Ensiklopediya muzeyi
Muzey Azərbaycan Milli
Ensiklopediyasının 50 illik tarixini əks etdirir
Ensiklopedik nəşrlər bəşəriyyətin inkişafı boyunca toplanmış bilik xəzinəsini özündə əks etdirir. Xalqın mədəni inkişaf səviyyəsinin bir göstəricisi də milli ensiklopediyasının olmasıdır. Azərbaycan Milli Ensiklopediyasının yaradılmasından 50 ildən artıq vaxt keçir.
Qurumun Təhsil, mətbuat, televiziya, internet, turizm və idman elmi redaksiyasının müdiri Sevda Mehrəliyeva bildirir ki, Azərbaycan ensiklopediyasının tarixində ən əlamətdar hadisələrdən biri 2004-cü ildə ölkə başçısının “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinin yaradılması haqqında sərəncamı olub. 10 il sonra - 2014-cü ildə mərkəzin çağdaş tələblərə cavab verən, maddi-texniki bazası olan yeni binası istifadəyə verilib.
2015-ci ildə isə Elmi Mərkəzin direktoru, akademik Tofiq Nağıyevin əmri ilə “Ensiklopediya muzeyi” yaradılıb. Muzeyin yaradılması ilə əlaqədar görülən işlər əsnasında çoxlu arxiv materialları nəzərdən keçirilərək öyrənilib. Bu materiallar ensiklopediyanın 50 ildə keçdiyi yolu əks etdirir. Muzeydə toplanmış eksponatlarda ensiklopediyanın ilkin nəşri ilə bağlı çətinlikləri, sonrakı fəaliyyət mərhələlərini izləmək mümkündür.
Burada ən diqqətçəkən sənədlərdən biri SSRİ-də ilk sovet ensiklopedik lüğətinin - Böyük Sovet Ensiklopediyasının (BSE) nəşri ilə bağlı 13 fevral 1925-ci il tarixli qərarın surətidir. Bu qərarın qəbul olunduğu iclasa SSRİ Mərkəzi İcraiyyə Komitəsinin sədri Nəriman Nərimanov sədrlik edib.
Azərbaycanda ensiklopediya nəşrinə gəlincə, S.Mehrəliyeva hələ 1934-cü ildə respublika Xalq Komissarları Sovetinin 15 cilddə ensiklopediyanın nəşr edilməsinə dair qərar qəbul etdiyini vurğulayır. Bu məqsədlə Xalq Komissarları Soveti yanında ayrıca komitə yaradılır, ancaq istək baş tutmur. 1938-ci ildə SSRİ EA-nın Azərbaycan filialı nəzdində Azərbaycan Sovet Ensiklopediyası redaksiyası və Lüğətçilik İnstitutu yaradılır. Yenə də bir nəticə olmur: “Bir müddət sonra Böyük Sovet Ensiklopediyasının rəhbərliyi altında milli respublikalarda çoxcildliyin nəşrinə icazə verildi. 1965-ci ildə Azərbaycan Sovet Ensiklopediyası (ASE) yaradıldı və nəşrin elmi cəhətdən təminatı Elmlər Akademiyasına tapşırıldı”.
Bildirək ki, ASE-nin təşkilində onun ilk baş redaktoru, Xalq şairi Rəsul Rzanın böyük xidmətləri olub. Muzeydə onun iri portreti vurulub, baş redaktorluğu ilə çıxan ilk milli ensiklopediyamızın bir nüsxəsi də sərgilənir. Ensiklopediya fəaliyyətə başladığı gündən bir sıra çətinliklərlə üzləşib. Ensiklopediyaçılıq səriştəsi olmayan bir ölkədə mütəxəssislər tapmaq, daha doğrusu, onları yetişdirmək, hazırlamaq, fəaliyyətlərini bu sahəyə yönəltmək tələb olunurdu.
Ensiklopediyanın ilk cildinin nəşri uğursuzluğa düçar olur, çünki Mərkəzin, Moskvanın xoşuna gəlməmişdi.
S.Mehrəliyeva: “Bu nəşrdəki ən böyük “suç” bütöv Azərbaycanın bir neçə tarixi xəritəsinin verilməsi idi. Bu yuxarıların ciddi narazılığına səbəb olmuşdu. R.Rzanın baş redaktorluğu dövründə ilk dəfə Azərbaycan və rus dillərində ölkəmizin tarixi xəritələri nəşr edildi. Azərbaycanın arxeoloji xəritəsi yaradıldı. İlk milli ensiklopediyanın nəşri üçün ayrıca mətbəə şriftləri düzəldildi. 1970-ci ildə uzun sürən elmi müzakirələr və mübahisələrdən sonra ilk Azərbaycan ensiklopediyasının birinci cildi hazır oldu. Bundan sonra BSE-nin rəhbərliyi Azərbaycanla bağlı məqalələrə görə öz ciddi narazılığını bildirdi. 1971-ci il fevralın 8-də isə Azərbaycan SSR Elmlər Akademiyasının prezidenti yanında keçirilən iclasda ensiklopediyanın işi üzrə komissiyanın rəyi müzakirə edildi və nəşrin xalqın istifadəsinə verilməsi qərara alındı. Komissiya üzvləri, Azərbaycanın nüfuzlu alimləri rəyə öz imzalarını atdılar. Ancaq bu rəyə məhəl qoyulmadan Moskva ensiklopediyanın 1-ci cildinin buraxılmasına qadağa qoydu. 1975-ci ilin oktyabrında R.Rza işdən çıxarıldı”.
Bundan sonra ensiklopediyanın tarixində ikinci dönəm başlayır. Azərbaycan SSR EA-nın vitse-prezidenti, akademik Cəmil Quliyev Azərbaycan Sovet Ensiklopediyasına baş redaktor təyin edilir. Sözlükdə dəyişikliklər edildi. Hazır materialların bazasında və bir çox düzəlişlərlə 1976-cı ildə ASE-nin I cildi işıq üzü gördü. 1987-ci ildə ASE-nin 10 cildlik nəşri tamamlandı.
Muzeydəki eksponatlar içərisində milli ensiklopediyanın 2007-ci ildə nəşr olunan “Azərbaycan” cildi də diqqət çəkir. Bu cildin başa gəlməsində AMEA-nın bütün institutları, görkəmli alimlər, mütəxəssislər böyük zəhmət çəkiblər.
S.Mehrəliyeva: “Ayrıca cildlə yanaşı, çoxcildlik universal ensiklopediyanın sözlüyü üzərində iş aparılırdı. Sözügedən ensiklopediyanın 2009-cu ildə I, 2010-cu ildə II, 2011-ci ildə III cildi çap olundu. Artıq bu gün ensiklopediyanın əlifba üzrə 6 cildinin 150 min nüsxə kitabxana variantı paylanmaq üçün Mədəniyyət və Turizm Nazirliyinə, eləcə də Təhsil Nazirliyinə verilib. Ensiklopediya cildlərinin elektron variantları da hazırlanıb. Həmçinin “Azərbaycan” cildi sonrakı illərin yenilikləri nəzərə alınmaqla rus dilinə tərcümə olunub və 2012-ci ildə oxuculara təqdim edilib”.
S.Qaliboğlu
Mədəniyyət.-
2017.- 24 fevral.- S.15.