50 ilini kitablara vermiş insan

 

 

   “Gərək insanın iki ömrü olaydı: biri yaşamaq üçün, o birikitab oxumaq üçün”

  

   Azərbaycanın məşhur kitabçılarından olan Elman Mustafayevi kitabsevərlər yaxşı tanıyırlar. O, 30 ildən çoxdur ki, Qız qalasının yanındakı “İçərişəhər kitab evi”ndə çalışır. Vaxtilə bura direktor kimi gələn Elman müəllim indi 43 kvadratmetrlik bu kitab evinin sahibidir. Hər gün işə gəlir, kitabsevərlərlə görüşür, gününün çox hissəsini burada keçirir. Təkcə həftənin birinci günü evdə olur. Onunla yiyəsi olduğu kitab evində söhbətləşdim.

   1940-cı ildə Şəkidə anadan olub. 1957-ci ildə orta məktəbi bitirdikdən sonra Bakı Kulinar Ticarət Məktəbində iki il oxuyub. Ayrı-ayrı yerlərdə restoran, aşxana müdiri işləyib: “Mən əslində bir neçə ixtisas yiyəsiyəm. Gənc yaşlarımda orkestrdə tar çalmışam. Üç inşaatçı ixtisasım var, elektrikəm. 1965-ci ildə indiki BDU-nun Kitabxanaçılıq fakültəsinə daxil olmuşam. Oxuya-oxuya kitab evinin direktoru işləmişəm.

   50 ildir kitab sahəsində çalışıram. Uşaqlıqdan kitaba həvəsim olub. Bir dekabrist şair kitab haqqında deyirdi: “Nəsillər, imperiyalar gəlib-gedir, ancaq kitab qalırHəm kitabın ən böyük işi bir nəslin uğurlarını o biri nəslə ötürməkdir. Ona görə kitabın hörməti hər şeydən yüksəkdir”.

   Elman müəllimin bu sənətə gəlişi təsadüfi olmayıb. Həmişə kitab yayıcılığını əsas işi sayıb: “14 il “Maarif” kitab mağazasının müdiri işləmişəm. Şəhərdə ən tanınan kitab mağazası idi. İndi ora Prezident Kitabxanasının kitab evidir. 1980-ci ildə Hökumət evi ilə üzbəüz Bakı Kitab evi inşa edildi. 1980-1985-ci illərdə oranın direktoru oldum. İşlədiyim müddətdə kitab evi 16 göstərici üzrə Moskvadakı eyni kitab evindən sonra ikinci yerdəydi. Bu göstəricilərdə kitabın təbliği başda dururdu. İşlədiyim müddətdə Bakıda 18 yerdə kitab evinin filialını yaratmışdım”.

   Bakı Kitab evilə bağlı E.Mustafayev bir xatirəsini danışır: “Azərbaycan KP Mərkəzi Komitəsinin birinci katibi Heydər Əliyev 1981-ci ildə Kitab evinin rəsmi açılışında iştirak edirdi. Mən bir saatdan çox ona kitab işi haqqında bilgi verdim. O, saatına baxdı, dedi ki, heç bir açılışda bu qədər olmamışam. Onun şəxsi kitabxanasına hər ay 80 adda kitab göndərirdim”.

   Tanınmış kitabçı nüfuzlu yerində çox çalışa bilmir: “Bakı Kitab evinin uğurları artdıqca məndən hər yerə yazırdılar, hətta Moskvaya qədər. Yazanlar da həmkarlarım, “Azərkitab”ın işçiləri idi. 1985-ci ildə öz ərizəmlə işdən çıxdım bura - şəhərdəki ən balaca kitab evinə gəldim. O vaxtlar burada kitablar suvenirlər satılırdı. 4 nəfər işçim vardı. Sonradan buranı özəlləşdirdim”.

   Kitab evində sovet dövrünün nəşrləri daha çox gözə dəyir. Elman müəllim ayda 1000-1200 manatlıq kitab satdığını deyir. Ona bu işdə uzun illərin təcrübəsi yardımçı olur: “Əvvəllər turistlər daha çox kitab alırdılar. İndi yerli sakinlər çox kitab alır. Bədii ədəbiyyat daha çox satılır. Onlara klassikanı oxumağı məsləhət görürəm. Özüm klassikanı çox sevirəm”.

   Tanınmış kitabçı deyir ki, indi kitablar çox bahadır, cildləri də nazikdir. Sovet kitablarının üzü çox qalın, qiyməti də ucuz idi. Elman müəllim indiadamlardan müxtəlif kitablar aldığını deyir. Vurğulayır ki, ona köhnə, artıq kitablarını təmənnasız verənlər də çoxdur.

   Bildirək ki, bura kitab mağazası kimi 1978-ci ildə açılıb. Divar rəsmlərini o vaxt bir gənc rəssam çəkibmiş. Rəsmlər olduğu kimi qalıb. Elman müəllim deyir ki, belə də qalacaq: “Rəsmlər hamısı klassik süjetlərdir. Çalışıram ki, buranın keçmiş ruhunu olduğu kimi saxlayım. Elə buranı başqa kitab mağazalarından fərqləndirən odur”.

   Həmsöhbətim ömrü boyu gözəl, dəyərli kitabların ona düzgün yol göstərdiyini söyləyir: “Ağıllı adam heç vaxt pul dalınca getməz. Hər kəs yaşadığı cəmiyyətə xeyir verməlidir. İnsanı yetişdirən oxuduğu kitablardır. V.Hüqo yaradıcılığı hafizəmdə dərin izlər buraxıb. M.F.Axundov, C.Məmmədquluzadə, Ə.Haqverdiyev sevdiyim yazıçılardır. Şairlərdən B.Vahabzadəni çox oxumuşam. Onunla uzaq qohumluğumuz da var. 50 il onunla dost olmuşam. Bir dəfə o, bura gəldi, kitablara baxdı və dedi: “Ay Elman, biz hərəmiz bir sahənin alimiyik. Sən də bu kitabların alimisən. Sənin alimliyin bizimkindən üstündür”. Ona da həmişə yeni gələn kitabları aparardım, bəyəndiklərini seçib götürərdi. Bir dəfə dedi: “Elman, gərək insanın iki ömrü olaydı: biri yaşamaq üçün, o birikitab oxumaq üçün”.

   Kitabçı ötən günlərlə bağlı başqa bir xatirəsini danışır: “Azərbaycan ziyalılarının çoxu ilə təmasda olmuşam. Bakı Kitab evində 120 nəfərlik konfrans zalı vardı. Hər ay orada ziyalıların oxucularla görüşlərini təşkil edirdim. Bir dəfə Xalq yazıçısı Mirzə İbrahimovun görüşünü keçirdim. Görüşdən sonra o, oxuculara imzalı kitablarını verdi və 89 kitab satıldı”.

   Elman müəllim bildirir ki, Azərbaycanda kitabçılığın ən hörmətli çağı 1970-1980-ci illər olub: “O vaxt işə gələndə ilk telefon zəngim rayonun milis (polis - red.) rəisinə olurdu. Kitab evi saat 10:00-da açılırdı, başlamamış onlarla insan növbəyə dayanırdı. Milis işçisi gəlib qayda-qanun yaradırdı”.

   77 yaşlı məşhur kitabçı son vaxtlar kitab oxuya bilmədiyini deyir. Onun fikrincə, internet heç zaman kitabı əvəz edə bilməz. Ona görə ki, internetdə də ilk qaynaq kitabdır.

  

   S.Qaliboğlu

 

Mədəniyyət.- 2017.- 12 iyul.- S.15.