"Günlərdən
şeir" adlı layihəyə start verilib
İyulun 7-də
Milli Kitabxananın nəzdində fəaliyyət
göstərən Açıq
kitabxanada Mədəniyyət
və Turizm Nazirliyi, İLESAM təşkilatı
(Türkiyə), Azərbaycan
Milli Kitabxanası və Yazıçılar
Birliyinin birgə həyata keçirdiyi
"Günlərdən şeir"
adlı layihəyə
start verilib. Layihənin ilk qonağı İLESAM-ın rəhbəri, şair Mehmet Nuri Parmaksız olub.
Tədbiri Milli Kitabxananın
direktoru Kərim Tahirov açaraq layihə haqqında qısa məlumat verib. Bildirib ki, Açıq
kitabxanada hər həftənin cümə
günləri şairlərlə
görüşlər keçiriləcək.
İLESAM-ın rəhbəri, şair Mehmet Nuri Parmaksız çıxış edib,
öz şeirlərini
oxuyub. Yazıçılar Birliyinin katibi
Rəşad Məcid də öz yeni şeirlərini, həmçinin Vaqif Bayatlının şeirlərindən
nümunələr söyləyib.
Yazıçılar Birliyinin mətbuat
katibi Xəyal Rza layihənin əhəmiyyətindən danışıb,
qələmə aldığı
poeziya nümunələrini
tədbir iştirakçılarının
diqqətinə çatdırıb.
Görüşdə həmçinin şairlər
Fərqanə Mehdi, Həyat Şəmi, Şəhanə Müşfiq,
Samir Səyyadoğlu,
Səyyarə Məmmədli
və başqaları
öz şeirlərini
oxuyublar. AMEA M.Füzuli
adına Əlyazmalar İnstitutunun
böyük elmi işçisi Şəlalə
Hümmətova, publisist
Zemfira Məhərrəmli
çıxış edərək
layihənin işinə
uğurlar arzulayıblar.
Sonda Mehmet Nuri Parmaksız
layihənin gerçəkləşdirilməsinə
görə əməyi
keçən hər kəsə təşəkkürünü
bildirib.
Lalə Azəri
Mədəniyyət.- 2017.- 12 iyul.-
S.5.