“Türk
dünyasının mədəniyyət paytaxtı”nda Novruz şöləni
Düsen Kaseinov: “Belə qərara gəldik ki, “Türkistan-2017” ilinin rəsmi açılışı və bayram tədbirləri birlikdə keçirilsin, bununla bağlı zəngin proqram hazırlanıb. İlboyu müxtəlif sərgilər, toplantılarla yanaşı, TÜRKSOY-un ənənəvi layihələri də Türkistanda gerçəkləşəcək”
Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı - TÜRKSOY bu il də müxtəlif ölkələrdə Novruz bayramı tədbirləri keçirməyə hazırlaşır. Bununla yanaşı, həmçinin mart ayında qurumun artıq ənənə halını almış layihəsi üzrə “Türkistan-2017: Türk dünyasının mədəniyyət paytaxtı” ilinin açılışı baş tutacaq. Bu tədbirlərin proqramı ilə daha ətraflı məlumat almaq olmaq üçün TÜRKSOY-un baş katibi Düsen Kaseinovla həmsöhbət olduq.
- Düsen bəy, “Türk dünyasının mədəniyyət paytaxtı” missiyası ötən ilin sonunda Azərbaycanın Şəki şəhərindən Qazaxıstanın Türkistan şəhərinə təhvil verildi. “Türkistan-2017” ilinin açılış mərasimi nə zaman olacaq?
- Əvvəlcə onu deyim ki, Türkistan şəhərinin “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı biz Qazaxıstan Respublikası Mədəniyyət və İdman Nazirliyi, Cənubi Qazaxıstan Əyalət Valiliyi ilə birgə ilboyu tədbirlər planımızı təsdiqləmişik. Onlardan biri də TÜRKSOY-un hər il ənənəvi keçirdiyi Novruz bayramıdır. Belə qərara gəldik ki, “Türk dünyasının mədəniyyət paytaxtı”nın açılışı və Novruz tədbirləri birlikdə keçirilsin. Beləliklə, martın 21-də Türkistanda “paytaxt” ilinin açılışı ilə yanaşı Novruz tədbirləri keçiriləcək, eləcə də TÜRKSOY tərəfindən türk dünyası media təmsilçilərinin ənənəvi mükafatlandırılması mərasimi olacaq.
- Novruz tədbirləri son illər türk dünyasından kənarda - Amerika və Avropada da qeyd edilir, adət-ənənələr, ənənəvi musiqi, rəqslər tanıdılır. Bu il Novruz hansı ölkələrdə qeyd olunacaq?
- Martın 20-də Ankarada Prezident orkestri zalında Novruz şənliklərinə start veriləcək. Həmin günlərdə türk dünyası sənətkarları yavaş-yavaş Türkistana axışacaq. Eyni zamanda bu səfərlər iki istiqamətdə olacaq: Şərqi Avropa və Qazaxıstan. Bu dəfə Avropada Novruz tədbirləri Rumıniya və Moldovada təşkil olunacaq. Qeyd edim ki, türklərin yaşadıqları bu ölkələrdə Novruz tədbiri ilk dəfə keçiriləcək. Burada bir haşiyəyə çıxıb onu da demək istəyirəm ki, biz eyni regiona getdiyimiz üçün konsert və tədbirlərin əhatə dairəsinin də geniş olmasını istəyirik. Moldova və Rumıniya Azərbaycan və Türkiyə kimi qohum xalqlar, ölkələrdir. Şərqi Avropada keçirəcəyimiz Novruz tədbirləri Qara dəniz sahilində - Rumıniyanın mühüm liman şəhəri Konstansada, həm də Krım tatarlarının yaşadıqları bölgələrdə, paytaxt Buxarestdə, eləcə də Moldovanın paytaxtı Kişineuda və Qaqauz Yeri muxtar bölgəsində baş tutacaq. Bildiyiniz kimi, bundan əvvəl Novruz bayramını bir sıra Qərbi Avropa ölkələrində, şəhərlərində qeyd etmişik, bu dəfə isə Şərqi Avropada qeyd etməyi qərara aldıq. Martın 23-də heyət İstanbuldan yola düşəcək və yolumuzun üzərində, Kırklareli və Ədirnədə konsert proqramları düzənləməyi nəzərdə tutmuşuq. Yəni avtobusla yola çıxanda 500 km birdən getmək istəmirik. Yolumuzun üzərindəki şəhərlərdə də konsert verməklə bağlı razılaşma əldə etmişik. Deməli, nəticədə təkcə bir istiqamətdə silsilə konsertlər alınır. Mən özüm isə bir neçə sənətçi ilə Amerikaya yola düşəcəyəm və orada da martın 18-də ənənəvi Novruz tədbiri keçirəcəyik. Sizə bir faktı söyləyim: ABŞ-da, Vaşinqtonda xüsusi Novruz Komissiyası fəaliyyət göstərir. Onun tərkibində ölkə elitasının nümayəndələri - senatorlar, mədəniyyət xadimləri yer alır. Orda Novruzu qeyd edən ölkələrin səfirliklərinin nümayəndələri bir araya gəlir. Obama və digər Amerika prezidentləri son illərədək Novruz bayramında yalnız Amerikada yaşayan iranlıları təbrik edirdi. Amma məhz TÜRKSOY-un Novruz tədbirlərindən sonra Obama həm də türk dünyasını təbrik etdi. Hətta şəxsən mənə təbrik məktubu yolladı. Biz orada həm Novruzu qeyd edir, həm də onları türk rəqsləri, melodiyaları, ifaları ilə tanış edirik.
