Abdulla Şaiq
Yüz ildir evlərdə ana dili açan
Azərbaycan uşaqları məktəblərdə bu şairin şeirlərilə
aləm dili də açırlar...
24 fevral 1881-ci ildə Tiflisdə ruhani ailəsində anadan olmuş bapbalaca (sözün hər iki mənasında; onun oxuduğu məktəbin müəllimləri “bu sinifdə yaş və boy-buxunca ən balacamızdan nümunə götürün” deyərmişlər) Abdullanın şəxsində, sən demə, Azərbaycan ədəbi-ictimai fikir tarixinə böyük maarif və mədəniyyət xadimi, gözəl şair, nasir, dramaturq, ədəbiyyatşünas, tərcüməçi də doğulubmuş.
Bunu on altı yaşından başladığı bədii tərcümə və füzulianə qəzəllərilə “elan” edən bu “uşaq” öz “Ala, bula boz keçi”, “Dovşan, dovşan, a dovşan”, “Ay pipiyi qan xoruz” kimi şedevrləri, “Bir kəndli muzdur ilə axşamüstü biçindən” sayaq tərcümələrilə nəsil-nəsil uşaqlara ədəbi “ata dili” açdırdı.
Və... zaman-zaman:
“Bənövşəyəm, bənövşə,
Qızlar, oğlanlar məni
Dərib taxarlar döşə”
“Ağıllı oğlum, oyan!
Qiymətlidir hər zaman
Tez ol, dur, get məktəbə,
Sarıl elmə, ədəbə”
-
deyən
bu ata (və
yeri-zamanı gəlmişkən),
“Soyuq qış axşamında,
İsti ocaq başında
Nağıl deyər nənələr,
Qulaq asar nəvələr”,
“Bir qırmızı güldür
tonqal,
Bir dəstə sünbüldür
tonqal,
Bir xonçadır al günəşdən,
Həyat gəlir bu atəşdən”
-
söyləyən
bu baba,
“Arıyam, zəhmətkeşəm,
Bal, mum çəkməkdir peşəm.
Uçaram göy yamaca,
Çiçək
açmış ağaca,
Çalışaram
doqquz ay,
Hamı məndən alar pay”,
kücədən
bir pul kisəsi
tapan (“Ana, gəl, gəl ki, dövlətə
çatdıq, Pullu olduq, səadətə çatdıq!”) çocuğa
anasının dilindən:
“Oğlum, nə sərd imiş qanın
Ki, buna razı
oldu vicdanın?
Niyə verdin fənayə doğruluğu,
İrtikab eylədin bu
oğruluğu?
Hiç zənn etməm, özgənin mali
Bizi zəngin qılıb, edə ali.
Gərçi pul çox fərəh-fəzadır, oğul,
Leyk - namus pək
bəhadır, oğul!”
-
buyuran
bu müdrik-poetik ictimai ağsaqqal məmləkətimizin məktəb-maarif
işi, milli uşaq ədəbiyyatı,
dramaturgiyası qisminin
banisi oldu.
Və...
Bütün ömrü boyu geniş maarifçiliyi, gözəl poeziyası, aydın-ağsaqqal ziyası
ilə xalqını qalxıma səsləmiş
universal sənətkar ovaxtkı
“partiya və hökumətimiz” tərəfindən
ikicə kərə yad edilib; iyirmi
il can qoyduğu gimnaziyanın xalqın “Şaiq nümunə məktəbi” adlandırılması
istəyini rəsmiləşdirməsi
və ədəbiyyat-maarif
sahələrində 55 illik
xidmətlərini nəzərə
alaraq, “Əməkdar incəsənət xadimi” adıyla təltif etməsilə...
Xalqımız isə bu cəfakeş pedaqoqu, Vətən balalarının
bənzərsiz müəllim-şairini,
millət, ədəbiyyat,
sənət, mədəniyyət
ağsaqqalımızı öz
sevgi və xatirat təltifatlarıyla
kifayət qədər
dəyərləndirib.
