Lənkəranda 126-cı teatr mövsümü sona çatıb

 

 

   İyulun 15-də Lənkəran Dövlət Dram Teatrı 126-cı mövsümünə yekun vurub. Bu münasibətlə keçirilən mərasimdə teatrın direktoru Tofiq Heydərov, baş rejissor Tural Mustafayev, Xalq artisti Qabil Quliyev çıxış edərək yaradıcı kollektivin mövsümdə qazandığı uğurlar və qarşıda duran vəzifələrdən söz açıblar.

   Mövsümdə əldə etdikləri nailiyyətlərinə görə teatrın ədəbi-dram hissəsinin rəhbəri Ağaddin Babayev, Xalq artisti Qabil Quliyev, Əməkdar artist Sucəddin Mirzəyev və aktyor Sayad Əliyev rəhbərlik tərəfindən fəxri fərmanla təltif olunub.

   Rəsmi hissədən sonra yazıçı Hafiz Mirzənin Ay lolo və ya moskvalı gəlin” komediyası tamaşaçılara təqdim olunub. Səhnə əsərinin quruluşçu rəssamı Məzaim Qurbanov, musiqi tərtibatçısı Fərahim Fərəcovdur.

   Rolları əməkdar artistlər Sucəddin Mirzəyev və Adil Zeynalov, aktyorlardan Qızılgül Quliyeva, Sayad Əliyev, Allahverən Babayev, Şəbnəm Hüseynova, Ülkər Quliyeva, Nizami Qurbanov və digərləri ifa ediblər.

 

Mədəniyyət.- 2017.- 19 iyul.- S.6.