Mətbuat Şurasında özbəkistanlı yazar və jurnalistlərlə görüş

 

 

   Özbəkistanın yazar və jurnalistlərindən ibarət nümayəndə heyəti ölkəmizə səfərə gəlib. Səfər Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü və Beynəlxalq Avrasiya Mətbuat Fondunun təşkilati dəstəyi ilə gerçəkləşib.

   İyulun 17-də özbəkistanlı yazar və jurnalistlər Azərbaycan Mətbuat Şurasında olublar.

   Şuranın sədri, Milli Məclisin deputatı Əflatun Amaşov qonaqlara rəhbərlik etdiyi qurumun fəaliyyət istiqamətləri barədə geniş məlumat verib. O, Azərbaycanda KİV-ə sistemli dövlət dəstəyindən söz açaraq, eyni zamanda medianın iqtisadi bazasının möhkəmləndirilməsinə ehtiyacın duyulduğunu, bu istiqamətdə beynəlxalq təcrübənin nəzərdən keçirildiyini və tətbiqi imkanlarının araşdırıldığını vurğulayıb.

   Ə.Amaşov həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və torpaqlarımızın işğalı faktına da diqqət yetirib. “Mən istərdim ki, Özbəkistan jurnalistləri, ölkənizin ziyalıları bu məsələyə həssas yanaşasınız, münaqişə ilə bağlı həqiqətləri təbliğ edəsiniz. Hesab edirəm ki, bu, dost özbək xalqının dəstəyi olar, həm də biz jurnalistlər arasında həmrəyliyi möhkəmləndirər”, - deyə o vurğulayıb.

   Qeyd edək ki, Özbəkistanın yazar və jurnalistlərinin səfərinin təşkilində məqsəd media vasitəsilə bu ölkənin ictimaiyyətini Azərbaycan və onun regionları, ictimai həyatı, mədəniyyəti, turizmi, Dağlıq Qarabağ münaqişəsi, Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti barədə daha geniş məlumatlandırmaq, iki ölkənin mətbuatı arasında birbaşa əlaqələrin yaradılmasına dəstək olmaqdır. Səfər iyulun 24-dək davam edəcək.  

 

 

Mədəniyyət.- 2017.- 19 iyul.- S.4.