“Üçüncü
günün adamı” böyük
ekrana çıxdı
İyunun 30-da Nizami Kino Mərkəzində
“Üçüncü günün adamı” bədii filminin təqdimatı
keçirildi.
Tədbirdə Mədəniyyət və Turizm Nazirliyinin Kino yaradıcılığı və filmlərin təbliği sektorunun böyük məsləhətçisi Almaz Sultanzadə çıxış edərək ekran əsəri barədə məlumat verdi. Bildirdi ki, Qarabağ mövzusunda olan film Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında ekranlaşdırılıb.
Filmin quruluşçu rejissoru Babək Şirinsifət, ssenari müəllifi Maqsud Qarayşa, quruluşçu operatoru Rafiq Quliyev, quruluşçu rəssamları Rafiq Nəsirov, Arif Niftiyev, bəstəkarı Firudin Allahverdi, icraçı prodüserləri Tərlan Babayev, Arif Səfərov, prodüseri Müşfiq Hətəmovdur. Ekran əsərində rolları Hikmət Rəhimov, Rasim Cəfərov, Kamran Ağabalayev, Nicat Həbibov, Vidadi Əliyev, Mehriban Zəki, Mətanət Abbasova, Xalidə Quliyeva, Zarina Qurbanova, Məmməd Səfa və Ayşad Məmmədov canlandırıblar.
Təqdimatda çıxış edən "Azərbaycanfilm" kinostudiyasının direktoru Müşfiq Hətəmov milli kinomuzun uğurlarından söz açdı. Bildirdi ki, son illər filmlərimiz dünyanın 60-dan çox nüfuzlu festivalında nümayiş olunub, mükafatlar qazanıb. O, “Üçüncü günün adamı” filminin də uğur qazanacağına və Azərbaycan həqiqətlərinin dünyada təbliğ olunmasına töhfə verəcəyinə inamını ifadə etdi.
Sonra filmin yaradıcı heyəti səhnəyə dəvət olundu.
Quruluşçu operator Rafiq Quliyev çəkiliş prosesindən söz açdı. Yeni filmdə çalışdığı yaradıcı heyəti təbrik etdi. Bildirdi ki, bu gün vətənpərvərlik mövzusunda lentə alınan filmlərə ehtiyac var. Aktyorlar yeni ekran əsəri ilə bağlı fikirlərini bölüşərək “Üçüncü günün adamı” filmini müharibə mövzusuna yeni rejissor baxışı kimi dəyərləndirdilər.
Daha sonra ekran əsəri nümayiş olundu.
Uzunmüddətli cəzaya məhkum edilmiş filmin qəhrəmanı azadlığa çıxdıqda yaxınlarını dünyadan köçmüş, doğma rayonunun isə işğal edildiyini görür. Təsadüf nəticəsində tanış olduğu həmyerlisi ilə birlikdə təmas xəttini keçərək Kəlbəcərdəki kəndinə gedib çıxan qəhrəman, nəhayət, öz arzusuna çatır - ata-anasının qəbirlərini ziyarət edə bilir...
Lalə
Mədəniyyət.-2017.- 5 iyul.-
S.7.