Molla Pənah Vaqif və “Vaqif” pyesi
(II yazı)
Səməd Vurğunun «Vaqif»i, hər şeydən əvvəl, bədii əsərdir və buna görə də pyesə bədii əsər kimi baxılmalı, onun bədii məziyyətləri önə çəkilməlidir. Pyesi oxuyanlar və tamaşaya baxanlar bilirlər ki, burada Vaqiflə İbrahim xan arasında, daha sonra isə Vaqiflə Qacar arasında dərin bir konflikt yaşanır.
Vaqif İbrahim xana Vətənin işıqlı gələcəyi barədə xoş arzularını bildirir:
Kor kimi qalmasın insan.
Qalxsın cəhalətin qaranlığından!
Açılsın hər yerdə məktəb, mədrəsə,
Balalar quş kimi versin səs-səsə...
Vaqifin fikrincə, bu arzuların
reallaşması bir şeylə bağlıdır:
Vicdan
azadlığı lazımdır elə.
Məhz bunun nəticəsidir ki,
İbrahim xan Vaqifi bu cür ittiham edir:
Sən elin dostusan,
elin yarısan.
Bu, doğrudan da belədir.
Vaqif kimi böyük təbiətli adamlar məhz
elin dostu, sirdaşı olmalıdırlar.
Özünün dediyi kimi:
Dünya yaranmamış ötərgi
bir səs,
Günəş qaranlıqda
yaşaya bilməz...
İbrahim xan pyesdə
əlindən heç nə gəlməyən, fərsiz,
qorxaq, hətta öz vəziri Vaqifin həyat yoldaşına
pis gözlə baxan bir şəxs kimi verilmişdir. Əslində isə tarixi şəxsiyyət olan
İbrahim xan uzun müddət Qarabağ xanlığına
başçılıq etmiş, şan-şöhrətli bir
hökmdar olmuşdur.
Əlbəttə,
«Vaqif»in yazıldığı dövrdə və şəraitdə
İbrahim xanı müsbət bir surət kimi vermək
mümkün deyildi və bunu şairdən tələb etmək
də olmazdı. Bununla yanaşı, Səməd
Vurğun bu barədə o dövrün ədəbi tənqidinin
fikri ilə razılaşmış və 1946-cı ildə
belə yazmışdır: «Mən çox sevdiyim «Vaqif» əsərinin
gələcək taleyini düşündüyüm zaman orada
yol verdiyim bir çox təhriflər, xüsusən İbrahim
xan surətinin təhrifi məni çox yandırır, lakin əsər
elə bir vəhdət təşkil edir ki, mən hələ
də bu təhrifi, əsərin bədii təsirini azaltmamaq
şərtilə, düzəltməyə çox çətinlik
çəkirəm».
Səməd Vurğun hiss edirdi ki,
elə bir dövr gələr, elə bir şərait yarana
bilər ki, İbrahim xan surətinə görə «Vaqif» kimi
sənət incisi zərbəyə məruz qalar. Şairin
oğlu Vaqif Səmədoğlu xatırlayır: «Ay Vaqif, qoy
bir ayağa qalxım, «Vaqif»i təzədən yazacağam. O
zaman çox şeyi düz deyəmmədim. İbrahim xan elə
olmayıb...» Bu sözləri mənə Səməd
Vurğun 1956-cı ilin may ayında deyib. Təəssüflər
olsun ki, bir neçə gündən sonra Səməd
Vurğun köçdü bu dünyadan. Ancaq
yaxşıdır ki, dram yenidən yazılmadı. «Vaqif» əsəri də, Molla Pənah Vaqif də
nağıl dünyamızın bir guşəsində sağ
qaldılar».
Əlbəttə, şairin «o zaman çox şeyi düz deyə bilməməsinin» əsas səbəbi əsərin yazıldığı dövr olmuşdur.
İbrahim xan surətinin təhriflərindən biri Vaqifin həyat yoldaşı Xuramanla bağlıdır. Əsərdə göstərilir ki, İbrahim xanın «elçiləri» Xuramanın zəif damarını tutur, xanın arvadı olmasına razılıq verməsinə nail olurlar.
