“Mədəni irs: ictimaiyyət və rəqəmsal dövrə keçid

 

 

 

   Ölkəmiz Estoniyada beynəlxalq konfransda təmsil olunub

  

   İyulun 11-dən 13-dək Estoniyanın Tartu şəhərində Avropa Komissiyası və Estoniya Muzeyinin moderatorluğu və “Avropa İrs Günləri”nin birgə əməkdaşlığı ilə “Mədəni irs: ictimaiyyət və rəqəmsal dövrə keçid” adlı beynəlxalq konfrans keçirilib.  

   Konfransın Estoniya Milli Muzeyində baş tutan açılış mərasimində bu ölkənin mədəniyyət naziri İndrek Saar texnologiyanın həyatımızda mühüm əhəmiyyət kəsb etdiyini bildirərək mədəniyyət sahəsində müasir texnologiya və rəqəmsal daşıyıcılardan yararlanmağın vacibliyini vurğulayıb.

   Avropa Komissiyasının təhsil və mədəniyyət üzrə baş direktor müavini Cens Numand Kristensen çıxışında qeyd edib ki, mədəniyyət yalnız kiçik elit qruplarla məhdudlaşdırılmamalı, ümumi ictimaiyyət üçün açıq olmalıdır. Bildirib ki, müəllif hüquqları pozulmadan hər bir yaradıcı şəxs öz əsərini elektronlaşdırmalı və böyük kütlə üçün əlçatan etməlidir.

   Tədbirdə iştirak edən Azərbaycan Milli İncəsənət Muzeyinin direktor müavini Qəmər Məlikova müharibədə itirilən rəqəmsallaşdırılmamış mədəni irsin gələcək nəsillərə necə çatdırılması ilə bağlı konfrans nümayəndələrinə sual ünvanlayıb. Milan Universitetinin professoru Pyer Sakko bu məsələnin fundamental olduğunu və birmənalı cavablandırılmasının mümkünsüzlüyünü qeyd edərək, sənət abidəsinin müasirlər tərəfindən, fizikiolmasa, maketini bərpa edib gələcək nəsillərə ötürülməsini təklif edib. Abidələr və Tarixi Yerlər üzrə Beynəlxalq Şurasının (İCOMOS) baş katibi Benedikt Selfslaq əlavə olaraq bildirib ki, bu məsələdə cəmiyyətin və ekspertlərin üzərinə böyük məsuliyyət düşür. Müharibə və dövlətlərarası münaqişələrə baxmayaraq, millətlər mədəni irsin qorunub saxlanılmasında və gələcək nəsillərə ötürülməsində bir-birinə dəstək olmalıdır.

   Konfransda həmçinin, muzeylərə, kitabxana və arxivlərə tamaşaçı marağının azalması mövzusunda müzakirə aparılıb. Müasir metodlardan istifadə etməklə əyləncəli formatda tədbirlər və layihələr hazırlayaraq izləyicilərin diqqətini qazanmağın zəruriliyi vurğulanıb. Digər önəmli problem isə maliyyə məsələsinin həllidir. İstənilən müəssisənin daimi gəlir yerinə ehtiyacı var, təhsil və mədəniyyət ocaqlarına qrantlar ayrılsa da, müvəqqəti olduğundan uzunmüddətli gəlir yerinin tapılması önəmlidir. Bu problem və həmçinin tamaşaçıların mədəniyyət müəssisələrinə cəlb olunmasında innovativ fikirlər və layihələrin rolu müzakirə olunub.

   Konfransın 12-13 iyul tarixində keçirilən sessiyaları “Yerli mədəni irsin inkişafı”, “Rəqəmsal dövrdə ictimaiyyətin inkişafı”, “Mədəni irs sosial birlikiqtisadi inkişafı sürətləndirən vasitə kimi” və “Rəqəmsal irsin və müəllif hüquqlarının müzakirəsi” məsələlərinə həsr olunub.

 

Mədəniyyət.- 2017.- 14 iyul.- S.3.