89-cu mövsümün
“Sima”ları bəllidir
İyulun 12-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının
bütün kollektivi bu mövsümdə son dəfə bir araya gəldi və həmişə böyüklü-kiçikli tamaşaçıların
əyləşdiyi salona
yığışıb əvvəlcə
2016-2017-ci teatr mövsümü
barədə rəhbərliyin
hesabatını dinlədi.
Mövsümün yekunları barədə
ötən yazımızda
bəhs etdiyimiz üçün keçirik
əsas məsələyə.
Artıq üçüncü ildir ki, sənət
ocağı mövsüm
boyu fərqlənmiş
əməkdaşlarını Azərbaycan Dövlət Gənc Tamaşaçılar
Teatrı və
ASSİTEJ-Azərbaycan Milli
Mərkəzinin təsis
etdiyi "Sima" mövsümi mükafatı
ilə təltif edir. Kollektivin maraqla gözlədiyi
bu təqdimat mərasimi də sözlü-nəğməli və
xoş zarafat dolu keçir. Təqdimat üçün səhnəyə
qalxan hər sənətkar aparıcının
verdiyi zərfi açıb qalibin adını elan edənədək də salondan incə bir həyəcan dalğası keçir.
Builki təqdimat isə
elə qurulmuşdu ki, həmin həyəcan bir qədər də uzandı. Teatrın direktoru, Əməkdar
artist Mübariz Həmidov
və baş rejissor, Əməkdar incəsənət xadimi Bəhram Osmanov ilk olaraq "Teatr və KİV" və
"Teatrın dostu"
nominasiyalarının qaliblərini
elan etdilər. "Kaspi" qəzetinin
əməkdaşı Xəyalə
Rəis və
primetime.az saytının əməkdaşı
Ülviyyə Həsənqızı
teatrın fəaliyyətini
daha geniş işıqlandırdıqlarına görə təltif edildilər.
Sonra sıra gəlib
çatdı teatrın
əməkdaşlarına. Aktrisa Xəyalə Meydanova - "Uğurlu debüt", Elşən
Şıxəliyev "Mövsümün
ən yaxşı xarakterik kişi obrazının ifaçısı",
Mehriban Abdullayeva "Mövsümün ən yaxşı xarakterik qadın obrazının ifaçısı", Elnur
Hüseynov "Mövsümün
seçilən aktyoru",
Bəhram Həsənov
"Mövsümün fərqlənən
aktyoru", Müşfiq
Əliyev "Mövsümün
ən işgüzar aktyoru", Eyvaz İbrahimov "Mövsümün
ən yaxşı epizodik rol ifaçısı"
kimi "Sima-2017" mükafatına
layiq görüldü.
Səhnə arxasında çalışanlar
da unudulmamışdı.
Hüsniyyə Quliyeva "Mövsümün
ən fəal ictimaiyyətçi əməkdaşı",
İradə Mirişli
"Mövsümün ən
yaxşı texniki işçisi", Ələsgər
Muradxanlı "Mövsümün
ən işgüzar əməkdaşı" kimi
fərqləndirildi.
Mükafatı təqdim etmək
üçün səhnəyə
çıxan tanınmış
aktyorlar və "Sima" mükafatının
münsiflər heyətinin
üzvləri nominantların
çox ciddi və ədalətli seçim əsasında müəyyən etdiklərini
deyir və buna görə də rəhbərliyə
minnətdarlıqlarını bildirirdilər. Hər qalibin
adı çəkildikcə
salonda qopan alqış səsləri
də seçimin nə qədər düzgün aparıldığına
sübut idi.
Aktrisa Günel Məhərrəmovanın
məharətli aparıcılıq
etdiyi mərasim təkcə təltiflərlə
yadda qalmadı. Xəzər Universitetinin rəqs ansamblının çıxışı, aktyor
İlham Əsədov
ilə Əməkdar
artist Almaz Mustafayevanın
ifa etdiyi mahnılar, Yunus Əmrədən Məhəmmədhüseyn
Şəhriyaradək türk
dünyasının məşhur
şairlərinin şeirləri
üstündə qurulmuş,
elə onların obrazlarını canlandıran
aktyorların iştirak
etdiyi ədəbi-bədii
kompozisiya məclisə
rəngarənglik qatdı.
Xalq artisti, "Sima-2017" mövsümi mükafatı münsiflər heyətinin üzvü Yasin Qarayev çıxış edərkən gənc aktyorlara bir ağsaqqal tövsiyəsi də verdi: "Bir zamanlar mən hələ aktyor kimi tanınmadığım illərdə köhnə teatrımızın qarşısında dayananda yoldan ötüb keçənlərin binaya baxaraq "Zəfərin teatrı", "Yusifin teatrı", "Firəngizin teatrı" dediklərini xatırlayıram. Onlar öz dövrlərində bizim teatrın simaları idilər. Siz də elə aktyor olun ki, bu gün teatrın qarşısından yolu düşənlər sizin adınızı teatrın adı ilə qoşa çəksinlər".
Gülcahan Mirməmməd
Mədəniyyət.- 2017.- 14 iyul.-
S.6.