Krakovda UNESCO-nun
Dünya İrs Komitəsinin
sessiyası keçirilir
Şəkinin tarixi hissəsinin Dünya
irsi siyahısına daxil edilməsi məsələsinə də
baxılacaq
İyulun 3-də Polşanın
Krakov şəhərində UNESCO-nun Dünya İrs Komitəsinin
41-ci sessiyası işə başlayıb.
Tədbirdə ölkəmizi Azərbaycan
Respublikasının UNESCO yanında daimi nümayəndəliyinin
rəhbəri, səfir Anar Kərimovun
başçılığı ilə Mədəniyyət və
Turizm Nazirliyinin Beynəlxalq əməkdaşlıq
şöbəsinin müdiri Vasif Eyvazzadə, Dünya İrs
Komitəsində ölkəmizin eksperti Rizvan Bayramov, Ekologiya və
Təbii Sərvətlər Nazirliyi və Azərbaycanın
UNESCO üzrə Milli Komissiyasının üzvlərindən
ibarət nümayəndə heyəti təmsil edir.
Açılış mərasimində
Polşa Prezidenti Ancey Duda, UNESCO-nun baş direktoru İrina
Bokova, ölkənin mədəniyyət və milli irs naziri
Pyotr Qlinski çıxış ediblər.
Sessiya çərçivəsində
dünya mədəni və təbii irsinə dair 200-dək qərar
qəbul olunacaq. Təqdim edilmiş 34 məkandan bəzilərinin
UNESCO-nun Dünya irsi siyahısına salınması barədə
qərar qəbul ediləcək. Həmçinin, Dünya
İrs Komitəsi daha öncə siyahısına
salınmış 99 yerin qorunma vəziyyəti, habelə təhlükə
altındakı obyektlərin vəziyyəti ilə
bağlı müzakirələr aparacaq. Sessiya çərçivəsində
Suriyanın Hələb şəhərinin sakinləri
üçün xeyriyyə aksiyası keçiriləcək.
Qeyd edək ki, UNESCO-nun Dünya
İrs Komitəsinə 21 ölkə daxildir. Azərbaycan komitəyə
2015-ci ildə üzv seçilib. Polşa 2013-cü ildən
komitəyə sədrlik edir və sədrlik müddəti bu
il başa çatır.
Dünya İrs Komitəsinin
direktoru xanım Meçdild Rossler sessiyada
çıxışında “Hərbi münaqişə
zamanı mədəni irsin qorunmasına dair Hərbi Bələdçi”nin
hazırlanması və nəşrinə göstərdiyi dəstək
və maliyyə töhfəsinə görə Azərbaycan
hökumətinə təşəkkürünü bildirib.
Qeyd edək ki, Azərbaycandan
İçərişəhər, Şirvanşahlar sarayı
və Qız qalası ilə birlikdə, eləcə də
Qobustan Milli tarix-bədii qoruğu Dünya irsi
siyahısına daxil edilib. İclasda Azərbaycan tərəfinin
təklifinə əsasən “Xan sarayı ilə birgə
Şəkinin tarixi hissəsi”nin UNESCO-nun Dünya irsi
siyahısına daxil edilməsinə dair namizədlik sənədi
də müzakirə olunacaq.
Mədəniyyət.-2017.- 5 iyul.-
S.7.