Fransadakı “Azərbaycan
parkı”nda Natəvanın
abidəsi ucaldılıb
Heydər Əliyev Fondunun
təşəbbüsü ilə Fransanın Evian şəhərində, Leman gölü
sahilində “Azərbaycan
parkı” yaradılıb.
Azərbaycanın İsmayıllı şəhəri ilə
Evian-le-Bən şəhərləri
arasında imzalanmış
dostluq və əməkdaşlıq xartiyası
çərçivəsində salınan parkda görkəmli Azərbaycan
şairəsi Xurşudbanu
Natəvanın heykəlinin
açılış mərasimi
olub.
Mərasimdə
İsmayıllı Rayon İcra
Hakimiyyətinin başçısı
Mirdamət Sadıqovun
rəhbərlik etdiyi nümayəndə heyəti,
Evian-le-Bən şəhərinin
meri Mark Fransina, Azərbaycanın Cenevrədəki
BMT Bölməsində və
digər beynəlxalq təşkilatlar yanında
daimi nümayəndəsi,
səfir Vaqif Sadıqov, ölkəmizin
Fransadakı səfirliyinin
iqtisadi və regionlarla əməkdaşlıq
məsələləri üzrə
müşaviri, müvəqqəti
işlər vəkili
Elmar Məmmədov, Heydər Əliyev Fondunun nümayəndəsi
Ələkbər Quliyev,
yerli ictimaiyyətin nümayəndələri, Fransada
və İsveçrədə
yaşayan azərbaycanlılar
iştirak ediblər.
Mer Mark Fransina qeyd
edib ki, şəhərdəki “Azərbaycan
parkı”nda Natəvanın
heykəlinin ucaldılması
qarşılıqlı dostluğun
möhkəmlənməsinə xidmət edəcək.
Öz növbəsində Mirdamət
Sadıqov bildirib ki, Azərbaycanın görkəmli şairəsinin
abidəsinin Evian-le-Bən
şəhərində ucaldılması
qürurverici haldır.
O, İsmayıllıda “Evian-le-Bən” parkının açıldığını və rayon muzeyində dost
şəhərlə bağlı
guşənin fəaliyyət
göstərdiyini qeyd
edib.
Heydər Əliyev Fondunun
nümayəndəsi Ələkbər
Quliyev təmsil etdiyi qurumun iki ölkə arasındakı əlaqələrə
böyük önəm
verdiyini, çoxsaylı
layihələr həyata
keçirdiyini, tədbirlər
təşkil etdiyini diqqətə çatdırıb.
Qeyd edib ki, Fondun dəstəyi
ilə Parisdə mütəmadi olaraq “Azərbaycan şəhərciyi”
təşkil olunur, Kann şəhərində
ölkəmizin tarixi və mədəniyyətinə
həsr olunan, artıq ənənəyə
çevrilmiş sərgi
keçirilir, tariximiz,
mədəniyyətimiz, eləcə
də milli mətbəximizlə bağlı
kitablar fransız dilinə tərcümə
edilir. İki xalqın qarşılıqlı
şəkildə bir-birinin
mədəniyyətini daha
yaxından tanıması
üçün müntəzəm
olaraq Fransanın müxtəlif şəhərlərində
mədəniyyət tədbirləri
keçirilir.
O, tədbir iştirakçılarına Natəvanın
fransız yazıçısı
Aleksandr Düma ilə görüşü
barədə də məlumat verərək bildirib ki, Azərbaycanın
görkəmli şairəsinin
abidəsinin Evian kimi turizm şəhərində
ucaldılması bura gələn turistlərə
də ölkəmizi tanımağa imkan verəcək.
Azərbaycanın Fransadakı səfirliyinin iqtisadi və regional məsələlər üzrə müşaviri, müvəqqəti işlər vəkili Elmar Məmmədov deyib ki, artıq iki ölkənin 15 şəhəri arasında dostluq və əməkdaşlıq xartiyası imzalanıb. Evian-le-Bən ilə dostluq və əməkdaşlıq xartiyası 2015-ci ildə imzalanıb və həmin il İsmayıllıda Evian parkının təməli qoyulub. Xurşudbanu Natəvanın anadan olduğu Şuşa şəhəri, Qarabağ bölgəsi haqqında ətraflı məlumat verən E.Məmmədov qeyd edib ki, iki şəhər arasında dostluğun rəmzi olan “Azərbaycan parkı” qarşılıqlı əməkdaşlığın, mədəniyyətlərarası dialoqun inkişafına öz töhfəsini verəcək.
Tədbir iştirakçıları Natəvanın heykəlinin müəllifləri Salhab Məmmədov və Əli İbadullayevə yaratdıqları bu ecazkar əsərə görə təşəkkür ediblər.
Sonda xanəndə Günay İmamverdiyeva Əməkdar artist Toğrul Əsədullayevin (kamançada) və Rövşən Qurbanovun (tarda) müşayiəti ilə “Şuşanın dağları” xalq mahnısını və “Azərbaycan” mahnısını ifa edib.
Qeyd edək ki, bu, Azərbaycanın görkəmli şairəsinin Avropada ikinci abidəsidir. 2016-cı ilin fevralında Belçika Krallığının Vaterlo şəhərində Xurşudbanu Natəvanın abidəsi ucaldılıb.
Mədəniyyət.-2017.- 5 iyul.- S.16.