Azərbaycan-polyak tarixi dostluğunun xatirə
lövhələri
Ölkəmizin Polşadakı səfirliyinin təşəbbüsü ilə Azərbaycan-polyak dostluğuna töhfələr vermiş insanlarla bağlı 20-dək xatirə lövhəsi və abidə qurulub. Bu ənənənin davamı olaraq may-iyun aylarında səfirlik tərəfindən üç xatirə lövhəsinin açılış mərasimi təşkil edilib.
Soxaçev şəhər Mədəniyyət mərkəzində Azərbaycan xalq musiqisini Avropa notları ilə yazaraq Avropada təbliğ etmiş polşalı pianoçu Antoni Kontskinin xatirə lövhəsinin açılış mərasimində şəhər rəhbərliyinin nümayəndələri, Polşa Seyminin üzvləri, Kontskilər ailəsinin təmsilçiləri iştirak ediblər. Tədbir çərçivəsində Azərbaycan bəstəkarları və Antoni Kontskinin əsərlərindən ibarət konsert proqramı təşkil edilib.
Torun şəhərində yerləşən 6 saylı məktəbdə 1842-ci, 1845-ci və 1859-cu illərdə Varşavada nəşr edilmiş “Qafqaz oçerkləri” kitabında Bakı şəhərinin qədim mənşəyi və məşhur Qız qalası haqqında məlumat vermiş polyak tədqiqatçısı və səyyahı Mixal Andjeykoviç-Butovtun xatirə lövhəsinin açılış mərasimi keçirilib. Tədbirdə Torun şəhər rəhbərliyi və nümayəndələri iştirak ediblər.
Beljıtse şəhərindəki N.Kopernik adına məktəbdə Azərbaycan alimi və tarixçisi Abbasqulu ağa Bakıxanov və polyak riyaziyyatçısı, astronomu Nikolay Kopernikin şərəfinə birgə xatirə lövhəsinin açılış mərasimi olub. Tədbirə Quba Rayon İcra Hakimiyyətinin başçısı Yaşar Məmmədovun rəhbərliyi altında nümayəndə heyəti, Beljıtse şəhərinin rəhbərliyi qatılıb.
Tədbirlərdə
səfir Həsən Həsənov Azərbaycanın tarixi, müasir dövrü, Azərbaycan-Polşa əlaqələri
haqqında məlumat verib, Azərbaycanın
tarixi, mədəniyyəti barədə polyak dilində kitabları məktəblərin
kitabxanasına hədiyyə edib.
Mədəniyyət.-2017.- 5 iyul.-
S.14.