Söz sərrafı - Əli Fəhmi
1919-cu ilin 17 fevralında Bakının Sabunçu qəsəbəsində Ələkbər Hacı Gəncəlinin ailəsində bir uşaq dünyaya göz açır. Bu uşaq sonralar elmin müxtəlif sahələrində uğurlara imza atan alimlərimizdən biri kimi tanınacaq, 56 illik ömür yolunda gələcək nəsillər üçün dəyərli irs qoyub gedəcəkdi.
Valideynləri övladlarının gələcəkdə dini elmlərə vaqif olmasını istəyirdi. Buna görə də ona Əli adını verir, təlim-tərbiyəsi ilə ciddi məşğul olurlar... Əli 1926-cı ildə qəsəbədəki 10 illik məktəbin birinci sinfinə gedir. Gündəlik dərsləri ilə yanaşı, ərəb və fars dillərini də yaxşı öyrənir.
Erkən çağlardan ədəbiyyata, poeziyaya marağı onu Mikayıl Müşfiqin təşkil etdiyi ədəbi dram dərnəyinə gətirir. Burada onların möhkəm dostluğu yaranır və bu isti münasibət şairin həbsinə qədər davam edir.
1936-cı ildə Azərbaycan Dövlət Filarmoniyasında Qəmər xanım adlı bir müğənninin konsertində M.Müşfiq, Dilbər xanım və Ə.Fəhmi də iştirak edirmiş. Başdan-başa al-qırmızı geyimdə olan müğənni gözəl səsi ilə salondakıları heyran edir. Müşfiq Ə.Fəhmidən bir şeir qoşmasını istəyir. O, aşağıdakı misralarla başlayan şeiri bədahətən deyir:
Həyatın bağçadır, hər yanı bahar,
Hər yanın qırmızı, sanki laləzar.
Səndə təbiətin gözəlliyi var.
Bilmirəm ləlsən, yoxsa gövhərsən,
Qırmızı geyinmiş nə bəxtəvərsən.
Şeir Müşfiqin xoşuna gəlir və deyir: “Sən çox fəhmli oğlansan, səndə İmam Əli fəhmi var”. Gənc o vaxtdan “Əli Fəhmi” adı ilə tanınmağa başlayır.
1936-cı ildə orta təhsilini müvəffəqiyyətlə başa vuran Ə.Fəhmi Tibb İnstitutuna qəbul olunur. O, 1941-ci ildə ali məktəbi bitirir və təyinatla Sabirabad rayonunda terapevt-həkim kimi əmək fəaliyyətinə başlayır. Həkimliklə bərabər, orta məktəbin X sinfində dil-ədəbiyyat fənnini tədris edir. Təyinat müddəti başa çatdıqdan sonra, 1949-cu ildə Bakıya dönür və bir neçə il 12 nömrəli poliklinikada baş həkim, tibb bacıları hazırlayan məktəbdə dil-ədəbiyyat müəllimi və dərs hissə müdiri vəzifələrində çalışır.
Klassik poeziyaya olan hədsiz marağı onu 1952-ci ildə Azərbaycan Dövlət Universitetinə (indiki BDU) gətirir. 1957-ci ildə Azərbaycan ədəbiyyatı tarixi fakültəsini fərqlənmə diplomu ilə başa vurur. İstedad və tədqiqatçılıq bacarığına görə onu universitetin aspiranturasına qəbul edirlər, burada qədim dövr, XIX və XX əsrlər ədəbiyyatı, eləcə də mətnşünaslıqdan dərs deyir. Professor Feyzulla Qasımzadənin elmi rəhbərliyi ilə “Seyid Əzim Şirvaninin həyat və yaradıcılığı” mövzusunda namizədlik dissertasiyası yazır. Lakin həmin mövzu üzərində digər bir aspirantın da işlədiyi bəlli olur. Məsələ ilə bağlı müraciətlərinə baxmayaraq, heç nəyə nail ola bilmir və elmi işinin müdafiəsindən imtina edir.
Ə.Fəhmi klassik Şərq ədəbiyyatının bilicisi kimi uzun müddət Azərbaycan Televiziya və Radiosunda əruz vəznində yazılan və çətin oxunan əsərlərin məsləhətçisi olur. O, eyni zamanda Akademik Dram Teatrında “Ölülər” pyesinin tamaşaya hazırlanmasında iştirak edir.
Ədəbiyyatşünas alim 1961-ci ildən BDU-nun Azərbaycan ədəbiyyatı tarixi kafedrasında baş müəllim kimi çalışıb. İ.Nəsimi, M.Füzuli, S.Ə.Şirvani, klassik muğam və xalq musiqisi ilə bağlı qiymətli monoqrafiya və məqalələri elmi ictimaiyyət tərəfindən maraqla qarşılanıb.
Şair-qəzəlxan Həkim Qəni (Qəni Hüseynov) Ə.Fəhmidən bəhs edərək yazırdı: “İyirmi il onunla bir yerdə oturdum-durdum, heç eşitmədim ki, o, eyni sözü təkrar etsin. Əli Fəhmi gözü-könlü tox olaraq dünya malına etina etməyib”.
Tədqiqatçı-yazar Yeqzar Cəfərli “Əli Fəhmi dünyası” kitabında alimin araşdırmalarının zəngin məlumatı ilə seçildiyini vurğulayır. Bildirir ki, o, hər hansı bir şair və yazıçı haqqında yazmaq istəyərkən qabaqcadan onun əsərlərini, fəaliyyət göstərdiyi mühiti, hətta doğulduğu təbii şəraiti belə dərindən öyrənib.
Ə.Fəhminin XIX əsrin məşhur aşıq və xanəndəsi kimi tanınan Mirzə Səttar Ərdəbili ilə bağlı məqaləsindən aydın olur ki, o, Tiflisdə nəşr olunan “Kafkaz” qəzetinin materialları haqqında ətraflı bilgisi varmış. Ə.Fəhmi hətta xanəndənin Seyid Əzimin hansı qəzəlini daha çox oxumasını da bilib. Tanınmış tarzən Mansur Mansurovun xatirələrinə istinadən yazır ki, Mirzə Səttar S.Əzimin qəzəllərini ən çox “Rast” və “Humayun” üstündə ifa edib. Daha çox xoşladığı nümunə isə aşağıdakı misralarla bitən qəzəli olub:
Olma yarın, Seyyida, cövrü-cəfasından məlul,
Aşiqə cövrü-cəfası dilbərin ehsanıdır.
Məqalədə həmçinin müəllifin S.Əzimin görkəmli tarzən Mirzə Sadıqcanla dostluq münasibətlərindən və Mir Möhsün Nəvvabın “Qarabağnamə” əsərindəki şairlə bu iki sənətkar arasındakı dostluq əlaqələri barədə məlumatlı olduğu aydınlaşır.
Əli Fəhmi 13 mart 1975-ci ildə vəfat edib, Bülbülə kənd qəbiristanlığında dəfn olunub.
Savalan
Fərəcov
Mədəniyyət.- 2017.- 17
fevral.- S.11.