“Sarı
gəlin” beynəlxalq
festivalda birinci olub
Xəbər verdiyimiz kimi,
Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının nəzdindəki
“Oyuq” teatr-studiyasının
üzvləri Bolqarıstanın
Varna şəhərində keçirilən “Golden Sparkles European Music Festival"ında iştirak
edirlər.
Ölkəmizin üçüncü dəfə
təmsil olunduğu festivalda studiya fəalları Mehrin və Surin Vəlizadələr
və Aylin Nəcəfli uğur qazanıblar.
İngiltərə, İtaliya, Rusiya,
Ukrayna, Belarus, Fransa, Yunanıstan kimi ölkələrdən azyaşlı
vokalçı-aktrisaların yarışdığı festivalda
təmsilçilərimizin triosu münsiflər heyəti qarşısında
rəqs və musiqinin sintezində “Sarı gəlin” Azərbaycan xalq mahnısını ifa edərək müsabiqənin
birincisi seçilib. Mahnını Azərbaycan və
ingilis dillərində
oxuyan balacaların milli geyimlərlə (modelyer Könül Vəlibəyli) təqdim etdikləri səhnəcik
böyük maraqla qarşılanıb.
Bundan başqa,
balacalar autizm sindromlu uşaqlara həsr olunmuş “Əlimdən tut” (musiqisi Vüqar Camalzadə, sözləri Cəmilə
Allahverdiyeva) mahnısı
ilə festivalın mahnı nominasiyasında ikinci yerə layiq görülüblər.
6-15 yaş arası uşaqları əhatə edən sənət bayramı barədə təəssüratını bölüşən studiyanın uşaq qrupunun rəhbəri Səidə Haqverdiyeva “Sarı gəlin”ə təsadüfən müraciət etmədiklərini deyib: “Bilirsiniz ki, digər mədəni nümunələrimiz kimi bu xalq mahnımız da bədnam qonşularımız tərəfindən mənimsənilməyə cəhd edilir. Biz də təqdim etdiyimiz Qarabağ səhnəciyi ilə bu nümunənin xalqımıza məxsusluğunu bir daha isbat etməyə çalışdıq”.
Festivalda münsiflik etmiş "Addım" Gənclər Təşkilatının rəhbəri Hüseyn Cavadzadə balaca aktrisaların ifaçılıq qabiliyyətinin bütün münsifləri heyran etdiyini söyləyib.
G.Mirməmməd
Mədəniyyət.- 2017.- 7 iyul.-
S.7.