Hər bölgənin öz dolması, hər növün öz ləzzəti

 

 

   Xaçmazda keçirilən beynəlxalq festivalda 350 növ dolma sərgilənib

  

   İyulun 15-də Xaçmazda Mədəniyyət və Turizm Nazirliyi, rayon İcra Hakimiyyəti, Milli Kulinariya Mərkəzi və Azərbaycan Milli Kulinariya Assosiasiyasının birgə təşkilatçılığı ilə II Beynəlxalq dolma festivalı keçirilib.

   Festivalda Azərbaycanın 50-yə yaxın rayon və şəhəri, eləcə də 12 xarici ölkə təmsil olunub. Bölgələrimizdə, eləcə də dünyanın bir sıra ölkələrində müxtəlif çeşiddə bişirilən 350 növ dolma sərgilənib.

   Tədbirin qonaqları Xaçmaz şəhərinin şimal girişində yerləşən “Çənlibel” istirahət parkında qarşılanıblar. II Beynəlxalq dolma festivalının qonaqları arasında Azərbaycanda fəaliyyət göstərən diplomatik korpusun nümayəndələri, onların ailə üzvləri, Milli Məclisin deputatları, rəsmilər, ictimai xadimlər yer alıb.

   İştirakçılar əvvəlcə Nəriman Nərimanov küçəsindən Heydər Əliyev Mərkəzinin qarşısınadək yürüş ediblər. Burada müasir Azərbaycan dövlətinin qurucusu, ümummilli lider Heydər Əliyevin abidəsi önünə əklil qoyulub, xatirəsi ehtiramla anılıb.

   Sonra “Çənlibel” istirahət parkında festivalın rəsmi açılış mərasimi keçirilib.

   Rayon İcra Hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayev qonaqları salamlayaraq festivalın əhəmiyyətindən danışıb. Bildirilib ki, gündən-günə inkişaf edən ölkəmizdə beynəlxalq tədbirlərin keçirilməsi ənənəvi hal alıb. Respublikamızın bölgələrinin çiçəklənməsi, abadlaşması imkan verir ki, belə mötəbər tədbirlər rayonlarda da təşkil olunsun. II Beynəlxalq dolma festivalının Xaçmazda yüksək səviyyədə keçirilməsi də buna sübutdur.

   Mədəniyyət və Turizm Nazirliyi Mədəniyyət müəssisələri və xalq yaradıcılığı şöbəsinin müdiri Fikrət Babayev Azərbaycanın zəngin mətbəxə malik olduğunu bildirərək, festivalın ölkəmizin müxtəlif bölgələrində dolma növlərinin aşkara çıxarılmasına, yerli və beynəlxalq ictimaiyyətə təqdim olunmasına xidmət etdiyini diqqətə çatdırıb.

   Azərbaycan Milli Kulinariya Mərkəzinin rəhbəri Tahir Əmiraslanov qeyd edib ki, ötən festivalda 300-ə yaxın dolma növü sərgilənirdisə, bu dəfə nümayiş etdirilən dolma növlərinin sayı 350-yə çatıb. Bildirilib ki, milli kulinariyamız özündə xalqımızın tarixi inanclarının bir çox sirlərini ehtiva edir. Onların tədqiqi kulinariya tariximizin öyrənilməsi və mətbəx mədəniyyətimizin qorunması baxımından əhəmiyyətlidir.

   Tahir Əmiraslanov diqqətə çatdırıb ki, tarixi torpaqlarımıza göz dikən ermənilər milli mətbəx nümunələrimizə də əl uzatmaqdan çəkinmir, bir sıra dadlı təamlarımızı özününküləşdirməyə cəhd edirlər. Buna görə də düşmənlə təkcə səngərdə yox, bütün cəbhələrdə, o cümlədən kulinariya sahəsində də mübarizə aparmaq lazımdır. Belə festivallar da milli mətbəximizə sahib çıxmağımıza kömək edir.

   Açılış mərasimindən sonra festivalda sərgilənən dolma növlərinə baxış keçirilib. Qonaqlar təqdim olunan dolma növləri haqqında ətraflı məlumat alaraq, ləziz təamın dadına baxıblar.

   Beynəlxalq festivalda İndoneziya, Özbəkistan, Çin, Cənubi Koreya, Türkiyə, Ukrayna, Meksikabaşqa ölkələrdən gəlmiş qonaqlar iştirak edib, milli mətbəxlərinin yeməklərini sərgiləyiblər.

   Festival çərçivəsində xalq yaradıcılığı nümunələrinin sərgisi və konsert proqramı təşkil olunub.

   Sonda festivalın qalibləri müxtəlif nominasiyalar üzrə mükafatlandırılıblar.

 

Mədəniyyət.- 2017.- 19 iyul.- S.7.