Müharibə və münaqişələrin qurbanı olan məsumlar

 

 

   Söz” ədəbi layihəsi çərçivəsində “Zəhra” adlı tədbir keçirildi

  

   İyulun 14-də Beynəlxalq Muğam Mərkəzində müharibə və münaqişələr zamanı xəsarət almış və həlak olmuş günahsız uşaqların xatirəsinə həsr olunan “Zəhra” adlı tədbir keçirildi.  

   Tədbir Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə “Söz” ədəbi layihəsi çərçivəsində Cabir Novruz Fondu, Beynəlxalq Muğam Mərkəzi, “ASAN Radio” və Prezident yanında Gənclər Fondu tərəfindən təşkil olunmuşdu.

   Əvvəlcə Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində həlak olmuş uşaqların xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

   Söz” layihəsinin rəhbəri, şairə Nigar Həsənzadə tədbirə qatılanlara təşəkkürünü bildirdi. Qeyd olundu ki, gecədə paytaxt sakinləri və ədəbi mühitin təmsilçilər ilə yanaşı, ölkəmizdə fəaliyyət göstərən diplomatik korpusun nümayəndələri də iştirak edir.

   Tədbir Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın iyulun 4-də Füzuli rayonunun Alxanlı kəndində işğalçı erməni qüvvələrinin qətlə yetirdiyi ikiyaşlı Zəhra Quliyevaya həsr etdiyi şeirinin məktəbli Fidan Hüseynova tərəfindən səsləndirilməsi ilə başladı. Sonra müğənni Elnur HüseynovAllaha şükür et” mahnısını ifa etdi.

   “ASAN Radionun direktoru Emin Musəvi və “Söz” layihəsinin rəhbəri Nigar Həsənzadə çıxış edərək münaqişələr zamanı uşaqların xəsarət almasını və öldürülməsini ən ağır hərbi cinayət adlandırdılar. Qeyd olundu ki, işğalçı Ermənistanın silahlı qüvvələri dəfələrlə atəşkəs rejimini pozaraq Azərbaycanın dinc əhalisini hədəfə alır, azyaşlı uşaqları qətlə yetirir. Füzuli rayonunun Alxanlı kəndinin artilleriya atəşinə tutulması nəticəsində 2 yaşlı Zəhranın öldürülməsi bu qanlı cinayətlərə daha bir faktdır. İşğalçı ordunun insanlığa sığmayan bu hərəkəti beynəlxalq ictimaiyyət tərəfindən qınanmalıdır.

   Bildirildi ki, Qarabağ münaqişəsi başlanandan yüzlərlə uşaq həyatını itirib. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə ermənilər tərəfindən Xocalıda törədilən soyqırımı nəticəsində şəhərin 613 dinc sakini qətlə yetirilib. Onlardan 63-ü uşaq idi. 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Düşmən gülləsindən yaralanan 487 nəfərdən 76-sı uşaq olub.

   Anım gecəsində müğənni və şairlərdən Nigar Camal, Elnur Hüseynov, Sevda Ələkbərzadə, Tünzalə Ağayeva, Xəyal Rza, Şəhriyar Del Gerani, Mehman Rəsulov, Solmaz Süleymanlı, Leyli Salayevanın çıxışları dinlənildi. Şairlər müharibə mövzusundabalaca Zəhraya həsr etdikləri şeirlərini səsləndirdilər.

   “ASAN Radioda canlı yayımlanan tədbir münaqişələr zamanı həlak olan uşaqların xatirəsinə həsr olunmuş ədəbi-bədii kompozisiya ilə davam etdi.

  

   L.Azəri

 

Mədəniyyət.- 2017.- 19 iyul.- S.5.