Bu qəbil
mükafatlar onu elə uşaqlıqdan “təqib” edib. Tiflisdəki altısinifli şəhər müsəlman
məktəbində müəllimlər
nadinc uşaqlara “düz otur”, “ağıllı ol” məzmunlu trafaret “tərbiyələr” əvəzinə,
“Abdulla kimi ol” deyərmişlər. On iki yaşında ikən ailəsilə Xorasana köçüb, orada tarix, məntiq,
psixologiya elmlərinə,
Azərbaycan, Şərq
və rus ədəbiyyatının əsaslarına
necə səylə yiyələnirsə, dövrün
məşhur ziyalısı
Yusif Ziya “mən öz məktəbimdə bu fərasətdə uşaq
görməmişəm!” deyib.
Bu “uşaq” özü isə, bir az sonralar “Həpimiz bir yuva pərvərdəsiyiz!
Həpimiz bir günəş
zərrəsiyiz!” deyəcək,
gələcəyin bütün
uşaqlarının irfan
südü kimi qidalanacağı misralar yazacaqdı. İyirmi
yaşında Tiflisə,
növbəti il - ömürlük
məskən salacağı
Bakıya gələn
Abdullanın burada bir rus ziyalısının
çox zəngin kitabxanasını alması
faktı ətrafa onun ilk “yaradıcılıq”
nümunəsi kimi səs-səda salacaqdı.
Mülki
evindəki irfanilik onu, siyasi bayırdakı
(çoxlarıyçün yumruq, süngü, “doklad” və digər macəravi maraqlardan ibarət) inqilabi olayları daha bəsirətlə izləməyə səsləyəcək,
milli ötənək-gələnəklərə
dair sevgi dolu dirçəliş yoluna düşərək,
maarifçi-pedaqoq, romantik
şair kimi formalaşma kursu keçəcəkdi. 1910-cu
ildə yazdığı
“Gözəl bahar” pyesi ilə milli uşaq teatrının özülünü
qoyacaqdı. Çalışdığı və sayəsində
bütün dərslərin
Azərbaycan-türk dilində
aparıldığı (1923-cü ildə ədəbi-pedaqoji
fəaliyyətinin 20 illiyinin
təntənəylə qeyd
ediləcəyi) gimnaziya
“Şaiq nümunə
məktəbi” adlandırılacaqdı.
Azərbaycan Gənc Tamaşaçılar Teatrının,
“Uşaq və gənclər nəşriyyatı”nın
işi birbaşa onun adı ilə
bağlı olacaq, biri-birindən maraqlı
(“Xasay”, “Eloğlu”, “Vətən”, “Fitnə”, “Qaraca qız”...), gözəl pyesləri sonrakı müəlliflərçün
(M.Seyidzadə, M.Dilbazi,
M.Rzaquluzadə, Z.Cabbarzadə
və b.) örnəyə
çevriləcək, milli
folklorumuzu toplayıb-öyrənən,
xalqları əmin-amanlıq
dostluğuna çağıran,
neçə-neçə millətlərin
ziyalıları ilə
dostluq edən, dünya ədəbiyyatı
nəhənglərinin (Firdovsi,
Şekspir, Svift, Puşkin, Lermontov, Krılov,
Nekrasov və b.) inci nümunələrini dilimizə çevirən
ilklərdən olacaq,
dilimizin fonetika, morfologiya, sintaksis və üslubiyyat məsələlərinə dair
tutarlı elmi məqalələr yazacaqdı.
Bunların bir neçəsindən əvvəl, Vətənini Şərqin ilk azad cümhuriyyəti kimi görüb, yazmışdı: “Sevin, sevin, ana Vətən... Artıq oldun Azad-Vətən!”
