Tamaşaçını öz sehrində saxlayan aktyor

 

 

 

   Xalq artisti Hüseynağa Sadıqov bənzərsiz səsi və xarakterik sifət cizgiləri ilə tamaşaçıların yaddaşında əbədi olaraq qalıb. Səhnədə və kinoda rəngarəng obrazlar qalereyası yaradan görkəmli sənətkar sevdiyi sənəti ilə həmişə fəxr edib.

   Hüseynağa Ələsgər oğlu Sadıqov 21 mart 1914-cü ildə Bakıda dünyaya göz açıb. Erkən çağlardan həvəskar teatr truppalarının göstərdiyi tamaşalara baxır, getdikcə onda bu ecazkar sənətə maraq yaranır. Bu hissduyğular onu Teatr Texnikumuna aparır. 1930-cu ildə müsabiqə ilə Gənc Tamaşaçılar Teatrının truppasına sınaq müddətinə qəbul olunur. 1931-ci ildə teatrda aktyor kimi fəaliyyətə başlayır. Bir gün tamaşaçılar qarşısında çıxış edərkən deyir: “Mən də təzə bir şey yaratmayacağam. Əgər imtahandan yaxşı çıxsam, Azərbaycan torpağını kənd-kənd, şəhər-şəhər gəzəcəyəm. Uşaqlar, gənclər və böyüklərlə görüşəcəyəm. Ruhlarını qəlbimə yığacağam. Onlarda tapdığım sevinc və gülüşləri bir daha onların özünə qaytaracağam...”

   Böyük Vətən müharibəsində Hüseynağa Sadıqov cəbhəyə gedir. Döyüşlərdən sonra sakitlik yaranan kimi silahı yerə qoyar, kədərli və təlaş içində olan cəbhə yoldaşları üçün kiçik səhnəciklər göstərərək onların könlünü almağa çalışarmış. Müxtəlif millətlərdən olan əsgərlər arasında hörmət qazanır və sevilir... O, Berlinədək döyüş yolu keçir, iki dəfə ağır yaralanır. Göstərdiyi igidliyə görə “Qırmızı ulduz” ordeninə, medallara layiq görülür.

   Müharibədən sonra sənət həyatına qayıdan aktyor yaşlıdan cavana həmkarlarının da dərin rəğbətini qazanır. Araşdırmalarda oxuyuruq ki, bir gün teatrdaQaraca qız” tamaşası hazırlanırmış. Bir gənc aktrisaya meymun obrazı tapşırılır. Bundan çox pərt olan qız özünü təhqir olunmuş hesab edir. Qızın narazılığını eşidən Hüseynağa müəllim onu yanına çağırıb deyir: “Nədən əsəbisən? Sənə təzə rol veriblər, gərək sevinəsən”. Aktrisa bildirir ki, ona meymun rolu veriblər. H.Sadıqov onunla mehriban söhbət edir. Bəzi nüansları diqqətinə çatdırır və obrazı birlikdə hazırlayırlar. O, qıza məsləhət görür ki, zooparkda meymunların həyat tərzi ilə yaxından tanış olsun. Sonra həmin aktrisanın bu obrazı çox maraqlı alınır.

   Görkəmli sənətkar həm də çox zarafatcıl, insansevər və sənətinin vurğunu kimi yaddaşlarda qalıb. Hamının sevimlisi olan aktyor gülüşdoğuran maraqlı hərəkətləri ilə tamaşaçıları həmişə öz sehrində saxlayıb. Onun çəkildiyi filmlərə, televiziya tamaşalarına baxarkən hiss edirsən ki, o, klassik aktyor sənətindən yetərincə bəhrələnsə də, öz yolu, öz üslubu olub.

   H.Sadıqov həm də efir-ekrandan özünü və obrazlarını sevdirməyi bacarıb. Radio tamaşalarındakı “Xoruz baba”, “Piri baba” obrazları ilə uşaqların könül dünyasını oxşayıb, duzlu komizmi ilə balacaların sevimli personajlarının uğurlu ifaçısı kimi tanınıb.

   H.Sadıqovun “Azərbaycanfilm” kinostudiyasında çəkildiyi “Sehrli xalat”, “Səhər”, “Yenilməz batalyon”, “Telefonçu qız”, “Babamızın babasının babası”, M.Qorki adına kinostudiyada (Moskva) çəkildiyi “Ələddinin sehrli çırağı” filmlərində bir-birindən maraqlı və yaddaqalan obrazlar yaradıb. O, həmçinin epizodik rolları ilə də tamaşaçıların diqqətini çəkə bilib.

   Əməkdar incəsənət xadimi, kinorejissor Cəmil Quliyev H.Sadıqovun kinoya, ümumiyyətlə, sənətə qəlbən bağlı sənətkar olduğunu bildirir: “Hüseynağa müəllim çox qürurlu insan idi. Sənətinə hörmətlə yanaşardı. Yadımdadır, bir dəfə söhbətlərinin birində dedi: “Mən fəxr edirəm ki, aktyoram. Axşamlar çox rahat yatıram. Bilirəm ki, qapım döyüləndə və ya telefon zəngi çalanda məni televiziyaya, kinostudiyaya, ya da teatra çağırırlar. Həyatda nə qazanmışamsa, zəhmətim sayəsində olub”.

   H.Sadıqovun istər teatrda, istərsə də kinodakı xidmətləri yüksək qiymətləndirilib. O, Xalq artisti fəxri adına, “Komsomol poeması” tamaşasında oynadığı roluna görə respublikaLenin komsomolu” mükafatına layiq görülüb. Görkəmli sənətkar 23 fevral 1983-cü ildə vəfat edib.

  

   Savalan Fərəcov

  

 

Mədəniyyət.- 2017.- 22 fevral.- S.15.