərinin irsini öyrənib, onlardan qidalanıb”.

   Çıxışının sonunda alim belə bir tədbiri düzənlədiyi üçün TÜRKSOY-a bir daha minnətdarlığını bildirdi.

   Tədbirin bədii hissəsində Cənubi Azərbaycandan vətənpərvər müğənni Yanar Sönməz Şəhriyarın şeirlərinə bəstələnmiş mahnıları ifa etdi. O, Türkiyənin Dənizli şəhərində yaşayır. Bir-birindən gözəl ifaları iştirakçılar tərəfindən maraqla qarşılandı.

   Sonra Ankara Universitetlərində oxuyan tələbələr böyük şairin şeirlərini söylədilər.

   Sonda iştirakçı və qonaqlara mükafatlar təqdim olundu.

   Qeyd edək ki, Şəhriyarla bağlı tədbir fevralın 17-də Əskişəhərdəki Anadolu Universitetində də keçiriləcək.

  

   Mehparə Sultanova

   Ankara

 

Mədəniyyət.- 2017.- 17 fevral.- S.4.