Unudulmaz səyahət və istirahət
həvəskarlarının bələdçisi
"Baku Guide" kataloqunun yeni sayı
işıq üzü görüb
Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə, "Mədəniyyət" qəzetinin əlavəsi olaraq artıq üç ildir nəşr olunan "Baku Guide" bələdçi kataloqu nəfis tərtibatı, rəngarəng yazılar, yaddaqalan səyahət və mənalı istirahət həvəskarı olan hər kəsin diqqətini çəkəcək informasiyalarla yenidən oxucuların görüşünə gəlib.
Nəşrin fevral-mart buraxılışı Bakının mədəni həyatı, ölkə və beynəlxalq əhəmiyyətli tədbirlər, paytaxtımızın və regionlarımızın turistik yenilikləri ilə bağlı rəngarəng materiallarla zəngindir.
Bələdçi kataloqunun bu sayında qarşıdan gələn milli bayramımıza - öz koloriti, qədim irsi, təmtəraq və təntənəsi ilə ölkəmizə gələn əcnəbi qonaqları da valeh edən Novruza xüsusi yer ayrılıb. Yazıda kökü minilliklərin dərinliklərinə gedib çıxan bayramın özəllikləri, əcdadlarımızın dünyanın yaranışı və dörd təbiət ünsürü (su, od, hava, torpaq) ilə bağlı qədim mifik təsəvvürlərini əks etdirən ilaxır çərşənbələr, bayram süfrəsi, Novruz şirniyyatları və s. barədə üç dildə (Azərbaycan, rus, ingilis) dolğun məlumat diqqətə çatdırılır.
Bu il Bakının ev sahibliyi edəcəyi iki möhtəşəm idman hadisəsi - mayda keçiriləcək IV İslam Həmrəyliyi Oyunları və iyunda təşkil olunacaq Formula-1 Azərbaycan Qran-prisi haqqında yazılarda bu tədbirlərin xalqlar arasında əlaqələrə, ünsiyyətə, eləcə də mədəni irsimizin təbliğinə və bu vəsilə ilə turizm əlaqələrinin inkişafına töhfəsindən bəhs olunur.
“Azərbaycanda turizm sənayesinin strateji yol xəritəsi” başlıqlı məqalədə son aylar bu sahədə dövlət başçısı tərəfindən qəbul olunan mühüm qərarlar, müxtəlif turizm növlərinin inkişafı ilə bağlı nəzərdə tutulan tədbirlər, qarşıdakı illərdə görüləcək işlər və turistləri gözləyən əlamətdar yeniliklərdən söz açılır.
2017-ci ildə ölkəmizə gəlmək istəyən turistlər üçün ən mühüm yenilik isə elektron viza sisteminin daha da təkmilləşdirilməsi və “ASAN Viza” portalının istifadəyə verilməsidir. “ASAN Viza - tez və rahat” yazısı bu sistemin üstünlüklərindən bəhs edir. Keçən ildən tətbiqinə başlanılan “Tax free” sistemi və onun şərtləri barədə material da əcnəbi qonaqların diqqətini çəkəcək.
10 mart Azərbaycanda Milli Teatr Günüdür. "Baku Guide" bələdçi
kataloqunun hər sayında oxuculara paytaxt teatrlarının repertuarı, ayrı-ayrı
tamaşalar haqqında
yığcam məlumatlar
təqdim edilir. Nəşrin
bu sayında dərc olunan Bakı Marionet Teatrı haqqında yazı da sənətsevərlər
üçün xüsusilə
maraqlı olacaq.
Marionet teatrı dünyada populyar olan teatr
incəsənəti janrlarındandır
və ölkəmizdə
bu teatr növünün 30 ilə
yaxın yaşı
var. 2016-cı ilin dekabrından
teatr İçərişəhərdə,
öz binasında fəaliyyət göstərir
və tamaşaçılara
maraqlı layihələr
vəd edir.
Bələdçi kataloqunun yeni
sayında paytaxtın
aparıcı kino nümayişi mərkəzlərinin,
sərgi salonlarının
afişası da oxucuların ixtiyarına verilib.
Paytaxtımızı
yaxından görüb
tanımaq istəyənlər
Mədəniyyət və
Turizm Nazirliyinin nəzdində fəaliyyət
göstərən “Baku City Tour”, şəhər turunun marşrutu və dayanacaqları, göstərilən
xidmətlər barədə
məlumatla tanış
ola bilərlər.
“Azərbaycan
mətbəxi” rubrikasında
isə bu dəfə əcnəbi oxuculara milli mətbəximizin ləzzətli
təamlarından olan
küftə-bozbaşın hazırlanma qaydasından bəhs olunur.
“Turistlər
üçün informasiya”
bölməsində onları
maraqlandıra biləcək
suallar ətraflı cavablandırılır. Həmçinin
turizm agentləri, aviakassalar, hotel, restoran, ticarət və əyləncə məkanları
haqqında məlumatlar,
avtomobil kirayəsi, fövqəladə hallarda
yardım almaq üçün çağrı
mərkəzlərinin əlaqə
nömrələri və
s. kataloqda öz əksini tapıb.
Mədəniyyət.-
2017.- 24 fevral.- S.8.