“Günlərdən şeir” layihəsinin növbəti tədbiri

 

 

   İyulun 14-də Azərbaycan Milli Kitabxanasının nəzdində fəaliyyət göstərən “Açıq kitabxanada “Günlərdən şeir” layihəsinin növbəti tədbiri reallaşıb. Layihə Mədəniyyət və Turizm Nazirliyi, İLESAM təşkilatı (Türkiyə), Milli Kitabxana və Azərbaycan Yazıçılar Birliyinin (AYB) Müşfiq komissiyasının birgə təşkilatçılığı ilə həyat keçirilir.

   Kitabxanadan bildirilib ki, tədbirin qonağı Rusiyada yaşayan şair soydaşımız Nəsib Nəbioğlu olub.

   Əvvəlcə Milli Kitabxananın direktoru, professor Kərim Tahirov çıxış edərək layihə haqqında qısa məlumat verib.

   Sonra söz 37 ildir Moskvada yaşayan kəlbəcərli şair Nəsib Nəbioğluna verilib. Şair əsərlərindən nümunələr - “Nənəmin cəhrəsi”, “Qəlbimin şəhəri”, “Qonşu qız”, “Bir əlim tanrının ətəyindədir”, “Balaca çoban” və “Azərbaycan əsgərinə” şeirlərini oxuyub.

   “Ədəbiyyat” qəzetinin baş redaktor müavini, şair Adil Cəmil isə Nəsib Nəbioğlunun yaradıcılığından, şeirə verilən dəyərdən, şair olmağın çətinliyindən danışıb, öz şeirlərini söyləyib.

   AYB-nin mətbuat katibi Xəyal Rza layihənin əhəmiyyətini vurğulayıb, “Qonaq dərdim” və Ermənistan silahlı qüvvələrinin Füzuli rayonunun Alxanlı kəndini atəşə tutması nəticəsində həyatını itirən ikiyaşlı Zəhraya həsr etdiyi şeirini səsləndirib.

   Ədəbiyyatşünas və folklorşünas alim, professor Qəzənfər Paşayev çıxış edərək Nəsib Nəbioğlunun yaradıcılığı haqqında fikirlərini bölüşüb.

   Xatırladaq ki, layihə çərçivəsində hər cümə günü şairlərlə görüş keçirilir.

 

Mədəniyyət.- 2017.- 19 iyul.- S.10.