“Made in Azerbaijan” brendi Bolqarıstanda
Məhsullarımız
beynəlxalq turizm sərgisində təqdim edilib
Azərbaycan turizminin və
ölkəmizdə istehsal
olunan məhsulların
xarici bazarlarda daha geniş təbliğ olunaraq tanıdılması istiqamətində
kompleks addımlar atılır.
Prezident İlham Əliyevin xarici ölkələrə
ixrac missiyalarının
təşkili, xarici bazarların araşdırılması
və marketinq fəaliyyəti, “Made in Azerbaijan” brendinin xarici bazarlarda təşviqi mexanizminin tənzimlənməsi
ilə bağlı
2016-cı il oktyabrın 4-də imzaladığı
fərman da buna xidmət edir. Fərmanın icrası ilə bağlı yerli sahibkarların beynəlxalq
sərgi və yarmarkalarda iştirakının
təmin olunması,
“Made in Azerbaijan” brendinin xarici
ölkələrdə, o cümlədən
rüsumsuz ticarət
(“duty free”) mağazalarında rəflərinin təşkili,
media vasitələrində təbliği üçün
tədbirlər həyata
keçirilir.
Belə təqdimatlardan biri
də Bolqarıstanın
paytaxtında baş tutub. Sofiyada keçirilən “Holiday&Spa
Expo” adlı 34-cü Beynəlxalq
Turizm Sərgisi çərçivəsində Azərbaycanın turizm potensialının və
“Made in Azerbaijan” məhsullarının təbliği məqsədilə
təqdimat reallaşıb.
Təqdimat Azərbaycanın bu ölkədəki səfirliyi,
Bolqarıstanın Tur
Operatorları və Səyahət Agentlikləri
Assosiasiyasının (ABTTA), bu ölkənin aparıcı turizm şirkətlərindən biri
olan “Bohemia” şirkətinin
birgə təşkilatçılığı
ilə baş tutub.
Təqdimatda sərgi iştirakçılarına
Azərbaycanda mövcud
turizm marşrutları,
tarixi-mədəni abidələr,
rekreasiya və turizm mərkəzləri,
ölkəmizdə həyata
keçirilmiş infrastruktur
layihələri haqqında
ətraflı məlumat
verilib. Həmçinin sərgi çərçivəsində
bolqar şirkətləri
tərəfindən hazırlanmış
və Azərbaycana səfəri əhatə edən turpaketlər təklif olunub. Təqdimat çərçivəsində ölkəmiz haqqında sualları əks etdirən müsabiqə keçirilib və qaliblər səfirlik tərəfindən təqdim
olunmuş suvenirlərlə
mükafatlandırılıb.
Sonra “Abşeron-Şərab” ASC şirkətinin istehsalı
olan “Abşeron” şərablarının dequstasiyası
və Azərbaycan şirniyyatlarının təqdimatı
keçirilib. Dequstasiya zamanı
ölkəmizin üzümçülük
və şərabçılıq
ənənələri, eləcə
də “Made in Azerbaijan” brendinə
daxil olan şərablar barədə
məlumat verilib, milli şirniyyatlardan ətraflı söhbət
açılıb.
Tədbir zamanı Azərbaycanın müxtəlif regionlarının turizm potensialını əks etdirən kitabçalar sərgi iştirakçılarına paylanılıb.
Qeyd edək ki, Bolqarıstanın Turizm Nazirliyinin himayəsi altında və Sofiya şəhər bələdiyyəsinin tərəfdaşlığı ilə hər il keçirilən “Holiday&Spa Expo” ölkənin ən böyük turizm sərgisidir və turizm sahəsində ixtisaslaşan mütəxəssisləri, biznes dairələri, eləcə də potensial turistləri bir arada cəmləşdirir. Builki sərgidə 20-dən çox xarici ölkədən 380-ə yaxın şirkət iştirak edib.
F.Hüseynov
Mədəniyyət.- 2017.- 22
fevral.- S.9.