“Əli və
Nino” ABŞ Dövlət Departamentində
göstərilib
Amerika Beynəlxalq Diplomatik Xidmət Əməkdaşları
Assosiasiyasının (The Associates of the
American Foreign Service Worldwide) təşkilatçılığı
ilə ABŞ Dövlət
Departamentinin əsas zallarından biri olan Corc Marşal
auditoriyasında Heydər
Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın layihə rəhbəri və icraçı prodüseri
olduğu “Əli və Nino” filmi nümayiş olunub.
Assosiasiyanın
proqram direktoru Şeyla Svitzer çıxış edərək
filmin Qurban Səidin “Əli və Nino” romanı əsasında çəkildiyini
və iki gənc arasında yaşanan sevgi hekayəsindən, I Dünya
müharibəsi dövründə
Azərbaycanda, eləcə
də, ümumilikdə
Qafqaz regionunda baş verən hadisələrdən bəhs
etdiyini qeyd edib.
Assosiasiyanın prezidenti Coanna
Asanasopoulos Oven filmin
ABŞ Dövlət Departamentində
nümayişi üçün
göstərdiyi dəstəyə
görə Azərbaycan
səfirliyinə minnətdarlığını
bildirib. O, “Oskar” mükafatçısı
Asif Kapadianın rejissoru olduğu filmdə məşhur kino ulduzlarından Mendi Petinkinin, Adam Bakrinin, Mariya Valverdenin və Halit Ergençin yer aldığını diqqətə çatdırıb.
Səfir Elin Süleymanov
çıxış edərək
“Əli və Nino” romanının tarixi əhəmiyyətindən danışaraq
azərbaycanlı və
gürcü gənclərin
birgə və azad yaşamaq üçün mübarizə
apardıqlarını, Azərbaycanın
müstəqilliyi naminə
böyük qurbanlar verdiklərini və bunun da hazırkı
gənc nəsillər
üçün bir nümunə olduğunu vurğulayıb. Diplomat, filmdə
də göstərildiyi
kimi, dövlət müstəqilliyinin həm
Azərbaycan, həm də Gürcüstan xalqları üçün
qürur mənbəyi
olduğunu bildirib,
roman əsasında çəkilmiş
“Əli və Nino” filminin regionumuzdakı milli kimliklərin və onlar arasında
qarşılıqlı münasibətlərin
başa düşülməsi
üçün maraqlı
təqdimat rolunu oynaya biləcəyini qeyd edib. Səfir Heydər
Əliyev Fondunun vitse-prezidenti, filmin icraçı prodüseri
Leyla Əliyevaya, eləcə də yaradıcı heyətə
minnətdarlığını bildirib.
Filmin təqdimatında Dövlət Departamentinin əməkdaşları, Vaşinqtonda
akkreditə olunmuş
səfirlər və ictimai xadimlər iştirak ediblər.
Mədəniyyət.-2017.- 5 iyul.- S.10.