Turizm sənayesi yeni
peşəkar kadrları qəbul edə bilər
Azərbaycan Turizm və Menecment Universitetində “Məzun günü” keçirildi
Azərbaycan Turizm və
Menecment Universiteti
(ATMU) 2016/2017 tədris ilini
sayca 8-ci məzun buraxılışı ilə
başa vurur.
İyulun 5-də
Azərbaycan Turizm və Menecment Universitetində “Məzun-2017” mərasimi
keçirildi. Mədəniyyət
və turizm nazirinin müavinləri Sevda Məmmədəliyeva,
Nazim Səmədov, nazirliyin məsul əməkdaşları, ali
məktəbin rəhbərliyi,
ölkəmizdə akkreditə
olunmuş diplomatik korpusun nümayəndələri,
hotel və turizm müəssisələri rəhbərlərinin
qatıldığı mərasim
dövlət himninin oxunması ilə başladı.
Tədbirdə
çıxış edən
ATMU-nun rektoru vəzifəsini
icra edən Eldar Aslanov məzunları
təbrik etdi, onlara gələcək fəaliyyətlərində uğurlar
arzuladı: “Bu gün
məzunlarımız üçün
əlamətdar gündür.
Onlar dördillik zəhmətlərinin,
dərs çalışdıqları
yuxusuz gecələrin
sonuna gəlib çatıblar, tələbəlik
illərini başa vururlar. Bu gənclər
ali təhsilli
mütəxəssislər kimi
cəmiyyətə, sərbəst
həyata qədəm
qoyurlar”.
Eldar Aslanov tədris
ocağının fəaliyyətindən
ətraflı bəhs
etdi. Bildirdi ki, ötən 11 il ərzində
ATMU ölkənin turizm
əmək bazarı üçün peşəkar
kadr hazırlığında
mühüm nailiyyətlər
əldə edib. Ölkəmizdə ilk dəfə ikili
diplom proqramının
həyata keçirilməsi,
Erasmus-Mundus, Tempus layihələrində
iştirak, ölkədə
ilk praktika semestrinin təşkili, peşə
təhsilinin gücləndirilməsi
kimi məsələlər
bu fəaliyyətin mühüm istiqamətləridir.
Universitetin tələbələri Türkiyə, İsrail, İspaniya, Rusiya və digər ölkələrin turizm müəssisələrində təcrübə keçirlər.
Qeyd olundu ki, turizm
və digər xidmət sahələri ölkəmizin gələcək
inkişafında mühüm
sahə kimi nəzərdə tutulur: “Belə bir inkişaf
üçün ilk növbədə
peşəkar kadrların
olması şərtdir.
Ötən müddətdə ATMU keyfiyyətli, turizm əmək bazarının
ehtiyaclarına uyğun
təhsil təşkil
etməklə məşğul
olub. Universitet 11 ixtisas üzrə
bakalavr, magistratura, doktorantura üzrə, həmçinin peşə
və qısamüddətli
kurslarda kadr hazırlığını həyata
keçirir. Bu il ATMU-dan 333 nəfər məzun olub. Onlardan 36-sı magistratura, 297-si bakalavr pilləsini bitirib. Beləliklə, səkkiz ildə
ATMU-dan məzun olanların sayı 2 min
111 nəfərə çatıb.
Onlardan
143-ü magistr dərəcəsi
olanlardır. Builki məzunlardan
15-i eyni zamanda Avstriyanın İMC Krems Tətbiqi Elmlər Universitetinin də diplomunu alıb”.
Vurğulandı
ki, universitet yarandığı gündən
indiyədək 30 xarici
ali məktəb,
34 beynəlxalq təşkilat
və şəbəkə
ilə əlaqələr
qurub. Fəaliyyətində təhsil, tədris,
təlim və təcrübə modelinə
xüsusi önəm verən ATMU sənaye ilə birbaşa əməkdaşlığı prioritet elan edib. Tələbələrin ölkə daxilində
və xaricdə 22 həftəlik istehsalat təcrübəsi təşkil
edilir.
