Mənalı ömrün əlvan notları
Elmlə, hünərlə! -
Başqa cür heç kəs,
Heç kəsə üstünlük eləyə bilməz!
Bu yazını Nizami Gəncəvinin elm haqqında müdrik misraları ilə başlamağımız təsadüfi deyil. Haqqında söhbət açacağımız zərif qəlbli insan əsl elm fədaisidir. Onun mənalı ömrü elmin və incəsənətin əlvan boyaları ilə elə çulğalaşıb ki, bu qarşılıqlı vəhdət əsrarəngiz bir harmoniya yaradıb. Bu harmonik çalarlarda isə sanki ilahi melodiyanın əlvan notları səslənir. Həmin əsrarəngiz gözəlliyi yaradan isə insan zəkasıdır. Bu zəkalı insanı çoxları tanıyır və sevir. Çünki özünü xalqa, cəmiyyətə, elm aləminə tanıtmaq üçün fədakarlıqla çalışıb, insanların sevgisini qazanmaq üçün isə yüksək humanist cəhətləri özündə formalaşdırıb. Odur ki, bu gün elm və incəsənət aləmində fəlsəfə elmləri doktoru, professor, Əməkdar incəsənət xadimi Gülnaz Abdullazadənin öz yeri, öz dəst-xətti var.
Gülnaz Abdullazadə Azərbaycan mədəniyyətinə dəyərli töhfələr verib. Bu mənada onun alim, musiqiçi, pedaqoq və ictimai xadim kimi göstərdiyi xidmətlər çox təqdirəlayiqdir. Bu istiqamətlərin hər biri ayrılıqda böyük zəhmət tələb edən sahələrdir. Gülnaz xanımın elm və incəsənət sahəsində fəaliyyətinin tarixin yaddaşına köçməsində onun öz xidmətləri ilə bərabər haqqında yazılan kitabın da rolu az olmayacaq.
Bu günlərdə sənətşünaslıq üzrə fəlsəfə doktoru Nuridə İsmayılzadənin “Elmin zirvəsində. Gülnaz Abdullazadə” kitabı (rus dilində) “Elm və təhsil” nəşriyyatında çapdan çıxıb. Kitab bir neçə bölmədən ibarətdir. Bu bölmələrin hər birində də qəhrəmanın ömür yolunun və fəaliyyətinin müəyyən məqamları dolğun şəkildə işıqlandırılıb. I bölmə onun doğulub, boya-başa çatdığı ailədən, uşaqlıq və yeniyetmə dövründən, təhsil illərindən bəhs edir. II bölmədə onun elmi və pedaqoji fəaliyyəti, daha sonrakı bölmələrdə professor, ictimai xadim kimi çalışmaları, o cümlədən Türkiyə və Azərbaycan arasında musiqi elmi sahəsində əlaqələrin inkişafında xidmətləri işıqlandırılıb.
Gülnaz Abdullazadənin yaradıcılığında dahi Üzeyir Hacıbəyli irsinin tədqiqi də mühüm yer tutur. Müəllif bu mövzuya ayrıca bir bölmə həsr edib ki, burada alimin Üzeyir bəyin arxivində apardığı araşdırmalardan söhbət açılır.
Müəllif Gülnaz xanımın tədqiqatları, elmi, publisistik məqalələri, müxtəlif illərdə nəşr olunan kitabları, onun rəhbərliyi altında aparılan tədqiqatlar, yetişdirdiyi alimlər, ictimai fəaliyyəti barədə çox ətraflı məlumatlar verir.
Qeyd etməliyik ki, Gülnaz Abdullazadə bir filosof alim kimi də musiqi elminin tədqiqatlarına öz dərin fikirləri ilə daha dolğun məna verir. Nuridə xanım da kitabında alimin bu cəhətlərini geniş şərh edir.
Kitab Gülnaz Abdullazadənin həyat və yaradıcılıq yolunun əsas məqamlarını özündə ehtiva edir. Bu mənada uzun illər Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasında müəllim və elmi işlər üzrə prorektor vəzifəsində çalışan, müxtəlif respublika və beynəlxalq səviyyəli elmi simpozium və konfransların iştirakçısı olan Gülnaz xanımın çıxışları barədə məlumat və faktlar da qiymətlidir.
Kitabın sonuncu bölməsi tanınmış elm və incəsənət xadimlərinin, eləcə də yetirmələrinin Gülnaz xanım haqqında ürək sözlərindən ibarətdir.
Gülnaz Abdullazadənin ömrü həm də əlvan notlardan ibarətdir. O, yaradıcılığa musiqi ilə qədəm qoyub. İstedadlı insan kimi doğulan Gülnaz xanımı elm və sənət aləminə gətirən musiqidir. O, nəinki musiqini duyur, ifa edir, təhlil və tədqiq edir, hətta özü professional musiqi əsərləri yazır. Buna misal olaraq onun “Kvartet”, fortepiano üçün “Variasiyalar”ını, bir neçə romans silsilələrini və digər əsərlərinin adını çəkə bilərik. Təqdim olunan kitabda bu barədə də yazılıb. Mənim isə Gülnaz xanımın bəstəkarlıq istedadı ilə bağlı məqalənin sonunda söz açmağım məhz onun nail olduğu uğurlarda musiqiyə mənəvi ehtiyacın ifadəsidir. Çünki musiqi öz ilahi gücü, füsunkar qüdrəti ilə hamını ovsunlayır, qəlbləri riqqətə gətirir. O insan ki erkən yaşından musiqiyə aludə olur, onu özünə ömürlük sənət seçir, təbii ki, bu halda o ömrü musiqisiz təsəvvür etmək mümkün deyil. Gülnaz xanım üçün də məhz belədir. Musiqi onun ömrünün və yaradıcılığının ayrılmaz hissəsi olmaqla, həm də mənalı ömrünün əlvan notlarıdır. Arzu edirik ki, bu notlar daim major tonallıqda səslənsin.
Səadət Təhmirazqızı
Əməkdar mədəniyyət işçisi, sənətşünaslıq
üzrə fəlsəfə doktoru
Mədəniyyət.-2017.- 5 iyul.-
S.15.
P.S. İyulun 4-də Azərbaycan Bəstəkarlar İttifaqında Əməkdar incəsənət xadimi, professor, Bakı Musiqi Akademiyasının prorektoru Gülnaz Abdullazadəyə həsr edilmiş kitabın təqdimatı keçirilib.