Dövrün “hadisəçilər”i sayılan “mollanəsrəddinçilər”i qəlbən hörmət-izzətlə qəbul etsə də, hər sözündə-söhbətində, publisistik məqalələrində füyuzatçılığı o çağ üçün daha münasib sayan Abdulla Şaiq Azərbaycan Xalq Cümhuriyyətini bütün qəlbilə qarşılayıb, alqışlayırdı. Azərbaycan müəllimlərinin I, II qurultaylarının hazırlanmasında komissiya üzvü kimi böyük iş görmüş, vaxtilə “Uşaq çeşməyi”, “Uşaq gözlüyü” (1907, 1909), “Gülzar” (1912) və başqa yeni tipli dərsliklər yaratmış bu “mahiyyəti-Müəllim” əsl azadlıq carçısı kimi, Cümhuriyyət dövründə daha böyük eşqlə çalışır, “Azərbaycan” qəzetində məktəblərin milliləşdirilməsi məsələsilə bağlı ardıcıl çıxışlar edir. Həmin dövrdə hazırladığı “Milli qiraət”, “Ədəbiyyat dərsləri”, “Türk çələngi” (1919), “Türk ədəbiyyatı” (1920) dərsliklərindən Azərbaycan gəncliyinin böyük bir nəsli faydalanır, “Yeni ay doğarkən”, “Vətənin yanıq səsi”, “Arazdan Turana” silsilə əsərlərilə poeziyamıza yeni ab-hava gətirir. 1919-cu ildə yaradılmış Bakı Dövlət Universitetinin (BDU) necə böyük ümummilli hadisə və mənəvi sərvət olmasını kütlə beyninə də layiqincə çatdırmaqçün səhnəyə “Tələbə həyatı” adlı maraqlı bir dram əsəri çıxarır.
Əslində, sırf ədəbi-bədii əsərlər yaratmaq üçün doğulmuş Şaiqi bu kimi sahələrdə fəaliyyətə sövq edən, bütün sənət sənətkarlarının qidalandığı “iç cövhəri” - millilik “sənət”i idi. Axı, azman keçənəklərlə süslü, həmin yüzilliyə yaxın və sonrakı dönəmlərdəsə, az qala, başdan-başa öygüsüz öyrənciyə, tələbsiz tələbəyə çevrilmiş bu millətə Şaiq kimi intibahçı müəllimlər gərək idi!..
O, “Məktub yetişmədi”, “Köç”, “Daşqın”, “İntiharmı, yaşamaqmı”, “Göbələk”, “İblisin hüzurunda”, “Dursun” kimi bir çox qüvvətli hekayə, povest, romanlar da yazıb, “Hürriyyət pərisi”, “XX əsrə xitab”, “Niyə uçdu”, “Bir quş” kimi gözəl poeziya nümunələri yaradıb, təkrarsız tərcümələr edib. Lakin, yenə də, onun ən böyük əsəri mübariz maarifçiliyi, milli ağsaqqallıq-müəllimliyi idi...
Və sonda -
Bir haşiyə
Belə ki, maraqlıdır, bunca milli-ictimai, xəlqi-maarifi fəaliyyət göstərmiş, dövrün məcburi internasionalizm çağırışlarına deyil, yalnız mənsub olduğu millətin özgür oyanış-yüksəlişinə işləyən ədəbi-bədii nümunələr yaratmış, dünənki milli hakimiyyətə ürəkdən xidmət və aşiqlik etmiş bu fədakarı, nədən sonrakı “partiya və hökumət” öz “vraqnarod” dəftərinə salıb məhv etməmişdir? Şaiqşünaslıq nümunələrində, digər tədqiqat və oçerklərdə bunun ciddi bir “çünki”silə rastlaşmadığımdan, belə bir “ona görə” ehtimalındayam ki, görünür, öz qələm, düşüncə və təşəbbüslərilə bərabər, hər müsahibini, nəticə etibarilə xalqı oyadan nurlu, sadədən sadə, aydından aydın çöhrəsi dövrün mürəkkəb və qaranlıq simasızlarını belə ovsunlayıb, qəzəblərini çaş-baş salırmış. Bu məqamda müasir şairlərimizdən birinin (Vahid Əziz) iki misrasını da sözümə qüvvət gətirim: “Tütək neyləyibsə, canavarı da - sürüdən uzaqda yuxu tutubdur”...
Tahir
Abbaslı
Mədəniyyət.-
2017.- 24 fevral.- S.13.