Eldar Aslanov onu da
diqqətə çatdırdı
ki, ATMU-nun nəzdində
fəaliyyət göstərən
Bakı Turizm Peşə Məktəbini
bu il
müxtəlif ixtisaslar
üzrə 471 nəfər
bitirir.
Mərasimdə çıxış edən mədəniyyət
və turizm nazirinin müavini Sevda Məmmədəliyeva
bildirdi ki, ölkəmizin turizm sənayesi Prezident İlham Əliyevin xüsusi diqqət və qayğısı nəticəsində özünün
inkişaf dövrünü
yaşayır. Bu inkişafa öz töhfəsini vermək, turizm obyektlərini savadlı, bacarıqlı
kadrlarla təmin etməkdə ATMU-nun üzərinə
böyük məsuliyyət
düşür.
Məzunlara səslənən nazir müavini onlara qədəm qoyduqları yeni həyatda, gələcək fəaliyyətlərində
uğurlar arzuladı:
“Azərbaycanın artıq
dünya miqyaslı tədbirlərin keçirilməsi
sahəsində ənənələri
mövcuddur. ATMU tələbələri də
ölkəmizdə keçirilən
beynəlxalq tədbirlərdə
könüllülər qismində
çıxış edirlər.
Ali məktəbin tələbələri
Avropa Oyunlarında, Dünya Mədəniyyətlərarası
Dialoq Forumu, BMT Sivilizasiyalar Alyansının
VII Qlobal Forumu, IV İslam Həmrəylik Oyunları və Formula 1 üzrə Azərbaycan Qran-prisində könüllü
kimi töhfələrini
veriblər. Siz artıq qonaqpərvərliyin
nə olduğunu yaxşı bilirsiniz.
Mən
tam əminəm ki, turizm sənayesinin nümayəndələri sizi
ruh yüksəkliyi ilə qarşılayacaq”.
Nazir müavini çıxışının
sonunda ATMU ilə sıx əməkdaşlıq
edən Avstriyanın Krems Universitetinin Menecment mərkəzinin müəllimlərinə, beynəlxalq
proqramlar çərçivəsində
tədris prosesinə dəstək verən nümayəndələrə, professor-müəllim heyətinə,
eləcə də Bakı Turizm Peşə Məktəbinin
müəllimlərinə təşəkkür
etdi.
ATMU-nun nəzdində fəaliyyət
göstərən Bakı
Turizm Peşə Məktəbinin direktoru Neylufər Kərimova, Avstriyanın İMC Krems Tətbiqi Elmlər Universitetinin proqram direktoru Jens Peter və digər çıxış
edənlər təhsil
ocağının fəaliyyətindən
danışdılar. Qeyd olundu
ki, ATMU ixtisaslı kadrlar yetişdirməklə
ölkəmizdə turizmin
inkişafına töhfə
verir. Hazırda
ATMU dünyanın bir
sıra nüfuzlu ali təhsil
ocaqları ilə sıx əməkdaşlıq
edir, beynəlxalq təhsil proqramlarından bəhrələnir.
Çıxış edən bir neçə məzun universitetin rəhbərliyinə
və müəllimlərinə
minnətdarlığını bildirdi.
Sonda Avstriyanın İMC Krems Tətbiqi Elmlər Universiteti ilə ATMU-nun birgə icra etdiyi beynəlxalq proqramın məzunlarına,
universitetin müxtəlif
fakültələrini “əla”
qiymətlərlə bitirən
gənclərə diplomlar,
təhsil ocağının
təhsildə və ictimai işlərdə fərqlənən tələbələrinə
plaketlər təqdim edildi.
Fariz Hüseynov
Mədəniyyət.- 2017.- 7 iyul.-
S.4.