“Bəxtiniz gətirib ki,
sizin bir məktəbiniz
var”
“Ümidvarıq ki, «Qıpçaq rəqsləri»
baleti gözəl rəqs ənənələrinə
malik Azərbaycanın sənətsevərlərinin
ürəyincə olacaq”
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında böyük rus bəstəkarı Aleksandr Borodinin «Qıpçaq rəqsləri» baletinin hazırlanması barədə məlumat vermişdik. Fevralın 18-də keçiriləcək premyera öncəsi tamaşaya quruluş verən Sankt-Peterburq Mixaylovsk Opera və Balet Teatrının rejissor-xoreoqrafı, Rusiya Federasiyasının Əməkdar artisti Sergey Moxnaçov ilə görüşüb söhbət etdik.
- Sergey, Azərbaycana xoş gəlmisiniz.
- Çox sağ olun. Artıq ikinci dəfədir ki, Bakıdayam. Bir neçə il əvvəl sizin teatrda «Xanım qız və xuliqan» baleti üzərində işləmişik. Kollektivlə də tanışam. Bu heyətlə işləmək xoşdur.
- Baletdə kollektiv digər teatr kollektivlərinə nisbətən bir qədər tez-tez dəyişir...
- Elədir. Amma ikinci gəlişimdə gördüm ki, tanıdığım, birgə işlədiyim artistlər hələ də truppadadır, onlarla köhnə dost kimi görüşdük. Düzdür, xeyli yeni, gənc kadr da var.
- Son zamanlar bizim balet truppası ilə bağlı müəyyən fikirlər formalaşdırmağa çalışanlar var. Kənardan baxış daha iti olur: ifaçılıq baxımından onları necə gördünüz?
- Fiziki cəhətdən bütün truppa yaxşı formadadır, o ki qaldı yeni əsər üzərində işə kimin nə qədər hazır olmasına, bunu məşq prosesi göstərir. Çünki elə artist var ki, yeni əsər üzərində çalışmağa başlayarkən işin əvvəli ləng gedir, sonradan daha həvəslə çalışır, elə artist də var ki, lap əvvəldən yeni tamaşada özünü görür. Bütün bunlar - rəqs, obraz üzərində iş o qədər fərdidir ki... Mən Bakıya gələnədək teatrda çalışan repetitorlar artıq truppanı yeni tamaşaya hazırlayıblar. Onlar musiqi ilə tanışdırlar, rəqslərin xarakterinə bələd olublar. Bir sözlə, “qaralama material” hazırdır, mənim işim artıq-əskik məqamları cilalamaqdır.
- Prinsipcə, bu, o qədər də çətin olmamalıdır. Hər necə olsa, «Qıpçaq rəqsləri» həm musiqinin temperamentinə, həm də rəqsin xarakterinə görə bizə çox yaxındır...
- Haqlısınız. Həqiqətən də, Borodinin tamamlaya bilmədiyi operadan (“Knyaz İqor” - G.M.) çıxarılaraq müstəqil səhnə həyatı yaşayan «Qıpçaq rəqsləri» ruslardan daha çox sizinkidir. Genetika öz sözünü deyir axı... Siz demişkən, söhbət rəqsin xarakterindən gedirsə, elə əsərlər var ki, Azərbaycanın orta səviyyəli balet artisti onu Rusiyanın ən yaxşı, yüksək səviyyəli artistindən daha ilhamlı, daha həvəsli ifa edir. Keçən dəfə Bakıda olarkən «Yeddi gözəl» baletinə tamaşa etmişdim. Təsəvvür edirsiniz, mən məşq zalında «Xanım qız və xuliqan» üzərində işlədiyim artistləri səhnədə sözün yaxşı mənasında tanıya bilmədim! Səhnədə nə qədər fərqli görünürdülər! Obrazların daxili aləmini necə gözəl çatdırırdılar! Etiraf edim ki, «Yeddi gözəl»ə baxandan sonra onlarla məşq etmək tərzimə düzəliş etdim.
- Yəqin ki, budəfəki quruluşda da kollektivin potensialını nəzərə almısınız...
