Musiqili Teatr 107-ci mövsümü premyera
ilə yekunlaşdıracaq
Aktyorlardan kimi istirahət
edəcək, kimi də yeni
mövsümədək kinoya çəkiləcək
Azərbaycan Dövlət Musiqili Teatrı 107-ci teatr mövsümünü bu həftəsonu premyera ilə başa vuracaq. 14-15 iyul tarixində tamaşaçılara özbək yazıçısı İbrahim Sadıqovun “Molla Nəsrəddinin beş arvadı” ikihissəli komediyası təqdim olunacaq.
Yeni səhnə əsərində ilk baxışdan sadə süjet xətti görünsə də, bu sadəliyin altında çox dərin mətləblərin gizləndiyi üzə çıxmağa başlayır. Kamillik, müdriklik simvolu olan Molla Nəsrəddinin arvadları ilə macəraları, tərəflərin bir-birinə qarşı qurduğu oyunlar, hiylələr gülməli olduğu qədər də düşündürücüdür.
Rolları əməkdar artistlər Əzizağa Əzizov, Nahidə Orucova, Əkbər Əlizadə, aktyorlar Gülcahan Salamova, Məhərrəm Qurbanov, Rəsmiyyə Nurməmmədova, Möylə Mirzəliyev, Gülnarə Abdullayeva və başqaları ifa edirlər.
Tamaşanın quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Əsgər Əsgərov, quruluşçu rəssamı Nabat Səmədova, quruluşçu baletmeysterləri Əməkdar artist Zakir Ağayev və Yelena Ağayeva, rejissor assistenti Tamilla Aslanovadır.
Əsəri Azərbaycan dilinə Dilsuz Mustafayev tərcümə edib.
* * *
Musiqili Teatrda mövsüm başa çatsa da, aktyorların yaradıcılıq işləri davam edir.
Teatrın daha bir aktyoru İranda filmə çəkilmək üçün dəvət edilib. Aktyor Elxan İsmayılov “Günəşfilm” studiyasında çəkilişlərinə start verilən bədii filmdə əsas rollardan birini canlandıracaq. Şərti adı “Sərhəd” olan (“Arpa çayı - ayrılıq nəğməsi”) tammetrajlı bədii filmin quruluşçu rejissoru və ssenari müəllifi Əli Abdalidir.
Qeyd
edək ki, filmdə daha
bir baş rolu - Aydın obrazını Azərbaycan
Dövlət Musiqili Teatrının gənc
aktyoru, “Baladadaşın toy
hamamı” komediyasından baş rolun ifaçısı kimi
yaxşı tanınan Əmrah Dadaşov oynayacaq.
Mədəniyyət.- 2017.- 14 iyul.-
S.6.