Xalça Muzeyində “Kəlağayı” kitabının təqdimatı keçirildi

 

   Fevralın 21-də Xalça Muzeyində “Kəlağayı” kitabının təqdimat mərasimi keçirildi. Tədbirdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, mədəniyyət xadimləri iştirak edirdi. Ölkəmizin ənənəvi ipək qadın baş örtüyü - Azərbaycan kəlağayı sənəti 2014-cü ildə UNESCO-nun Qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahısına daxil edilib.

   Təqdimat mərasimində ilk olaraq “Kəlağayı” sənədli filmi nümayiş olundu.

   Sonra Xalça Muzeyinin direktoru Şirin Məlikova kəlağayı sənətinin UNESCO siyahısına salınması tarixindən söz açdı. Bildirdi ki, tədbirin sənədli filmlə açılışı da təsadüfi deyil. Təqdim olunan film Azərbaycan hökuməti tərəfindən UNESCO-da nümayiş olunmaq üçün ərsəyə gətirilib. Direktor kitabın kəlağayı sənətinin öyrənilməsinə töhfə verəcəyinə ümidvar olduğunu qeyd etdi. O, müasir dövrdə xanımlarımızın kəlağayıdan istifadə etməsini ürəkaçan hal kimi dəyərləndirərək bu incəliyin Azərbaycanın qədim estetik duyumunun təzahürü olduğunu vurğuladı.

   Mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva tədbir iştirakçılarını Novruzun ilk müjdəsi olan Su çərşənbəsi münasibətilə təbrik etdi. Nazir müavini belə bir xoş gündə mədəniyyətimizin, mədəni irsimizin himayədarı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin edilməsinin əlamətdar hadisə olduğunu vurğuladı.

   Milli mədəni irsimizi tərənnüm edən sənətə həsr edilən kitabın təqdimatının da bu günə təsadüf etməsinin əhəmiyyəti vurğulandı. Nazir müavini daha sonra kəlağayı sənətinin bərpası və inkişafı yolundan bəhs etdi. Bildirdi ki, kəlağayı üzərində əks olunan hər bir ornamentin öz fəlsəfi mənası var. 2017-ci ildə Bakıda keçiriləcək V Beynəlxalq Azərbaycan xalçası simpoziumu haqqında məlumat verən Sevda Məmmədəliyeva bildirdi ki, simpozium çərçivəsində təkcə xalça sənəti deyil, Azərbaycanın ipəkçilik sənəti də geniş müzakirə obyekti olacaq. Bu tədbirə qatılan beynəlxalq qurumlar ipəkçilik sənətimizlə yaxından tanış olmaq imkanı əldə edəcəklər. Nazir müavini İsmayıllı rayonunun Basqal kəndində yerləşən “Kəlağayı muzeyinin fəaliyyəti və bu muzeyə turistlərin maraq göstərdiyini də diqqətə çatdırdı.

   Mərasimdə çıxış edən Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilov, Milli Məclisin şöbə müdiri Adilə Abbasova və digərləri kəlağayı sənətinin Azərbaycan mədəniyyətində yerindən söz açdılar. Bildirildi ki, ölkəmizin son zamanlar müxtəlif sahələr üzrə beynəlxalq arenada çox fəal iştirak etməsi müəyyən identik məhsulların hazırlanması və yayılmasını tələb edir. Belə nümunələrin geniş kütlələr tərəfindən qeyd-şərtsiz olaraq sırf Azərbaycan məhsulu kimi qavranılması zəruridir. “Kəlağayı” kitabı yaranmış boşluğu aradan qaldırmaqla bərabər üç dildə milli sənət haqqında məlumatı oxucuya çatdırır.

   Təqdimatın sonunda çıxış edən kitabın müəlliflərindən professor Rəna İbrahimbəyova nəşrin ərsəyə gəlməsində zəhməti olan hər kəsə təşəkkürünü bildirdi, bu sənət növünün bəşəri əsər kimi özünü təsdiqlədiyini dedi. O, ulu öndər Heydər Əliyevin 2002-ci ildə Basqalda ipək fabrikini ziyarət etdiyini, yerlərdə kiçik ipək fabriklərinin yaradılması təşəbbüsünü yada saldı. Bildirdi ki, məhz bu göstərişdən sonra kəlağayı sənəti yenidən dirçəlməyə başladı.

   Qeyd edək ki, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə çap edilən “Kəlağayı” kitabının müəllifləri professor Rəna İbrahimbəyova, Azərbaycan Rəssamlar İttifaqının üzvü Cəlil Tarıverdiyev, filoloq Zəhra Müller-Tarıverdidir. Kitabın elmi redaktoru sənətşünaslıq üzrə fəlsəfə doktoru Toğrul Əfəndiyev, dizayneri Pərviz Bağırovdur.

  

   Lalə Azəri

  

Mədəniyyət.- 2017.- 22 fevral.- S.4.