- Yəqin ki, “mədəniyyət paytaxtı” ilinin açılışı da zəngin tədbirlərlə müşahidə olunacaq?
- Türkistanda ilboyu tədbirlərin çox sıx proqramı nəzərdə tutulur. Açılış mərasimi meydanda baş tutacaq. Mərasimdə tarixi irs və ənənələr önə çəkiləcək. Bildiyiniz kimi, Türkistanda Əhməd Yasəvinin məqbərəsi var. Onun yaxınlığında çadırlar qurulacaq. Bu çadırlarda yemək veriləcək, mədəniyyət proqramı reallaşdırılacaq, Yasəvinin türbəsi ziyarət olunacaq və qala-konsertlə ilin açılışına start veriləcək. Eyni zamanda media mükafatları təqdim olunacaq. Sonra isə sənətçilər iki qrupa ayrılacaq: biri Taraz şəhərinə (Qırğızıstanla sərhəddə - red.) gedəcək, digəri isə Qızıl Orda şəhərində konsert verəcək. Növbəti gün isə Kentau və Talasda (Qırğızıstan) konsertlər olacaq, böyük qırğız ozanı Manas abidəsi ziyarət ediləcək. Proqram çərçivəsində Bişkek və Çimkənddə də konsert proqramları düzənlənəcək.
Mən isə bir qrupla martın 22-də Şərqi Avropada Novruz şənlikləri keçirmək üçün Rumıniyaya yola düşəcəyəm.
- Bəs “Türkistan 2017” çərçivəsində ilboyu hansı tədbirlərin keçirilməsi nəzərdə tutulub?
- “Türk dünyasının mədəniyyət paytaxtı” ilə bağlı zəngin tədbirlər proqramımız tərtib olunub ki, bu həm də Türkistanın dünyaya tanıdılmasına xidmət edəcək. İlboyu müxtəlif sərgilər, toplantılarla yanaşı, TÜRKSOY-un ənənəvi layihələri də burada gerçəkləşəcək. Məsələn, “TÜRKSOY fotoqraflar görüşü”, “TÜRKSOY opera günləri”, “Türk dünyası kitab sərgisi, şairlər və yazıçılar görüşü”, “Türk dünyası ədəbiyyat dərgiləri konqresi” və s. Bununla yanaşı, yeni layihələrin - Türk dünyası mədəniyyət və sənət gəncləri universiadası (universitet olimpiadaları), Türkdilli ölkələrin qadınlar forumu, Türk dünyası sirk sənət festivalı kimi tədbirlərin də gerçəkləşməsi gözlənilir. “Türkistan-2017” ilinin bağlanış mərasimi isə noyabr ayına nəzərdə tutulub. TÜRKSOY olaraq biz “Türk dünyası gənclərinin elm və mədəniyyət şənliyi”, Beynəlxalq media forumu, Türk dünyası tarixçilərinin beynəlxalq forumu, Azərbaycanın böyük şairi Molla Pənah Vaqifin 300 illiyinə həsr edilən şeir gecəsi və s. tədbirləri də nəzərdə tutmuşuq.
İl ərzində Qazaxıstan Mədəniyyət və İdman Nazirliyi tərəfindən də tədbirlər düzənlənəcək. Bura “Orteke” Beynəlxalq kukla teatrı festivalı, “Xoca Əhməd Yasəvi mirasının araşdırma məsələləri” 6-cı elmi konfrans və s. aiddir.
- Son iki ildə türkdilli ölkələrin müasir estrada musiqisi yarışması - “Türkvizyon” (“Turkvision”) müsabiqəsi keçirilmədi. Bu il üçün vəziyyət nə yerdədir?
- Bu müsabiqə ilk dəfə 2013-cü ildə Türkiyədə (Əskişəhər) keçirilib. İkinci müsabiqəyə 2014-cü ildə Tatarıstanın Kazan şəhəri ev sahibliyi edib. Qeyd edək ki, bu şəhərlər həmin illərdə həmçinin TÜRKSOY tərəfindən “Türk dünyasının mədəniyyət paytaxtı” elan olunmuşdu. Təşkilatçıların istəyi müsabiqəni hər il “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilən şəhərdə keçirmək idi. Amma 2015-ci ildə müsabiqəyə İstanbul ev sahibliyi etdi. Həmin il Türkmənistanın Marı şəhəri “Türk dünyasının mədəniyyət paytaxtı” olmuşdu. 2016-cı ildə də “Türkvizyon” yarışması gerçəkləşmədi. Bu il yarışma Qazaxıstanın paytaxtı Astanada keçiriləcək.
M.Sultanova
Ankara
Mədəniyyət.- 2017.- 22
fevral.- S.10.