Filmlərimiz Tehranda nümayiş olunur
İranda Azərbaycan mədəniyyəti günlərinin proqramına milli filmlərimizin nümayişi də daxildir. İyulun 4-də Tehranda Azərbaycan kinosu həftəsinə start verilib.
“Arasbaran” Mədəniyyət mərkəzində kino həftəsi rejissor Elçin Musaoğlunun “Nabat” filminin nümayişi ilə başlayıb. “Azərbaycanfilm” kinostudiyasının istehsalı olan ekran əsəri Qarabağ müharibəsinin dramatik hadisələrindən birini əks etdirir. Filmin ərsəyə gəlməsində iranlı kino mütəxəssisləri də iştirak ediblər, baş rolu isə iranlı aktrisa Fatimə Motamed Arya oynayır. İndiyədək 30-dək beynəlxalq festivalda iştirak edib, müxtəlif mükafatlar qazanan film iranlı tamaşaçılar tərəfindən də maraqla qarşılanıb.
Beş gün davam edəcək kino proqramında “Buta” (quruluşçu rejissor İlqar Nəcəf), “Çölçü” (Şamil Əliyev), “Nabat” (Elçin Musaoğlu), “Yarımçıq xatirələr” (Elxan Cəfərov), “Dərs” (Rafiq Əliyev, Cavid Təvəkkül) bədii filmləri yer alıb.
İranda
Azərbaycan mədəniyyəti günləri iyulun 8-də başa çatacaq.
Mədəniyyət.- 2017.- 7 iyul.-
S.8.