“Azərbaycanda şeir və sənət görüşləri”

 

 

   Gəncədəki Məhsəti Gəncəvi Mərkəzində Türkiyədə fəaliyyət göstərən Avrasiya Sənət, Mədəniyyət, Ədəbiyyat və Elm Federasiyasının bir qrup üzvünün yerli yazar və ədəbiyyatsevərlərlə görüşü keçirilib.

   “Azərbaycanda şeir və sənət görüşləri” adlı tədbirin iştirakçılarını salamlayan AYB-nin Gəncə bölməsinin sədri Xəzəngül Hüseynova turançılıq ideyalarının yayılması, türkdilli xalqlar arasında əlaqələrin genişlənməsi, qardaş xalqların ədəbiyyatının təbliğində Avrasiya Sənət, Mədəniyyət, Ədəbiyyat və Elm Federasiyasının xidmətlərindən danışıb. Federasiyanın rəhbəri Savaş Ünal AYB Gəncə bölməsi tərəfindən təltif olunub.

   Tədbirdə çıxış edən Savaş Ünal deyib ki, təşkilat dünyanın müxtəlif ölkələrində yaşayan türklərlə görüşmək, mədəniyyət və sənəti inkişaf etdirmək, birgə tədbirlər keçirmək üçün bir sıra addımlar atır. Qeyd edib ki, ölkəmizə növbəti səfərə Türkiyənin şəhərlərindən, Kərkük və Qazaxıstan türklərindən olmaqla, 50 nəfərlik heyətlə gəliblər.

   Azərbaycan Yazıçılar Birliyinin şöbə müdiri Sayman Aruz vurğulayıb ki, türk dünyasında mədəni əlaqələrin inkişafı baxımından bu tədbirin çox böyük əhəmiyyəti var. Antalyadan başlanan, Rizə, Batumi, Tbilisi və Gəncədə keçirilən tədbir türk dünyası ədəbi-mədəni əlaqələrinin inkişafına xidmət edir.

   Qeyd edilib ki, paytaxt Bakıda yekunlaşacaq tədbir çərçivəsində sərgi də təşkil olunacaq.

 

Mədəniyyət.- 2017.- 14 iyul.- S.3.