Ədəbiyyatşünas
soydaşımız haqqında kitab nəşr
edilib
Səmərqənddə yaşamış soydaşımız, görkəmli pedaqoq, ədəbiyyatşünas, ictimai xadim, jurnalist, tərcüməçi Seyid Rza Əlizadə haqqında özbək dilində “Seyid Rza əbədiyyəti” adlı kitab çap edilib. Daşkənddə işıq üzü görən nəşrdə Seyid Rza Əlizadə irsinin tədqiqatçısı, professor Qeybulla Əs-Salom, ədibin nəvəsi Fərhad Əlizadə və digər tədqiqatçıların onun haqqında məqalələri toplanıb.
Seyid Rza Əlizadə XX əsrin əvvəllərində Türküstanda xalq maarifinin təşkilində mühüm xidmətlər göstərib. Onun təşkilatçılığı ilə 1907-ci ildə Səmərqənddə “Həyat”, bir il sonra isə “Yeni həyat” adlı məktəblər fəaliyyətə başlayıb. Seyid Rza Əlizadə özbək, tacik və Orta Asiyada yaşayan farsların ilk “Əlifba” kitabını, tacik dilinin ilk qrammatikasını yazıb, ilk ikicildlik rusca-tacikcə lüğəti tərtib edib. Həmçinin ibtidai sinif şagirdləri üçün “Coğrafiya”, “Tarix”, “Riyaziyyat”, “Həndəsə”, “Astronomiya” və “Ərəb dilinin qrammatikası” kitablarını hazırlayıb.
Soydaşımız 1937-ci ildə digər
günahsız ziyalılarımız kimi sürgün olunub, 1945-ci
ildə Vladimir həbsxanasında vəfat
edib. 1958-ci ildə ona
bəraət verilib. Nəvəsi Fərhad
Əlizadə 1987-ci ildə çox
çətinliklə babasının nəşini Vladimir şəhərinin məhbuslar üçün nəzərdə tutulmuş qəbiristanlığından Səmərqəndə
gətirib və “Pəncab” qəbiristanlığında dəfn
edib.
Mədəniyyət.- 2017.- 12 iyul.-
S.10.