- Mütləq! Təbii ki, bir heyətlə işləyirəm. Amma bayaq qeyd etdiyiniz kimi, balet truppasının tərkibi daha sürətlə yenilənir. Sonradan tamaşaya daxil olacaq artistlərlə pedaqoqlar verilmiş xoreoqrafiya çərçivəsində işləyəcəklər. Həm də tamaşa repertuarda möhkəmləndikcə formalaşır, ifaçılar öz hiss və duyğularını canlandırdıqları obraza köçürürlər. Əsas odur ki, truppa həvəslə, yorulmadan çalışır.
- Bütün dünyada klassik balet sənəti rus balet məktəbi ənənəsi üzərində inkişaf edir. Amma son illər Rusiyada da balet məktəbləri arasında şaxələnmə gedir. Siz buna necə baxırsınız?
- Bilirsiniz, sizin balet truppasının üstünlüyü nədədir?
- Siz deyin, biz də bilək...
- Sizin cəmi bir xoreoqrafiya məktəbiniz var! Düzdür, indi artıq akademiya da yaratmısınız, amma fərq etməz. Kök eynidir. Əlifba, klassik hərəkətlər eyni bir sistem üzrə tədris edilir. Rusiyada isə belə deyil. Təsəvvür edin, «Sonalar gölü» baletində bir cərgədə duran 7 balerina qollarını 3 cür tərpədir. Belə baxanda, bu hərəkətlərin üçü də klassik ifaçılıq baxımından düzgündür. Amma sinxronluq olmayanda rəqsin şəkli pozulur. Bizdə tamaşalara daha çox turistlər gəlir. Onlar isə belə xırdalıqları hiss edə bilməzlər: turist üçün ya Mariinsk, ya da Mixaylovsk teatrında konkret nəyi seyr etməyin əhəmiyyəti yoxdur, əsas odur ki, Piterdə klassik baletə baxıb!
- Sergey, bildiyim qədər sizin bütün sənət həyatınız Mixaylovsk teatrı ilə bağlıdır.
- Elədir. 1980-ci ildən teatrdayam. Balet artisti kimi başlamışam, indi də tamaşalar üzərində çalışıram. Amma hələ də tamaşalarda çıxış edirəm. Fevralın 7-də «Kənd namusu» tamaşasında oynamışam, 8-də də Bakıya uçmuşam.
- Bağışlayın, axı, «Kənd namusu» operadır, həm də bu əsərdə rəqs yoxdur...
- Elədir. Bizim teatrda bu opera məşhur rejissor Liliana Kovaninin quruluşunda oynanılır.
Rejissor səhnə əsərini
film estetikasına mümkün
qədər çox yaxınlaşdırmağa çalışıb.
Biz, nisbətən yaşlı balet artistləri bu tamaşada fərqli xırda, vokal partiyası olmayan rollarda çıxış
edirik. Məsələn, mən Lorensio
ata rolunda çıxış edirəm.
Maraqlıdır ki, Kovani üçün əsas, ya da ikinci
dərəcəli rol
yoxdur. Tamaşa hazırlanarkən o, hamımızla ciddi məşq edib, bizə sözsüz, vokalsız rollarımızın
ikinci planını başa salıb. Bilirsiniz,
opera və balet teatrına da yaşlı aktyorlar lazımdır. Düzdür, təcrübəli balet artisti cavan həmkarı
kimi tullana, sürətli hərəkət
edə bilmir, amma obrazını daha inandırıcı, təbii çatdırmağı
bacarır.
- Sağlıq
olsun, ayın 18-də
premyeradır...
- Bəli, biz ciddi məşq edirik. Kollektivlə bir-birimizi yaxşı anlayırıq. Ümidvarıq ki, «Qıpçaq rəqsləri» gözəl və çoxşaxəli rəqs sənəti ənənələrinə malik Azərbaycanın baletsevərlərinin ürəyincə olacaq. Siz də gəlib baxın. Gözləyəcəyik!
Gülcahan Mirməmməd
Mədəniyyət.- 2017.- 17
fevral.- S.7.