Xuramanın xəyanəti Vaqifi sarsıdır. Bu hadisə düşmənləri ilə qarşı-qarşıya durduğu vaxt baş verdiyi üçün daha ağır olur. Lakin o özünü ələ almağı bacarır. Ağır günlərdə daha çox elin, obanın, yurdun taleyini düşünür. Qarabağın müdafiəsinə başçılıq edir. Məhz buna görə də oğlu Əli bəy vasitəsilə Eldara belə bir sifariş göndərir:
Eldar! Bir qulaq as, qulaq as, Eldar!
Basqına
keçmişdir Məhəmməd Qacar.
Atam çıxmışsa da vəzirliyindən,
Deyir, yad əllərə
keçməsin vətən.
Bilirsən, o yanır pərvanələr
tək,
İndi nəyin varsa Əsgərana
çək
Qacarla vuruşun arxa tərəfdən,
-
Atamın fikrini söyləyirəm
mən...
Əsərin ən
dramatik yerlərindən biri Xuramanın zindana - Vaqifin
yanına gəlməsi səhnəsidir. Şairin tədqiqatçıları
belə bir fikrə gəlmişlər ki, Xuraman Vaqifin
yanına özünün bağışlanılması
üçün deyil, haqq dünyasına rahat getməsi
üçün müsəlman adətinə uyğun olaraq
öz həyat yoldaşından halallıq almağa gəlmişdi:
Uydum bu dünyada nazü-nemətə,
Özüm də
bilmədən uydum şöhrətə.
Bilmədim axırı zəhrimarımış,
Hər qızıl xəzinə
bir şahmarımış...
İndi öz əlinlə gəl
öldür məni,
Nə qədər
alçaldım, alçaltdım səni...
Azərbaycanlı
üçün həyat yoldaşının xəyanətinin
bağışlanılması mümkünsüzdür.
Bu, xalqımızın milli xüsusiyyətləri
ilə bağlıdır. Qədimlərdən
üzü bəri arvad kişinin namusunun əsas
atributlarından sayılır. Çox
hallarda bu cür xəyanətin cəzası çox
ağır olmuşdur. Bəlkə də
Xuraman istəyirdi ki, Vaqaf onu öz əlləri ilə
öldürsün. Vaqif isə hər
şeydən əvvəl humanist bir insan, şairdir. Ona
görə də Əli bəyin «Ata, qoy öldürüm o
mürvətsizi!» sözlərinə
cavabı birmənalıdır:
Əli bəy, alçaldar cinayət
bizi:
Bir bax əllərinə
yaraşarmı qan?
Oğlum,
yaşatmağa yaranmış insan.
Əgər Vaqif,
yaxud Əli bəy Xuramanı qətlə yetirsəydi, bu, bir
obraz kimi onların bütövlüyünə xələl gətirərdi.
Bu problemi isə Səməd Vurğun çox
ustalıqla həll etmişdir. Xuraman cəzanı
özü-özünə verir. Zindanın
qapıçısı belə bir xəbər gətirir:
«Özünü qayadan atdı Xuraman!»
Lakin bu xəbərdən bir az qabaq Vaqif
Xuramanı geri çağırtdırmışdı. Buradan o nəticə çıxırmı ki, o, xəyanətkar
qadını bağışlamaq, əfv etdiyini bildirmək
üçün çağırırdı? Əlbəttə,
yox! Vaqifin Xuramanı çağırmasının əsas səbəbkarı
isə onun qəmli nəğməsi, yəni poeziyanın
qüdrəti idi və təbii axardan doğurdu:
Bir ceyrandım, ürkütdülər
yatağımdan,
Bir quş idim,
ayrı düşdüm budağımdan.
Külək əsər, yarpaq
düşər, çiçək solar...
Viran qalmış mənim bu can otağımdan.
Həmin hissi Vaqifdə,
həm də Səməd Vurğunda Xuramanın bu qəmli nəğməsi
yaratmışdı.
Səməd Vurğunun yaradıcılığına həsr olunmuş dəyərli monoqrafiyanın müəllifi, mərhum şair Atif Zeynallı Xuramanın hərəkətini nəzərə alaraq onun azərbaycanlı olmadığı mülahizəsini irəli sürmüş və müəllifin də bu obrazı Azərbaycan qadını kimi yaratmadığına işarə etmişdir. O, Xuramanın Vaqifə dediyi «...heç, bir az incidir məni qürbət» sözlərinə işarə edərək “Səməd Vurğun sənəti” (1990) adlı kitabında yazmışdır: «Niyə qürbət? Qəribə deyilmi? Xuraman Şuşaya başqa bir məmləkətdənmi gəlib?.. Axı Səməd Vurğun «qürbət» sözünü, hətta Xuramanın dilindən belə işlədə bilməzdi... Xuraman öz mənfi cəhətlərinə görə nənələrimizə oxşamırdı. Səməd Vurğun bunu bizdən yaxşı duyurdu. Bəlkə «qürbət» sözü ilə... axı, çoxdilli, çoxləhcəli müsəlman Şərqində Xuraman ən kütləvi qız adlarından biridir».
