Uşaq və gənclərin “Dostluq körpüsü”
folklor-rəqs festivalı başa
çatıb
Qonaq ölkələrin nümayəndələri
ilə görüş keçirilib
Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin təşkilatçılığı ilə paytaxtımızda “Dostluq körpüsü” adlı uşaq və gənclərin II Beynəlxalq folklor-rəqs festivalı keçirilib. Festivala Azərbaycan, Rusiya Federasiyası, İran İslam Respublikası, İsrail, Moldova, Latviya və Gürcüstanın rəqs qrupları - ümumilikdə 400-dən çox iştirakçı qatılıb.
İyulun 10-da Nizami Kino Mərkəzində Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin rəisi Vuqar Zeynalov qonaq ölkələrin nümayəndələri ilə görüş keçirib. İdarə rəisi festivalın keçirilməsində əsas məqsədin uşaq və gənclərin istedadlarının inkişaf etdirilməsi, ölkələrin mədəniyyətini nümayiş etdirməklə yanaşı xalqlar arasında dostluq əlaqələrinin daha da möhkəmləndirilməsi olduğunu qeyd edib. Görüşün sonunda qarşılıqlı hədiyyələr təqdim olunub, qonaqlarla xatirə şəkilləri çəkdirilib.
Qeyd
edək ki, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi
ilə keçirilən beynəlxalq festivalın
açılış konserti iyulun 9-da Azərbaycan Dövlət Gənc
Tamaşaçılar Teatrında baş tutub. Festivalın daha bir konserti
Quba şəhərindəki
“Yaşıl teatr”da keçirilib. Rəqs və folklor
bayramı rayon sakinləri
və qonaqlar tərəfindən maraqla
qarşılanıb.
Festivalın yekun konserti iyulun 13-də Mərdəkan Mədəniyyət sarayında keçirilib.
Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsi tərəfindən festival iştirakçıları üçün ekskursiyalar da təşkil olunub. Qonaqlar “Yanardağ” Dövlət tarix-mədəniyyət və təbiət qoruğu, “Qala” Dövlət tarix-etnoqrafiya qoruğu, Şəhidlər xiyabanı, İçərişəhər, Şirvanşahlar sarayı, Qız qalası, Xalça muzeyi və Heydər Əliyev Mərkəzi ilə tanış olublar.
Mədəniyyət.- 2017.- 14 iyul.-
S.8.