İki çocuğun Avropa səyahəti”

Ordubadinin əsəri Almaniyada nəşr olunub

  

   Almaniyanın “Borsdorf Winterwork” nəşriyyatında Məmməd Səid Ordubadininİki çocuğun Avropa səyahəti” əsəri alman dilində işıq üzü görüb.

   AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutundan bildirilib ki, akademik İsa Həbibbəyli kitaba yazdığı “Ön söz”də Avropa oxucusuna M.S.Ordubadinin həyat və yaradıcılığı, habelə ədibin “İki çocuğun Avropa səyahəti” əsəri haqqında müfəssəl məlumat verib.

   İki çocuğun Avropa səyahəti” əsəri ilk dəfə 1907-1908-ci illərdə Bakıda çıxan “Tazə həyat” qəzetində hissə-hissə çap olunub. 94 günlük səyahəti canlandıran və on məktubdan ibarət olan əsər Şərq-Qərb müqayisəsi yolu ilə milli oyanışa və dirçəlişə çağırış motivini əks etdirir. Qərb həyat tərzini təsvir edən bu əsər mövzu, süjet və kompozisiyası etibarilə məktub-romandır. Əsərdə “tərəqqi yoluna çox cəsarətlə addım atmış Almaniyadan, “ticarətdə dünyaya güzgü misalı olan Belçikadan, “dünyamızın bir ümumi mədrəsəsi” olan Fransadan, “dünya içində bir dünya olan Avstriyadan və “Avropa şəhərləri səviyyəsində inkişaf edən Türkiyə”dən yazılmış məktublarda adları çəkilən ölkələrin iqtisadi, siyasi mənzərəsi, həyat tərzi haqqında ümumi məlumat verilməklə yanaşı, həmin ölkələrin sırf özünəməxsus xüsusiyyətləri də qələmə alınıb.

   Alman dilində nəşr olunanİki çocuğun Avropa səyahəti” (“Die Reise zweier Jungen nach Europa”) artıq Alman Milli Kitabxanasının biblioqrafiyasında qeydiyyatdan keçirilib. Əsər haqqında ətraflı biblioqrafik məlumatları saytında əldə etmək mümkündür.

   Əsəri alman dilinə AMEA Ədəbiyyat İnstitutunun əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru Xanım Zairova tərcümə edib.  

 

Mədəniyyət.-2017.- 5 iyul.- S.15.