Mədəniyyət günləri
xalqları və ölkələri bir-birinə daha da
yaxınlaşdırır
İranda keçirilən Azərbaycan
mədəniyyəti günləri ilə bağlı Tehranda
səfərdə olan mədəniyyət və turizm naziri Əbülfəs
Qarayev bir sıra görüşlər keçirib.
Əbülfəs Qarayev iyulun 3-də
İranın mədəniyyət və islami irşad naziri
Salehi Əmiri ilə görüşüb.
Nazir Azərbaycan mədəniyyəti günlərinin keçirilməsi üçün yaradılan şəraitə görə İran tərəfinə təşəkkürünü bildirərək son illər iki qonşu və dost ölkə arasında münasibətlərin inkişafından danışıb. Qeyd olunub ki, ötən 4 il ərzində Azərbaycan və İran prezidentləri 7 dəfə görüşərək qarşılıqlı əlaqələrin bütün sahələr üzrə genişlənməsini müzakirə ediblər. Dövlətlər arasında 130-dan çox əməkdaşlıq haqqında sənəd imzalanıb ki, bu da qarşılıqlı əlaqələrin intensiv qaydada inkişafından xəbər verir. Azərbaycan Respublikasının Prezidenti İran İslam Respublikası ilə münasibətlərə xüsusi önəm verir. Hər iki dövlətin başçısı regionda sülhün və əmin-amanlığın qorunub saxlanılması üçün çox ciddi səylər göstəriblər. Beynəlxalq təşkilatlarda bir çox məsələlərdə iki dövlətin vahid mövqedən çıxış etməsi milli maraqlara uyğundur və səmərəlidir. Buna misal olaraq ermənilərin lavaş çörəyini mənimsəmək istəyinin qarşısının alınmasını göstərmək olar. Bu məsələ ilə əlaqədar İran və Azərbaycan UNESCO-da vahid mövqedən çıxış edərək sübut etdilər ki, lavaş bişirmək ənənəsi ermənilərə məxsus ola bilməz. Bu ənənə regionda yaşayan xalqlara məxsusdur.
Nazir bildirib ki, hər iki xalq eyni dinə, adət-ənənəyə və tarixi köklərə malikdir. Bu amillər xalqların yaxınlaşmasını şərtləndirən amillərdir.
Əbülfəs Qarayev deyib ki, digər sahələrdə olduğu kimi mədəniyyət sahəsində də ölkələrimiz arasında sıx əlaqələr mövcuddur. Teatr, kino, nəşriyyat işi üzrə əlaqələr inkişaf edir. Azərbaycanda bir sıra filmlər İran aktyorlarının və mütəxəssislərinin iştirakı ilə ərsəyə gəlir.
İranda keçiriləcək Azərbaycan mədəniyyəti günləri çərçivəsindəki tədbirlərdən danışan nazir nəzərə çatdırıb ki, Tehran, İsfahan, Ərdəbil şəhərlərində teatr tamaşaları, filmlər, konsert proqramları nümayiş olunacaq, fotosərgilər açılacaq. “Mədəniyyət günlərinin qarşılıqlı şəkildə keçirilməsi xalqların bir-birini daha yaxından tanımasına, təmasların qurulmasına imkan yaradır. Hər il Novruz bayramında İran vətəndaşlarının Bakıya gələrək bayramı Azərbaycanın paytaxtında qeyd etmələri təsadüfi xarakter daşımır. Azərbaycan xalqı ilə eyni adət-ənənəyə malik olan iranlılar Bakıda özlərini daha rahat hiss edirlər. Xalqların yaxından tanış olması mədəni əlaqələrin inkişafı üçün əlavə stimul yaradır”, - deyə nazir vurğulayıb.
Nazir Azərbaycanda mədəniyyətə göstərilən dövlət qayğısından da danışıb, o cümlədən mədəniyyət günlərində nümayiş olunacaq filmlərin dövlətin vəsaiti ilə çəkildiyini diqqətə çatdırıb.
Vurğulanıb ki, Azərbaycan hər il müxtəlif beynəlxalq tədbirlərə ev sahibliyi edir və ölkəmiz bu tədbirlərdə İranı diqqətdən kənarda saxlamır. Ənənəvi muğam festivalında, sərgilərdə, beynəlxalq əhəmiyyətli konfranslarda İran həmişə dəvət edilir və təmsil olunur.
May ayında Bakıda keçirilən 4-cü İslam Həmrəylik Oyunlarında İran böyük nümayəndə heyəti ilə iştirak edib. İran idmançıları da bu yarışlarda 100-ə yaxın medal qazanıblar. Bununla yanaşı, yarışlar zamanı Bakıda müxtəlif iştirakçı ölkələrin təqdimatı üçün şərait yaradılıb. Bu fürsətdən yararlanan İran özünün mədəniyyəti, turizm potensialı, iqtisadiyyatı və digər sahələrini təqdim edərək geniş təbliğat işini həyata keçirib.
Nazir ötən il Bakıda İran filmləri həftəsinin keçirildiyini də xatırladıb. Qeyd edib ki, İran istehsalı olan ekran əsərləri Azərbaycanın mədəniyyət adamları arasında ciddi maraq doğurdu. Hər gün nümayiş olunan filmlərə ictimaiyyətin bütün nümayəndələri baxmağa gəlirdilər. Azərbaycan ilə İran İSESCO və İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində də yaxından əməkdaşlıq edir.
