Azərbaycan və Rumıniya
milli kitabxanaları arasında memorandum imzalanacaq
İyulun 13-də Rumıniyanın Azərbaycandakı səfiri
Dan Yanku (Dan Iancu) və səfirliyin diplomatik müşaviri Mihaela Yanku Azərbaycan
Milli Kitabxanasında olublar.
Milli Kitabxananın direktoru
Kərim Tahirov qonaqlarla görüşdə
iki ölkə arasında mədəni əlaqələrdən bəhs
edib, sentyabr ayında Bakıda keçiriləcək V Beynəlxalq
Kitab Sərgi-Yarmarkasında
Rumıniyanın da iştirak etməsini alqışladığını deyib. Direktor tədbir çərçivəsində
Azərbaycan Milli Kitabxanası ilə Rumıniya Milli Kitabxanası arasında imzalanması planlaşdırılan
anlaşma memorandumunun
əlaqələrin möhkəmlənməsinə
xidmət edəcəyini
vurğulayıb.
Səfir sərgi-yarmarkaya Rumıniya Milli Kitabxanasının baş
direktorunun rəhbərliyi
ilə nümayəndə
heyətinin qatılacağını
diqqətə çatdırıb.
Bildirib ki, kitabxananın əməkdaşı
sərgi-yarmarka çərçivəsində
təşkil olunacaq “Kitabxanalar üçün
yeni çağırışlar,
yeni ideyalar, yeni tələblər: kitab, mütaliə, innovasiyalar” adlı beynəlxalq elmi-praktik konfransda məruzə ilə çıxış
edəcək.
Direktor Kərim Tahirov
bu xüsusda qonaqları maraqlandıran
sualları cavablandırıb.
O, həmçinin Rumıniya
Milli Kitabxanasında Azərbaycana dair bir sıra qiymətli
əlyazmaların olduğunu,
lakin mütəxəssis
olmaması səbəbindən
onların araşdırılmadığını
qeyd edib. O, gələcəkdə Rumıniyaya
bu məsələ ilə bağlı mütəxəssisin göndərilə
biləcəyini, həmin
əlyazmaların araşdırılmasının
hər iki kitabxana üçün böyük əhəmiyyət
kəsb etdiyini bildirib.
Görüşün
sonunda qonaqlara kitablar hədiyyə edilib.
Səfir də rumın dilində kitabları Milli
Kitabxanaya hədiyyə edib.
Mədəniyyət.- 2017.- 14 iyul.-
S.4.