Qarabağda şimşək çaxır” kitabının təqdimatı keçirilib

 

 

   Yazıçı-publisist, Əməkdar jurnalist Yusif Kərimovun “Qarabağda şimşək çaxır” kitabı işıq üzü görüb. Bu, müəllifin “İşğal vadisi” və “Sarı gəlin” romanlarından sonra son illər Qarabağ hadisələri haqqında yazdığı üçüncü kitabdır.

   Beynəlxalq Mətbuat Mərkəzində keçirilən təqdimat mərasimində “Qarabağda şimşək çaxır” kitabının məziyyətlərindən söz açılıb. Vurğulanıb ki, bədii yaradıcılıqla məşğul olduğu 40 ildən artıq müddətdə 20-dək kitabı işıq üzü görən yazıçının Xocalı soyqırımının 25 illiyi ərəfəsində çapdan çıxmış Qarabağ ağrısından yoğurulmuş növbəti kitabı da müəllifin öz əbədi mövzusuna sadiq qaldığını göstərir.

   Təqdimat mərasimində Azərbaycan Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov, Şuranın Ahıl Jurnalistlər Məclisinin sədr müavini, Əməkdar mədəniyyət işçisi Məzahir Süleymanzadə, yazıçı-jurnalist Fazil Güney, yazıçı-dramaturq Aqşin Babayev kitabda müəllifin faktlara, hadisələrə yanaşmaq bacarığından, yaradıcılıq məziyyətlərindən danışıblar.

   Tanınmış jurnalist İntiqam Mehdizadə kitabda çox dəyərli bədii nümunələr toplandığını, hətta film çəkmək üçün mövzu verən əsərlər olduğunu qeyd edib. Sonda çıxış edən müəllif tədbirə təşrif gətirənlərə öz minnətdarlığını bildirib.

  

 

Mədəniyyət.- 2017.- 22 fevral.- S.15.