Əbülfəs Qarayev deyib: “Bu gün İran ilə Azərbaycanın mədəni əlaqələrini elə yüksək səviyyəyə çatdırmaq lazımdır ki, gələcəkdə hər iki ölkənin gəncləri bundan istifadə edərək xoş münasibətləri qoruyub saxlasınlar və inkişaf etdirsinlər”.
Qeyd olunub ki, gələn il Azərbaycanda İran mədəniyyəti günlərinin də keçirilməsi mümkündür və tədbirlər təkcə Bakı şəhərində deyil, Gəncə, Qəbələ və digər şəhərlərdə reallaşa bilər.
İranın mədəniyyət və islami irşad naziri Salehi Əmiri ölkəsində Azərbaycan mədəniyyəti günlərinin keçirilməsi üçün bütün şəraitin yaradıldığını bildirib. Nəzərə çatdırıb ki, Azərbaycan İranın yaxın qonşusudur və dost dövlətdir. İran Prezidenti hər zaman Azərbaycanın bir qonşu və dost kimi İran üçün əhəmiyyətli olduğunu vurğulayıb. İranlı nazir əlyazmalar və kitab nəşri sahələrində əməkdaşlıq əlaqələrinin genişləndirilməsinin zəruri olduğunu vurğulayıb. Qeyd edib ki, İranın kitabxanalarında qədim əlyazmalar var və bunların birgə araşdırılması yeni tarixi faktları ortaya çıxarar.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Sonra nazirlər birgə mətbuat konfransı keçiriblər.
* * *
Həmin gün Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbülfəs Qarayev İranın Mədəniyyət və İslami Əlaqələr Təşkilatının sədri Əbuzər İbrahim Türkmən ilə də görüşüb.
Görüşdə Ə.Qarayev bildirib ki, İran və Azərbaycan xalqlarının tarixi yaxınlığı müasir dövrdə mədəni əlaqələrin inkişafını zərurətə çevirib. İndiyədək iki ölkə arasında 130-dan çox sənəd, o cümlədən mədəni əməkdaşlıq sənədləri imzalanıb. Hər iki ölkə qarşılıqlı olaraq mədəniyyət günlərinin keçirilməsində maraqlıdır. Mədəniyyət günləri xalqların bir-birini daha yaxından tanımasına, təmasların qurulmasına imkan yaradır. Azərbaycan və İran xalqları eyni dinə, mədəniyyətə və adət-ənənələrə malikdirlər. Yaxın qonşu və dost dövlətlər olan Azərbaycan ilə İranın mədəniyyət sahəsindəki əməkdaşlıq əlaqələri xalqlarımızın maraqlarını əks etdirir.
Bu əlaqələri daha da genişləndirmək üçün teatr kollektivlərinin qastrol səfərlərini, incəsənət adamlarının konsert proqramlarını qarşılıqlı şəkildə təşkil etmək lazımdır. Nazir İranın Mədəniyyət və İslam Əlaqələri Təşkilatının fəaliyyətini yüksək qiymətləndirərək qeyd edib ki, qurum xaricdə geniş fəaliyyət göstərərək İran xalqının milli kimliyinin təbliğinə töhfə verir. Azərbaycan da öz milli mədəniyyətini dünyaya tanıtmaq istiqamətində fəal siyasət yürüdür.
Azərbaycanda kino sənətinə göstərilən dövlət qayğısından danışan Ə.Qarayev nəzərə çatdırıb ki, filmlərimiz beynəlxalq festivallara təqdim olunur və mükafatlara layiq görülür. Nazir iki ölkə arasında birgə filmlərin istehsalının və bazara çıxarılmasının həm təbliğat, həm də əməkdaşlıq baxımından səmərəliliyini xüsusi qeyd edib. Bildirib ki, nəşriyyat sahəsində də əməkdaşlıq əlaqələrinin qurulması nəticəsində birgə kitab çapını həyata keçirmək mümkündür. Həm fars, həm də Azərbaycan dillərində çap ediləcək kitablar iki xalqın oxucuları üçün gözəl töhfə olar.
Söhbət zamanı Azərbaycan mədəniyyəti günləri barədə məlumat verən Ə.Qarayev geniş proqrama malik silsilə tədbirlər çərçivəsində filmlərin, teatr tamaşalarının nümayiş olunacağını, fotosərgilərin və konsertlərin təşkil ediləcəyini bildirib.
İranın Mədəniyyət və İslam Əlaqələri Təşkilatının sədri Əbuzər İbrahim Türkmən ölkəsində Azərbaycan mədəniyyəti günlərinin keçirilməsindən məmnunluğunu ifadə edərək, yaradıcı kollektivlərə hər cür kömək göstəriləcəyini diqqətə çatdırıb. O, Xəzəryanı ölkələrin mədəniyyət komitəsinin yaradılması təklifini irəli sürüb. Bildirib ki, Xəzər dənizi ətrafında yaşayan xalqlar oxşar mədəniyyətə malikdir. Bu mədəniyyətlərin təmsilçilərinin bir araya gəlməsi səmərəli olar.
Görüşdə mədəniyyət xadimlərinin qarşılıqlı səfərlərinin təşkili, birgə sərgilərin keçirilməsi və digər məsələlər ətrafında müzakirələr aparılıb. Sonda qarşılıqlı hədiyyələr təqdim edilib.
Görüşlərdə Azərbaycanın İrandakı səfiri Bünyad Hüseynov iştirak edib.
Mədəniyyət.-2017.- 5 iyul.- S.3.