Əməkdar artist Telman
Əliyev dünyasını
dəyişib
Azərbaycan mədəniyyətinə itki üz verib.
Teatr sənətinin tanınmış nümayəndəsi,
istedadlı teatr və kino aktyoru,
Əməkdar artist Telman
Rüstəm oğlu Əliyev 2017-ci il
iyul ayının 4-də
69 yaşında vəfat
edib.
Telman Əliyev 1947-ci il
noyabrın 2-də Şuşa
şəhərində anadan
olub. 1982-ci ildə
Azərbaycan Dövlət
İncəsənət İnstitutunun
Mədəni-maarif fakültəsini
bitirib. Gəncə
Dövlət Dram Teatrında
yaradıcılıq fəaliyyətinə
başlayan aktyor “Solğun çiçəklər”
tamaşasında Bəhram,
“Almaz”da Baloğlan, “Vaqif”də Şeyx Alı, “O olmasın, bu olsun”da Məşədi
İbad, “Əliqulu evlənir”də Əliqulu
və başqa səhnə əsərlərində
çıxış edib.
2000-ci ildə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının heyətinə qəbul edilib. Teatrın səhnəsində Səməd
bəy (“Lənkəran
xanının vəziri”
- M.F.Axundzadə), Şeyx
Əhməd (“Ölülər”
- C.Məmmədquluzadə), Balaxan (“Aydın” - C.Cabbarlı), Məhəmməd
xan (“Qarabağnamə”
- İ.Əfəndiyev), Baba, Hacı Məmmədtağı
(“Poçt şöbəsində
xəyal”, “Sənətkarın
taleyi” - Elçin), Qüdrət Qurbanoviç,
Dilənçi (“Köhnə
ev”, “Varlı qadın” - Ə.Əmirli),
Yoldaş Əmrah (“Bu
dünyanın adamları”
- Hidayət), Teromen (“Fedra” - J.Rasin), Oğlan (“Kaş araba aşmayaydı” - O.İoseliani), Zindan rəisi (“Qadın məhəbbəti” - V.Hüqo),
Həkim (“Yaşlı
xanımın gəlişi”
- F.Dürrematt) kimi rolları yaddaqalan olub.
Telman Əliyev “Acılar bitməz”, “Axınla aşağı”, “Cavad xan”, “Xoca”, “Qaydasız döyüş”,
“O dünyadan salam”, “Şeytan göz qabağında”, “Yalan”, “Təlatüm” filmlərinə,
teleseriallara və teletamaşalara çəkilib.
Aktyorun milli teatr və kino sənətinin
inkişafında xidmətləri
yüksək qiymətləndirilib.
O, 1989-cu ildə respublikanın
Əməkdar artisti fəxri adına
layiq görülüb.
Telman Əliyevin əziz
xatirəsi onu sevənlərin qəlbində
yaşayacaq.
Allah rəhmət
eləsin.
Mədəniyyət
və Turizm Nazirliyi
Azərbaycan Teatr Xadimləri İttifaqı
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı
Mədəniyyət.-2017.- 5 iyul.- S.11.