Əlbəttə, bir sözə görə insanın milli mənsubiyyəti barədə dəqiq fikir söyləmək çətindir. «Qürbət» xalqımızın çox işlətdiyi sözlərdəndir. Azərbaycanın bu tərəfində yaşayan yurdun o biri tərəfini qürbət hesab edir. Folklorumuzda buna istənilən qədər misal gətirmək olar. Atif Zeynallının özünün də qeyd etdiyi kimi, vaxtilə şair Qasım bəy Zakir Bakıda sürgündə olduğu vaxt özünü qürbətdə hiss etmiş və bunu «Durnalar» qoşmasında göstərmişdir. Səməd Vurğunun özündə də buna təsadüf olunur («Ah, bu qürbət məni dağıtdı, sökdü...»).
Xuraman isə öz əməlindən asılı olmayaraq, hətta «nənələrimizə oxşamasa» belə, azərbaycanlıdır. Əgər belə olmasa idi, o, intihar etməsi barədə qərar qəbul etməz, haqq dünyasına səfəri üstündə ərindən halallıq almağa gəlməzdi.
Vaqifin «hökmdarın hüzurunda», yəni Qacarla görüşündə özünü ləyaqətlə aparması, ağıllı cavabları ilə düşməni susdura bilməsi onun mənəvi qələbəsi kimi diqqəti cəlb edir. Qacar Vaqifi bu görüşdən qabaq, ona yazdığı kəskin cavab məktubundan tanımışdı. Vaqif bu məktubunda Azərbaycan xalqının cəsurluğuna və qəhrəmanlığına işarə edərək yazmışdı ki, tərlan oylağında sar ola bilmədiyi kimi, bu ellər də baş əyib xar ola bilməz. Onun Qacardan tələbi də xalqın qəhrəmanlığına inamı ilə köklənmişdir:
Basma ayağını bizim torpağa,
İlandan, əqrəbdən yar ola bilməz!
Vaqifin öz
xalqına və Vətəninə böyük sevgisi bu səhnədə
daha qabarıq üzə çıxır. Bu səhnədə onun milli qüruru ilə
ümumbəşəri xüsusiyyətləri birləşir.
Bu isə obrazı daha da canlandırır.
Vaqif hökmdarın «Gərək fars dilində
yazsın sənətkar» tələbinə qarşı
böyük qürur hissilə «Azəri yurdunun oğluyam mən
də, az-az uydururam yeri gələndə» - deyir. O bununla
yanaşı farsların qüdrətli sənətkarlarını
da yüksək qiymətləndirir.
Vaqif özü Qacarın
hüzurunda baş əymədiyi kimi, Vidadiyə də məsləhət
görür ki, ona yalvarmasın, çünki, «hələ
baş əyməmiş bu böyük Vətən...»
Səməd
Vurğunun tədqiqatçıları Vaqiflə Qacarın
qarşılaşdığı səhnə ətrafında
maraqlı mülahizələr söyləmiş, əsərin
bu yerini yüksək qiymətləndirmişlər. Bununla birlikdə bu səhnənin ayrı-ayrı məqamları
ilə bağlı tənqidi fikirlər də mövcuddur.
Xalq şairi, Səməd Vurğun
yaradıcılığına həsr olunmuş namizədlik
və doktorluq dissertasiyalarının, bir neçə dəyərli
monoqrafiyanın müəllifi Bəxtiyar Vahabzadə “Səməd
Vurğun” (1968) adlı kitabında yazır: «Çox vaxt
Vaqiflə Qacarın üzləşdiyi səhnəni əsərin
ən gözəl, ən mənalı və tutarlı səhnəsi
hesab edirlər. Ancaq realizm baxımından
yanaşdıqda, bu səhnə qüsurludur. Elə təsəvvür yaranır ki, bu səhnə
yalnız Qacarla Vaqifin deyişməsi, Vaqifin məntiqi, kəskin
sözlər deməsi naminə yaradılmış, hadisələrin
təbii axımından doğmamışdır.
