Kolumbiya V Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasında təmsil olunacaq

 

 

 

   Mədəniyyət və Turizm Nazirliyində kolumbiyalı diplomatla görüş keçirilib

  

   2017-ci ilin 28-30 sentyabr tarixində keçiriləcək V Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasına hazırlıq işləri davam etməkdədir. Sərgi-yarmarkaya müxtəlif ölkələrdən nümayəndə heyətləri, naşirlər, yazarlar qatılacaq.

   İyulun 18-də mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyevin Kolumbiyanın Azərbaycandakı müvəqqəti işlər vəkili Marta Qalindo Penya ilə görüşündə də bu barədə söhbət aparılıb.

   Görüş zamanı iki ölkənin zəngin mədəniyyətindən bəhs olunub, mədəni əlaqələrin vəziyyəti müzakirə edilib.

   Qəbula görə təşəkkür edən xanım M.Q.Penya sentyabr ayında keçiriləcək V Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasında Kolumbiya səfirliyinin də iştirak edəcəyini bildirib. O, həmçinin sərgi çərçivəsində kolumbiyalı professor, Qabriel Qarsia Markes yaradıcılığının tədqiqatçısı Konrada Zuluaga ilə ictimaiyyətin, ədəbiyyatsevərlərin görüşünün təşkilinin mümkünlüyünü diqqətə çatdırıb.

   V Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasına göstərilən diqqətə görə diplomata minnətdarlığını bildirən Vaqif Əliyev bu cür tədbirlərin, görüşlərin xalqlarımız arasında mədəni əlaqələrin inkişafına böyük töhfə verəcəyini qeyd edib.

   Görüşdə mədəniyyət və turizm sahəsində maraq doğuran bir sıra digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

 

Mədəniyyət.- 2017.- 19 iyul.- S.4.