Türkiyə mətbuatında ölkəmizin turizm imkanları haqqında məqalələr

 

 

 

   Türkiyə mətbuatında Mədəniyyət və Turizm Nazirliyinin Türkiyədəki turizm təmsilçiliyi olan “Gateway” şirkətinin təşəbbüsü ilə ölkəmizin turizm potensialını əks etdirən məqalələr dərc edilib.

   “Akşam” qəzetində və “Şamdan plus” internet dərgisində ölkəmizlə bağlı təəssürat yazıları yer alıb. “Xam neftdən gələn şəfa”, “Bir kətan bir yağlı boya olsa...” başlıqlı yazılarda Naftalan nefti, Qəbələ haqqında məlumatlar diqqətə çatdırılır.

   “Xam neftdən gələn şəfa” başlıqlı yazıda () müəllif Emine Bıyık Naftalan şəhərindəki beşulduzlu hotellər və burada göstərilən xidmətlərdən söz açır. O, Naftalan neftinin faydalarından danışaraq bu möcüzəvi məkana dünyanın bir çox ölkəsindən, xüsusilə də Türkiyə, Avropa ölkələri və Rusiyadan turistlərin gəldiyini qeyd edir. Bildirilir ki, İstanbuldan Gəncəyə təyyarə ilə 2 saata gəldikdən sonra 45 dəqiqə avtomobillə yol qət etməklə Naftalana çatmaq olar: “Burada sizi təkcə müalicə deyil, təbiət mənzərələri, unudulmaz təəssüratlar gözləyir. Təbii gözəlliklər məskəni olan Azərbaycana səyahət xatirələriniz sizi uzun zaman tərk etməyəcək”.

   “Şamdan plus” jurnalında yer alan “Bu il türklər harada istirahət edəcəklər?” başlıqlı məqalədə isə məşhur səyahət istiqamətləri sırasında Azərbaycan 5-ci yerdə təqdim olunur. Yazıda bildirilir ki, Azərbaycanın zəngin mədəniyyəti, mətbəxi, yaradılan müasir turizm infrastrukturu, bir sıra ölkələrin vətəndaşları üçün viza sisteminin sadələşdirilməsi, elektron turist vizası sisteminin tətbiqi xarici turist sayının artmasına səbəb olub.

 

Mədəniyyət.- 2017.- 22 fevral.- S.8.