Fikrimizi aydınlaşdırmaq üçün bu səhnədən
əvvəlki hadisəyə qayıdaq: Ağa Məhəmməd
şah Qacarın təslim olmaq təklifinə qarşı
Vaqif ona bir şeir göndərir və... Qacarı
təhqir edir. Qəzəblənən Ağa Məhəmməd
şah Qacar hücum əmri verir və nəhayət, Şuşa qalasını tutur. İbrahim
xan Dağıstana qaçır. Vaqif isə
evində oturub, Qacarın
çağırışını gözləyir. VIII
şəkildə Qacar Vaqifin «Keçər aylar, keçər
illər, yaz, ey Vaqif, ömür azdır» misrasını (əslində
bu qəzəlin müəllifi Səməd Vurğun
özüdür: «Keçər aylar, keçər illər,
yaz, ey Vurğun, ömür azdır...») xanəndənin dilindən
eşidəndən sonra onu hüzuruna çağırır.
Vaqif də əmrə görə Qacarın
hüzuruna gəlir və deyişmə başlanır».
Doğrudanmı Vaqif
həmin məclisdə yada düşməsə Qacar onu həbs
etdirməyəcəkdi? Doğrudanmı
Vaqifin VIII şəkildə yada düşməsi bir təsadüfdür?
Əsərin həmin yerinə
müraciət edək:
Qacar
... Belə deyirlər ki,
ağladır yeri
Sizin Qarabağın xanəndələri.
Hünəriniz varsa, bir «Rast» oxuyun!
Xanəndə
(oxuyur)
...Keçər aylar, keçər illər, yaz,
ey Vaqif, ömür azdır,
Düşər bir gün laçın könlün
şeir-sənət marağından.
Qacar
Qəzəl Vaqifindir?
Şeyx
Bəli, Vaqifin!
Qacar
Nə oldu?
Onu tez tapıb gətirin!
(Sərkərdə baş əyib çıxır)
Vəzir! Bu doğrudan böyük qüdrətdir,
Hər sözü, söhbəti canlı sənətdir.
Böyük təhlükədir bu şair bizə.
Qacarın «nə oldu?» sualından məlum olur ki, o, Vaqifi unutmamışdı və bəlkə də Şuşaya daxil olduğu elə ilk gün onun həbsi barədə tapşırıq vermişdi. «Nə oldu?» sualını verməklə isə əvvəl verdiyi tapşırığın icrasının vəziyyətini yoxlayırdı.
Səməd Vurğun isə Vaqifi bu cür xatırlatmaqla qarşısına xüsusi məqsədlər qoymuşdur. Bunlardan biri Vaqifin hökmdarla - Qacarla qarşılaşdırılması səhnəsinə hazırlıq, digəri isə Vaqifin görkəmli bir şəxsiyyət olması, el-oba tərəfindən sevilməsi barədə məhz onun düşmənlərinin dili ilə məlumat verilməsi ilə bağlıdır.
Əsərdən göründüyü kimi, Qarabağı pəncəsinə keçirən Qacar kef məclisi düzəltmişdir. Qalib hökmdar böyük bir qürurla qələbəsini qeyd edir, özünü «şahlar şahı», «yer üzünün allahı» sayır. Vəzir və şeyx də şahın dediklərini təsdiqləyir, ona xeyir-dua verirlər.
Xanəndə Vaqifin adını çəkdikdən sonra isə söhbətin səmti dəyişir və məhz onun üzərində cəmləşir. Qacar Vaqifin doğrudan da böyük bir sənətkar olduğunu etiraf edir. Şeyx isə Vaqifi şəriətin düşməni, bir də qaçaq Eldarın dostu kimi təqdim edir. Bununla yanaşı, o, el-obanın Vaqifi çox sevdiyini də etiraf etməli olur.
Düşmənlərinin də Vaqif haqqında dedikləri onu tamaşaçının və oxucunun gözündə ucaldır...
Adilxan Bayramov
filologiya elmləri doktoru
(I yazı “Mədəniyyət” qəzetinin 13.03.2016 tarixli sayında dərc olunub)
Mədəniyyət.- 2017.- 22
fevral.- S.12.