Gənc Tamaşaçılar Teatrı qastrollara hazırlaşır

 

 

   Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı aprel ayında bir neçə xarici qastrol səfərinə hazırlaşır.

   Teatrın direktoru, Əməkdar artist Mübariz Həmidovun bildirdiyinə görə, aprelin 17-dən 30-dək kollektiv Gürcüstan Dövlət Peşəkar Gənc Tamaşaçılar Teatrında iki gün, daha sonra isə Rusiyada - Vladiqafqaz Dövlət Gənc Tamaşaçılar Teatrında üç gün və Qroznı şəhərində Çeçenistan Dövlət Gənc Tamaşaçılar Teatrında ikigünlük qastrol səfərləri çərçivəsində yazıçı Pərvinin “Dəcəl keçi” əsərinin tamaşasını təqdim edəcək.

   Bundan əlavə, aprelin 17-dən 27-dək Rusiyanın İvanovo vilayətinin Kineşma şəhərində keçiriləcək “Hərarətli ürək” III Beynəlxalq Teatr Festivalında teatrın digər yaradıcı qrupu Nikolay Qoqolun “Dəlinin qeydləri” tamaşası ilə ölkəmizi təmsil edəcək. Tamaşada əsas rolu Əməkdar artist Şövqi Hüseynov canlandırır.

   6-9 apreldə isə Vladiqafqaz Dövlət Gənc Tamaşaçılar Teatrının kollektivi Bakıya səfər edərək Gənc Tamaşaçılar Teatrının qonağı olacaq və məktəblilərə “Biri vardı - biri yoxdu” (“Jili-bıli”, O.Rozum) tamaşasını təqdim edəcək.

 

 

Mədəniyyət.- 2017.- 24 fevral.- S.5.